Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ARXEOLOQLARIN BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞLARI MARAQLA QARŞILANIB

  12.10.2018

AMEA Arxeologiya və Etnoqrafiya institunun əməkdaşları – Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli və Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev 17-23 sentyabr 2018-ci il tarixlərində Qırğızstan Respublikası İssık-Göl əyalətinin Çolpon-Ata şəhəri yaxınlığında, Çok Tal qəsəbəsində keçirilən Beynəlxalq Konfransda iştirak etmişlər. “İssık-Göl əyalətinin arxeoloji irsinin öyrənilməsi və mühafizəsi mədəni landşaft konteksində” mövzusunda MDB ölkələri arxeoloqlarının Yay Məktəbi tədbirinin yekun konfransında Rusiya Federasiyası, Azərbaycan, Polşa, Ukrayna, Moldova, Belarus, Qazaxstan, Tacikistan və Qırğızstan respublikalarından 32 mütəxəssisin – arxeoloq, etnoqraf, muzeyşünas və b.-nın məruzələri dinlənilmişdir. İştirakçılardan 6-sı Elmi-tədqiqat İnstitutlarının direktoru, 10-u şöbə müdiri, 3 nəfər isə arxeoloji abidələrin 3D elektron modelləşdirilməsi üzrə mütəxəssislər idi.
Beynəlxalq tədbir MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Fondunun yardımı ilə “Çiqu” tədris-metodiki muzey kompleksi İctimai Fondu tərəfindən təşkil edilmişdi. “Çiqu” İssık-Göl cənubunda suya qərq olmuş əfsanəvi şəhərin adıdır.
Konfransda B.İbrahimli “Sak mədəniyyətinin izi ilə”, T.Əliyev “Mil düzünün landşaftı və arxeoloji abidələri” adlı məruzə ilə çıxış etmişlər. Azərbaycanlı alimlərin son illərdə apardıqları arxeoloji tədqiqatların nəticələrinə həsr olunmuş məruzləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Bəhlul İbrahimli öz çıxışında Azərbaycandakı e. ə. VII-VI əsrlərdəki sak (skif) çarlığının tarixindən, bu çarlığın antik dövrdə də öz müstəqilliyini (Strabona görə, Sakasena) qoruyub saxladığından, orta əsrlərdə də sakların bu ərazilərdə yaşamağa davam etdiklərindən (İbn-Xordadbehə görə, Askutiya) danışdı. Ən maraqlı məqam, Altaydakı 5 saylı Pazırık kurqanından tapılmış xalça toxunuşlu yəhər altının və Xaraba Gilandakı 2 saylı türbənin sərdabəsindən aşkar olunmuş xalça toxunuşlu örtüyün naxışlarının identik olduğu haqqında məlumat idi. Bu abidələr arasında 1700 illik bir zaman fərqi var idi. Məlum olur ki, Altaylar, Mərkəzi Asiya və Cənubi Qafqaz qeyd olunan xronoloji çərçivədə eyni etnomədəni areala daxil olmuşlar.
Təvəkkül Əliyev öz məruzəsində Qarabağın bir hissəsini təşkil edən Mil düzündə erkən əkinçilik mədəniyyətinin meydana gəlməsindən, burada Son Tunc dövründən köçmə yaylaq maldarlığının formalaşmasından, Antik dövrdə və Orta əsrlərdə mövcud olmuş şəhərlərdən bəhs etmiş, Mil düzü abidələrində - Kamiltəpə, Üçtəpə, Nərgiztəpə, Örənqala, Qaratəpə və Qalatəpədə aparılan tədqiqatıar haqqında konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Məruzə zamanı göstərilən çoxsaylı slaydlar konfrans iştirakçılarına Azərbaycandakı arxeoloji abidələr, aparılan qazıntı işləri ilə yaxından tanış olmaq imkanı yaratmışdır. T.Əliyev Mil-Qarabağ düzənliyində aparılan tədqiqatların nəticələrinə əsaslanaraq belə bir fikri nəzərə çatdırmışdır ki, son üç min ildə Qarabağın dağlıq və düzən hissəsində, Mil düzü də daxil olmaqla, vahid mədəni təsərrüfat kompleksi mövcud olmuşdur. O, eyni zamanda qeyd etmişdir ki, Mil düzü abidələrinin əksəriyyəti qədim çay yataqlarının kənarlarında, regionun ilk suvarma sistemlərindən olan Gavurarxın ətrafında cəmləşmişdir. Hazırda bu ərazidə təsərrüfat işlərinin genişləndirilməsi ilə əlaqədar şumlama işlərinin aparılması abidələrin bir çoxunu dağılmaq təhlükəsi qarşısında qoymuş, bu antropogen təsir nəticəsində Mil düzünün mədəni landşaftı dəyişib yeni görkəm almışdır.
