Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



TOVUZ RAYONUNDA AŞKAR EDİLMİŞ QAZIQULU ABİDƏLƏRİNİN TƏDQİQATLARINA HƏSR EDİLMİŞ ƏSƏR NƏŞR EDİLİB

  31.01.2018 Something0

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları — tarix üzrə fəlsəfə doktorları Şamil Nəcəfovun, Anar Ağalarzadənin və Vaqif Əsədovun müəllifləri olduğu “Qazıqulu abidələri” adlı əsər nəşr edilmişdir. Kitab Tovuzçay su anbarının tikintisi ilə əlaqədar olaraq Tovuz rayonunun Qazıqulu kəndində 2007-2009-cu illərdə aparılmış arxeoloji-epiqrafik tədqiqatların nəticələrinə həsr olunmuşdur.
Arxeoloji kəşfiyyat işlərinin nəticəsi olaraq ümumi sahəsi 160 ha-dan çox olan subasar ərazidə kəşfiyyat qrupu tərəfindən arxeoloji və epiqrafik abidələr tapılaraq qeydiyyata alınmışdır. Qeydə alınmış abidələr son tunc—ilk dəmir dövrünə aid (e.ə. II minilliyin sonu - e.ə. I minilliyin əvvəli) nekropol, son orta əsrlərə aid (XVII-XVIII əsrlər) yaşayış yerləri və XVIII əsrin sonu — XX əsrin 20-30-cu illərini əhatə edən Qazıqulu müsəlman qəbiristanlığından ibarət olmuşdur. Nekropolda və orta əsr yaşayış yerlərində əsaslı arxeoloji qazıntı işləri aparılmış, xeyli maddi nümunələr əldə edilmiş, dəfn adətləri öyrənilmiş, müsəlman qəbiristanlığı isə ayrılmış müvafiq sahəyə köçürülmüşdür.
Kitab Azərbaycan xalqının maddi irsini son tunc - ilk dəmir dövrü və son orta əsrlərə aid maddi mədəniyyət nümunələri ilə zənginləşdirmiş arxeoloji tədqiqatların nailiyyətlərini əks etdirir. Əsərdə göstərilən dövrlərə aid abidə və artefaktların foto və qrafik təsvirləri, tədqiqat obyektlərinin planları əks olunan tablolar yer almışdır. Əsas mətni Azərbaycan dilində olan əsərdə ingilis və rus dillərində geniş xülasələr də verilmişdir.
Kitab mütəxəssislər, həmçinin, Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.