Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



FRANSALI ALİM ŞABRAN RAYONUNDAKI ÇAQQALLIQTƏPƏ ABİDƏSİNDƏ QAZINTILARLA TANIŞ OLDU

  24.09.2018

Sentyabrın 23-də Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) emeritus-professoru, doktor Bertille Lyonnett AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun Çaqqallıqtəpə (Şabran rayonu) ilk tunc dövrü abidəsində apardığı tədqiqatlarla tanış olmuşdur. Ekspedisiyanın rəhbəri S.Aşurov abidədə aparılan tədqiqatlar və əldə olunmuş ilkin nəticələr barədə fransalı həmkarına geniş məlumat vermişdir. Həmçinin, S.Aşurov bildirmişdir ki, ətraf ərazilərdə kəşfiyyat xarakterli qazıntılar Kür-Araz arxeoloji mədəniyyətinə aid daha bir neçə ilk tunc dövrü qədim yaşayış məskəninin olması barədə ehtimalın irəli sürülməsinə əsas verir.
Qeyd edək ki, eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsinin tədqiqatları Azərbaycan Respublikası ərazisində Xəzər sahili istiqamətində ilk tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinin yayılma sərhədlərini bir qədər də genişləndirmiş və bununla da arxeologiyada bir sıra yeni baxışların formalaşmasına əsas yaratmışdır. Görüş zamanı abidənin tədqiqatları, əldə olunmuş materialların müxtəlif çeşidli analizləri və d. məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.
Daha sonra fransalı qonaq Şabran arxeoloji ekspedisiyasının orta əsr Şabran şəhəri ərazisində son tədqiqatların nəticələri ilə tanış olmuşdur. Fransalı alimi səfərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları: İnstitutun aparıcı elmi işçisi t.ü.f.d. Xəqani Alməmmədov, İnstitutun şöbə müdirləri t.ü.f.d. Fərhad Quliyev, t.ü.f.d. Bəxtiyar Cəlilov və Pərviz Qasımov müşayət etmişlər.