Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



BRİTANİYALI TƏDQİQATÇI AZƏRBAYCANDA AŞKAR EDİLMİŞ DAŞ DÖVRÜ ALƏTLƏRİNİ TƏDQİQ EDİR

  09.10.2018

Böyük Britaniya Krallığının Lester Universitetinin tədqiqatçısı Rupert Börtvizl (Rupert J. Birtwistle) AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda daş dövrü alətlərinin müqayisəli analizi və texnoloji istehsal problemləri üzrə xüsusi elmi tədqiqatlar aparmaqdadır.
Qafqaz regionunda, xüsusilə də Azərbaycan Respublikası ərazisində 250-200 min il əvvəl, aşağı paleolitin son mərhələsindən (son Aşel dövrü) orta paleolitə (Müstye dövrü) keçid dövründə daş alətlər istehsalı texnologiyası inkişafı məsələsi Rupert Börtvizlin əsas tədqiqat obyektidir. Britaniyalı tədqiqatçı əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda saxlanılan Azıx mağarası (Xocavənd rayonu), Şişquzey, Qadirdərə və Qayalı (Qazax rayonu) qədim insan düşərgələrinin müvafiq təbəqələrindən tapılmış daş alətləri tədqiqatına cəlb etmişdir.
Britaniyalı alim bildirmişdir ki, tədqiqatın əsas hədəfi — qədim insanların, əsasən son Heydelberq insan növünün qədim paleolitdən orta paleolitə keçid dövründə davranışı barədə məlumat əldə etmək üçün, bu insan növünün texniki biliklərinin təkmilləşdirmə və nəsildən-nəsilə ötürülməsi proseslərinə aydınlıq gətirməkdir. Belə ki, indiyədək elmdə mövcud fikirə görə, Levellua tipli daş alət istehsalı texnologiyasının əmələ gəlməsini Aşel dövrünün bitməsi kimi dəyərləndirmişlər. Amma müəyyən tədqiqat nəticələri göstərir ki, Levellua tipli daş alətlərin hazırlanma texnologiyası elə Aşel dövründə müstəqil və paralel olaraq inkişaf edirdi.
“Unikal bir coğrafi məkan olaraq Azərbaycanda müvafiq tədqiqatlar ən qədim insanların miqrasiyası, Qafqazda və Yaxın Şərqdə yaşamış paleolit dövrü insan növləri arasında qarşılıqlı əlaqəni göstərmək imkanındadır” - deyə britaniyqalı arxeoloq bildirdi. Rupert Börtvizl ümid edir ki, onun tədqiqatları Azərbaycanda paleolit dövrünün arxeoloji potensialının dünyada tanıdılmasına və daha qədim düşərgə tipli məskənlərin aşkarlanmasına yardım edə bilər.
Britaniyalı tədqiqatçıya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları — tarix üzrə fəlsəfə doktorları Mənsur Mənsurov və Azad Zeynalov, həmçinin, İnstitutun elmi işçisi Yaqub Məmmədov müvafiq dəstəyi göstərməkdədirlər. Həmçinin, onun elmi tədqiqat işinin Azərbaycan tərəfindən baş məsləhətçisi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, arxeoloq, t.ü.f.d. Azad Zeynalovdur.
Britaniyalı alim 2018-ci il oktyabrın 1-dən 5-dək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində və qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərində keçirilmiş və Azərbaycanda erkən hominid Azıxantropun tapılmasının 50 illiyinə həsr olunmuş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda Beynəlxalq elmi konfransın iştirakçısı olmuşdur. Konfransda Rupert Börtvizl məruzə ilə çıxış edib.
Qeyd edək ki, Rupert Börtvizl elmi araşdırmalar aparan, İngiltərənin Linkoln, Birminhem, Kembric, Prinston və Sauthempton şəhərlərində ofislərə malik mötəbər müstəqil Allen Archaeology Ltd. mərkəzinin paleolit dövrü daş alətlər üzrə mütəxəssisi və məsləhətçisi, İngiltərə hökumətinin ölkə vətəndaşları tərəfindən aşkar edilmiş arxeoloji tapıntıların qiymətləndirilməsi üzrə dövlət proqramının (Portable Antiquities Scheme/PAS) daş dövrü üzrə ekspertidir.