Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



BEYNƏLXALQ ELMİ KONFRANSIN İŞTİRAKÇILARI QƏDİM QƏBƏLƏNİN SƏLBİR ƏRAZİSİNDƏKİ ARXEOLOJİ ABİDƏLƏRLƏ TANIŞ OLDULAR

  04.10.2018

Oktyabrın 3-də işini davam etdirən Azərbaycanda erkən hominid Azıxantropun tapılmasının 50 illiyinə həsr olunmuş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda Beynəlxalq elmi konfransın növbəti iclasında Azərbaycan alimləri ilə yanaşı İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan olan mütəxəssislər elmi məruzələrlə çıxış etdilər. Qəbələ Arxeoloji Mərkəzində işini davam etdirən Beynəlxalq elmi konfransda əsasən Azıx mağarası, azıxantrop və Avrasiya paleolit dövrünün digər mövzuları barədə elmi məruzələrdən sonra alimlər arasında diskussiya aparıldı. Diskussiya ərzində texnoloji innovasiyaların istifadə edildiyi yeni tədqiqatlar işığında paleolit dövrünün, həmçinin, Azıx mağarasındakı paleolit təbəqələrinin xronologiyası, paleolit dövründə mümkün miqrasiya vektorları və d. mühüm elmi məsələlər üzrə məhsuldar fikir mübadiləsi aparıldı. Diskussiyanın sonunda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova söz alaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycanda arxeologiyanın inkişafına ayırdığı xüsusi diqqət və qayğı, son dövrlərdə Azərbaycan arxeoloqlarının əldə etdiyi elmi nailiyyətlər, İnstitutun dünyanın tanınmış elmi mərkəzləri ilə elmi əməkdaşlığı barədə geniş məlumat verdi. Professor Maisə Rəhimova çıxışının sonunda Beynəlxalq elmi konfransın bütün iştirakçılarına təşəkkürünü bildirdi.
Daha sonra Beynəlxalq elmi konfransın iştirakçıları qədim Qəbələnin Səlbir ərazisindəki arxeoloji abidələrlə tanış oldular. Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, "Qəbələ Antik və İlk orta əsrlər Arxeoloji Ekspedisiyası"nın rəisi Ceyhun Eminli konfrans iştirakçılarına Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin tarixi, qədim şəhərin yerləşdiyi ərazidə aparılan arxeoloji tədqiqatlar və əldə edilmiş nailiyyətlər barədə məlumat verdi.