Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İMİŞLİ RAYONUNDA QƏDİM QALA AŞKARLANIB

  01.10.2018

Azərbaycan Milli Elmlər Akademiyasının İmişli Arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d Mikayil Mustafayevin dediklərinə əsasən, İmişli rayonu Qızılkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə ərazisində ilkin arxeoloji qazıntılar zamanı qala tipli istehkam tikilisinin qalıqları və orta əsrlərə aid bir çox maddi-mədəniyyət nümunələri aşkar edilib.
Qazıntılar nəticəsində Qızıltəpənin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu aydınlaşıb. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. 25 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək olur. Bu yerin bir özəlliyi də ondan ibarətdir ki, qala tamamilə su hövzəsi ilə əhatə olunub. Eyni zamanda müşahidələr zamanı perpendikulyar yerləşmiş qalanın təqribi konturları müəyyənləşib. Bundan başqa, araşdırma zamanı hündürlüyün ətrafında qala divarlarının qalıqlarına rast gəlinib.
Qalanın üst qatında aparılan qazıntı zamanı orta əsrlərə aid tarixi əşyalar üzə çıxıb. Həmçinin burada arxeoloqlar tərəfindən ilk dəfə rast gəlinən yaşı min ildən çox təndir, bununla bərabər, digər maddi mədəniyyət nümunələri aşkar edilib. Üzərində rəngli naxışlar olan, həmçinin əl ilə döymələr vurulan bir çox məişət əşyası üzə çıxıb. Qazıntının ilk mərhələsi bu yerin orta əsrlərə aid olduğunu göstərsə də, mütəxəssislər hesab edir ki, qazıntıların sistematik davam etdirilməsi daha qədim tarixə malik mədəni qatları aşkar edə bilər.
Hal-hazırda abidənin ilkin kartoqrafik qeydi və kvadrokopter çəkilişi aparılmaqdadır.