Konfransın gedişi sesiyalar və çöl seminarları olaraq iki mərhələdə təşkil olunmuşdu. Çöl seminarları zamanı konfrans iştirakçıları İssık-Göl ətrafındakı müxtəlif tarixi abidələrlə, muzeylərlə yaxından tanış olur, abidələrin tədqiqi, konservasiyası və qorunmasına, abidə yerləşən ərazinin ümumi tarixinə və mədəniyyətinə həsr olunmuş mühazirələrə dinləyir, fikir mübadilələri aparırdılar. İssık-Göl sahilində – Çolpon-Ata şəhəri yaxınlığındakı qayaüstü rəsmləri ilə tanınan Saymalu Taş, Çon-Sarıoy qəsəbəsi ətrafında, İssık-Golün cənubundakı sualtı arxeoloji abidələr, Karakol şəhərinə yaxın dağətəyi düzənlikdə yerləşən kurqan tipli Sak qəbirləri, Əmir Teymurla bağlı əfsanənin dolaşdığı San-Taş kurqanları, Orta əsr şəhər və karvansaranın qalıqları, beynəlxalq köçəri oyunlarının keçirildiyi Kırçın vadisi, İssık-Gölün cənub sahilində - Barskoon dərəsindəki Tamğa-Taş abidələri, Tosor etnoqrafik muzeyi, Köçərilərin mədəniyyət mərkəzi və başqa abidələr, muzeylərlə tanışlıq konfrans iştirakçılarında xoş təəssürat oyatmışdı.
Xatırladaq ki, 2018-ci il sentyabr ayının əvvəllərində İssık-Göl sahilində bir sıra ölkə idmançılarının iştirakı ilə “Beynəlxalq Köçəri oyunları” adlı tədbir keçirilmiş, burada türkdilli ölkələrin prezidentləri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etmişdir. Konfrans iştirakçıları həmin oyunların keçirildiyi yerdə – Kırçın dərəsindəki vadidə, “Köçərilərin Ümumdünya Oyunları” etnoqafik şəhərciyində olmuşlar.
Saymalu Taş qoruq-muzeyində keçirilən çöl seminarının gedişində arxeoloji tapıntıların 3D modelləşdirilməsi sahəsində ekspert kimi tanınan Yuri Svoyskinin başçılıq etdiyi qrup qayaüstü rəsmlərdən ibarət abidələrdən birinin 3D formatında modelləşdirilməsini əyani şəkildə nümayiş etdirmişdir. Rusiya Elmlər Akademiyası Arxeologiya institutunun əməkdaşı Maksim Menşikovun çöl seminarı zamanı İssık-Göldə aparılan sualtı tədqiqatlar haqqında çıxışı da maraqla qarşılanmışdı. Qırğız-Rusiya Slavyan Universitetinin tarix və mədəniyyət kafedrasının müdiri, “Çiqu” Tədris-metodiki muzey kompleksinin direktoru L.Q. Stavskayanın “Köçərilərin Ümumdünya oyunları və mədəni landşaftın etnoqrafik konteksti” mövzusundakı məruzəsi də diqqəti cəlb etmişdir.
Konfransın sonunda ölkələrarası elmi əməkdaşlığın daha da dərinləşdirilməsi və davam etdirilməsi qərara alınmışdı.