Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI

  20.09.2018

Sentyabrın 19-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İnstitutun direktoru, t.ü.e.d., professor Maisə Rəhimova iclası açaraq bildirdi ki, Elmi Şura iclasının gündəliyində İnstitut nəzdində “Antropoloji mərkəz”in yaradılması və bu qurumun Əsasnaməsinin təsdiqi barədə məsələ durur.
İnstitutun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyibli Elmi Şura üzvlərini yaradılması nəzərdə tutulan Antropoloji mərkəzin Əsasnamə layihəsi ilə tanış etdi. Əsasnamə layihəsi üzrə müzakirələr aparıldı.
T.ü.f.d. Emil Kərimov çıxışında bildirdi ki, Əsasnamə layihəsində əsasən fiziki antropologiya sahəsinə aid müddəalar öz əksini tapmışdır. Digəl ki, müasir elmdə “antropologiya” anlayışı daha geniş məvhumdur və mədəni, sosial, etnoloji və d. 30-dan çox istiqamətləri də özündə ehtiva edir. E.Kərimov bildirdi ki, əgər yaradılması planlaşdırılan mərkəz əsasən qazıntılar nəticəsində aşkar edilən qədim insan qalıqlarının müxtəlif baxımdan tədqiqini əsas fəaliyyət istiqaməti kimi götürürsə, yaxşı olardı ki, mərkəz “Fiziki antropologiya mərkəzi” kimi adlandırılsın.
T.ü.e.d. Əsədulla Cəfərov bildirdi ki, hələ sovet dövründə müxtəlif elm sahələri üzrə mütəxəssislər arxeoloji araşdırmalar zamanı əldə edilmiş tapıntıların çeşidli analizlərini aparırdılar. Bu vacib sahə bərpa edilməlidir, çünki əcnəbi tədqiqatçılarla əməkdaşlığımızın əsas səbəblərindən biri antropoloji, palenoloji, paleoontoloji və d. növ analizləri apara biləcək mütəxəsislərimiz yoxdur.
Elmi Şura üzvü t.ü.f.d. Səfər Aşurov bildirdi ki, ilk növbədə biz “antropologiya” məvhumunun müasir Qərb və ya keçmiş SSRİ konyukturu üzrə kəsb etdiyi mənalardan birini seçməliyik. Bizlə əməkdaşlıq edən ABŞ, İngiltərə arxeoloqları ixtisas üzrə antropoloq kimi qeyd olunurlar. Digər bir məsələ isə, “mərkəz” termininə aiddir. Çünki “mərkəz” məvhumu adı ilə bəlli olan bir çox elmi-tədqiqat qurumları İnstitut kimi statusa malikdir. Burada terminoloji və status problemləri yarana bilər.
Elmi Şura üzvü t.ü.f.d. Zaur Həsənov çıxışında bildirdi ki, ABŞ və İngiltərədə antropologiya məvhumuna həm fiziki və həm də mədəni antropologiya sahələri daxildir. Əgər biz İnstitutun nəzdində Antropoloji mərkəzin yaradılmasından danışırıqsa, bu qurumun əsasnaməsində etnoqrafiya üzrə ixtisaslar da öz əksini tapmalıdır. Digər bir tərəfdən, əgər bu mərkəz etnoloji ixtisasları da əhatə edəcəksə, onda İnstitutun müvafiq şöbələrinin səlahiyyətləri və fəaliyyət istiqamətləri dəqiq çərçivələnməlidir.
Antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli mövzu üzrə bildirdi ki, bu təşəbbüs aktual və hətta bir qədər gecikmişdir. Məqalələrində dəfələrlə bu problemə toxunmuş a.ü.e.d. Ə.Məmmədli bildirdi ki, əsasnamədə əksini tapmış müddəalar fiziki antropologiyanın müəyyən sahələrini əhatə edir. Ona görə də, yaradılması planlaşdırılan mərkəzin ya adı dəqiqləşməli, ya da fəaliyyət istiqamətləri müasir elmdəki “antropologiya” məvhumunun bütün aspektlərini əhatə etməlidir.
Tarix üzrə elmlər doktoru Hidayət Cəfərov bildirdi ki, yixarıdan gələn bu təşəbbüs təqdirəlayiqdir, amma bu təşəbbüs bir qədər konkretləşməlidir, istər ad, istərsə də status baxımından. İşçi bir təklif irəli sürən H.Cəfərova görə, yeni yaradılacaq qurumun adı “Fiziki antropologiya şöbəsi” olması göstərilən Əsasnamə layihəsinə daha uyğun gəlir.
T.ü.f.d. Fərhad Quliyevə görə, AMEA-nın nümayəndə heyətinin Bolqarıstandakı səfəri zamanı akademik İsa Həbbibəyli ilə bu mövzu üzrə fikir mübadiləsi olmuşdu. F.Quliyev qeyd etdi ki, İnstitutda bu sahə üzrə diplomlu mütəxəssis hələki yoxdur. Digər tərəfdən, fiziki antropologiya mütəxəssisi tibb sahəsindən dəvət olunur və Türkiyədəki Hacettəpə Universiteti ilə tanışlıqda bu təcrübə müşahidə edilmişdir. O vurğuladı ki, Əsasnaməyə xüsusi əlavələrin edilməsinə ehtiyac vardır.
Akademik Teymur Bünyadov məsələ barədə fikrini bildirərərk göstərdi ki, əslində göstərilən sahələr üzrə tədqiqat mərkəzinin yaradılması təşəbbüsünə çoxdan ehtiyac var idi və bu təşəbbüs təqdirəlayiqdir. Akademik T.Bünyadov təklif etdi ki, Əsasnamə layihəsi əsas kimi qəbul edilsin, Elmi Şura üzvlərinin təklifləri də yazılı şəkildə layihəyə əlavə edilsin və layihə sənədi AMEA Rəyasət Heyətinə təqdim edilsin.
Professor M.Rəhimova bildirdi ki, gələcəkdə bu mərkəzə müxtəlif elm sahələri üzrə mütəxəssislər - geoloqlar, bioloqlar, tibb üzrə tədqiqatçılar və s. cəlb ediləcəyi planlaşdırılır. Əsasnamə layihəsinə toxunaraq M.Rəhimova təklif etdi ki, Elmi Şura komissiya yaratsın və komissiya Əsasnamə layihəsinə təkliflərini yazılı şəkildə təqdim etsin.
Təklif olundu ki, t.ü.e.d. Əsədulla Cəfərov, a.ü.e.d. Əliağa Məmmədli və t.ü.f.d. Fərhad Quliyevdən ibarət komissiya yaradılsın, komissiyanın ərsəyə gətirəcəyi təkliflər yaradılması nəzərdə tutulan “Antropoloji mərkəzin” Əsasnamə layihəsinə təkliflərini əlavə etsin. Şura üzvləri yekdilliklə təklifə səs verdilər.
Daha sonra Elmi Şura cari məsələlərin müzakirəsinə başladı. Cari məsələlər sırasında işə davamiyyət məsələsilə bağlı İnstitutun ümumi işlər üzrə direktor müavini Malik Əliyev çıxış etdi. M.Əliyev Elmi Şura üzvlərinin diqqətinə əməkdaşların işə davamiyyəti ilə bağlı məlumatları təqdim etdi və İnstitutun şöbə müdirlərindən xahiş etdi ki, şöbə əməkdaşlarının işə davamiyyət məsələsinə diqqətlərini artırsınlar.