Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA MÜLKİ MÜDAFİƏ MƏŞQİ KEÇİRİLDİ

  28.09.2018

28 sentyabr 2018-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbər heyətinin iştirakı ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrin idarə edilməsinin təşkili” mövzusunda Mülki müdafiə məşqi keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, İnstitutun Fövqəladə hallar komissiyasının sədri, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli bildirdi ki, keçirilən məşqin əsas məqsədi fövqəladə hallar zamanı institutun rəhbər heyətinin fəaliyyətinin dəqiqləşdirilməsi, hər bir rəhbər əməkdaşın vəzifə borcunun yenidən nəzərdən keçirilməsi, İnstitutun 5 illik Mülki müdafiə planının öyrənilməsi və dəqiqləşdirilməsidir. Nəcəf Müseyibli mülki müdafiənin əhəmiyyəti, İnstitutun mülki müdafiə planı, ehtimal olunan fövqəladə hadisələr, idarəetmə və xəbərdarlığın təşkili barədə tədbir iştirakçılarına məlumat vermək üçün sözü İnstitutun Mülki müdafiə qərargahının rəisi Rafiq Mərdanova verdi.
Rafiq Mərdanov çıxışında mülki müdafiənin mahiyyəti barədə açıqlama verdi, təbii və antropogen səbəblərdən baş verən fəlakətlərdə, xüsusilə müharibələrdə mülki əhalinin xilasının profilaktikasının müasir zamanda aktual bir sahə olduğunu vurğuladı. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Mülki müdafiə qərargahının rəisi R.Mərdanov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydaları”nın ümumi müddəalarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. R.Mərdanov təbii və antropogen mənşəli fəlakət təhlükəsində fərdi təhlükəsizlik tədbirlərindən, İnstitutun Mülki müdafiə qərargahı rəhbərlərinin və manqa komandirlərinin qarşısında duran vəzifələrdən söz açdı, mövzu üzrə tədbir iştirakçılarının suallarını cavablandırdı.
Daha sonra tədbir iştirakçıları mövzu üzrə fikir mübadiləsi apardılar.