Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



BEYNƏLXALQ ELMİ KONFRANS İŞTİRAKÇILARI QARACA PALEOLİT DÜŞƏRGƏSİNƏ ELMİ SƏFƏR ETDİLƏR

  05.10.2018

5 günlük tədbirin yekununda oktyabrın 4-də Azərbaycanda erkən hominid Azıxantropun aşkar edilməsinin 50 illiyinə həsr olunmuş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda Beynəlxalq elmi konfransın iştirakçıları elmi-təcrübi seminar çərçivəsində Mingəçevir şəhəri yaxınlığında yerləşən Qaraca paleolit düşərgəsinə arxeoloji səfər etdilər. Qaraca paleolit abidəsini ilk dəfə aşkar etmiş və orada tədqiqatlar aparmış AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, arxeoloq, t.ü.f.d. Azad Zeynalov, Rusiya EA-nın Dağıstan Elmi Mərkəzinin baş elmi işçisi, coğrafiya elmləri namizədi İdris İdrisov, Rusiya EA-nın Maddi Mədəniyyət Tarixi İnstitunun (REA MMTİ) paleolit şöbəsinin baş elmi işçisi, tarix elmləri namizədi Sergey Kulakov əldə edilmiş nəticələr haqqında geniş və ətraflı məlumat verdilər.
İştirakçılar abidədə milyon il əvvələ aid qədim insanlar tərəfindən hazırlanmış çoxsaylı daş alətlərə və daşlaşmış ağac qalıqlarına baxış keçirdilər. Elmi-təcrübi seminar çərçivəsində REA MMTİ-nin eksperimental laboratoriya şöbəsinin baş elmi elmi işçisi, tarix elmləri namizədi Yevgeni Girya qədim insanlar tərəfindən daş alətlərin hazılanma üsulunu nümayiş etdirən eksperiment keçirdi.
Elmi-təcrübi seminarından sonra iştirakçılara konfransın yekun qətnamə layihəsi oxundu.
Yekdilliklə qəbul olunmuş konfransın qətnaməsində konfrans nümayəndələri Qafqazın əsas erkən paleolit abidələrindən biri kimi Azıx mağara düşərgəsinin böyük elmi önəmini yekdilliklə qeyd etmiş, son illərdə Azərbaycanda aparılan arxeoloji tədqiqatların səviyyəsini yüksək dəyərləndirilmişdir.
Həmçinin konfransın qətnaməsində 2022-ci ildə Azərbaycanda paleolitşünaslığın banisi professor Məmmədəli Hüseynovun 100 illiyinə həsr olunmuş Beynəlxalq konfransın keçirilməsi təklifi də yer almışdır.
Daha sonra Qəbələ Arxeoloji mərkəzində konfrans iştirakçılarına AMEA Arxeologiya İnstitutu tərəfindən sertifikatlar təqdim olundu. Həmçinin, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən konfrans iştirakçılarına Qəbələdə aparılmış arxeoloji tədqiqatları əks etdirən nəşrlər və video-materiallar hədiyyə edildi.
Qeyd edək ki, oktyabrın 5-də işini yekunlaşdırmış Beynəlxalq elmi konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.

Q Ə T N A M Ə