Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“AZƏRBAYCANDA AZIX MAĞARASI VƏ MİQRASİYA AXINLARI” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS İŞİNƏ BAŞLADI

  02.10.2018

Oktyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.
Beynəlxalq tədbir Azərbaycandakı erkən hominid Azıxantropun tapılmasının 50 illiyinə həsr olunmuş tədbirdə İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan paleolit dövrü üzrə iyirmiyədək tanınmış mütəxəssis iştirak edir.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Azərbaycan Respublikasının himninin səslənməsi ilə başlanan tədbirin plenar iclasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 1968-ci ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən Azıx mağarasından Azıxantropun alt çənə sümüyünün qalığının aşkarlanmasından 50 il keçir. Tədqiqatlar nəticəsində Azıxantropun 400 min il yaşı olduğu təsdiqlənib və elmi dövriyyəyə daxil edilən Quruçay mədəniyyəti elmdə özünün layiqli yerini tutub. Akademik Mingəçevir və Qəbələ rayonları ərazisindən son illər əldə edilmiş artefaktların Quruçay mədəniyyətinin yayılma arealının çox geniş olmasını təsdiqlədiyini və onun tədqiqinin müasir dövrdə də aktual olduğunu deyib. Alim onu da əlavə edib ki, son illər Qarabağda, xüsusən Azıx mağarasında ermənilərin qanunsuz “tədqiqatlar” aparması bir daha bu paleolit düşərgəsinin və oradan əldə edilmiş artefaktların elmi təhlilinin, geniş elmi ictimaiyyətə çatdırılmasının zəruri olduğunu göstərir.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, akademik Teymur Bünyadov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova bildiriblər ki, Azıx mağarasından tapılmış və Azıxantrop adlandırılan qədim insanın çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir.
Alimlər dünyanın bir sıra ölkələrindən tanınmış arxeoloqların konfransda iştirak etmələri baxımından tədbirin əhəmiyyətini vurğulayıblar. Diqqətə çatdırılıb ki, konfrans arxeologiyanın paleolit dövrü sahəsinin inkişafına öz töhfəsini verəcək.
Sonra Rusiya EA-nın müxbir-üzvü, REA-nın Sibir Şöbəsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Mixail Şunkov və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərovun müvafiq mövzu ilə bağlı məruzələri dinlənilib.
Plenar iclasdan sonra konfrans iştirakçıları AMEA konfrans zalının foyesində və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Fondunda təşkil olunmuş Azərbaycanın paleolit düşərgələrindən tapılmış daş alətlərin və paleoosteoloji qalıqların nümayiş olunduğu sərgi ilə tanış oldular.
Oktyabrın 2-dən 5-dək konfrans öz işini Qəbələ şəhərində davam etdirəcəkdir. Konfrans müddəti ərzində iştirakçıların Azərbaycandakı Azıx mağarasında erkən hominid azıxantropun tapılmasının elmi əhəmiyyəti, paleolit dövründə Afrika və Avrasiyada qədim insanların miqrasiya prosesləri, müasir texnologiyaların tətbiqi ilə aparılan tədqiqatların yeni nəticələri və d. aidiyyatı mövzular üzrə elmi çıxışları, plenar iclaslarda çıxışlar ətrafında müzakirələri olacaqdır. Həmçinin, konfrans iştirakçıları Qəbələ rayonu ərazisində aparılan arxeoloji tədqiqatlarla tanış olacaq, Mingəçevir rayonu ərazisindəki Qaraca paleolit düşərgəsini ziyarət edəcəklər.
Qeyd edək ki, Beynəlxalq elmi konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.