Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİMİN ELMİ MƏQALƏSİ TANINMIŞ BEYNƏLXALQ TOPLUDA DƏRC EDİLİB

  16.10.2018

Beynəlxalq Peeters Leuven akademik nəşriyyat evi 2018-ci ildə Orientalia Lovaniensia Analecta (OLA) külliyyatına aid nəşr etdirdiyi “Context and Connection: Essays on the Archaeology of the Ancient Near East in Honour of Antonio Sagona” (“Kontekst və Əlaqə: Antonio Saqonanın xatirəsinə həsr edilmiş Qədim Yaxın Şərq arxeologiyası üzrə məqalələr”) elmi məqalələr toplusunda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Muğan neolit-eneolit arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə elmlər doktoru Tufan Axundovun ingilis dilində “Cənubi Qafqaz metal erasının astanasında” (The South Caucasus on the threshold of the metal age) məqaləsi yer almışdır. Topluda Yaxın Şərq və Qafqaz arxeologiyası üzrə Türkiyə, ABŞ, Rusiya, Fransa, Avstraliya, Almaniya, Gürcüstan və d. ölkələrin arxeoloqlarının məqalələri dərc edilib.
Tarix üzrə elmlər doktoru Tufan Axundovun məqaləsində göstərilir ki, yerli metallurgiyanın peyda olmasının dəqiq vaxtının müəyyən edilməsi və müvafiq olaraq regionun inkişafının mövcud dövrləşməsinin korrektəsi Qafqaz arxeologiyasının aktual problemlərindən biridir. Erkən metallurgiya barədə yeni informasiyanın ortaya çıxması müəyyən qədər bu məsələnin həllinə yardım edir. Leylatəpə mədəniyyəti çevrəsi obyektlərini özündə təcəssüm etdirən Alxantəpə (Cəlilabad rayonu) yaşayış yeri yeni bilgilərin əsas mənbəyidir. Alxantəpədə aparılmış arxeoloji tədqiqatlar sübut etdi ki, bu yaşayış yerinin qədim sakinləri öz dövrləri üçün metal istehsalı və emalı üzrə artıq tam biliklərə sahib idilər. Məqalədə inkişaf etmiş Qafqaz metallurgiyasının yaranmasına qədər dövrün tarixi təsviri verilir və erkən dövrün xronoloji təsnifatı barədə yeni fikirlər irəli sürülür.
Məqalədə xüsusi olaraq Leylatəpə mədəniyyəti çevrəsinə aid metal məmulatlarının təsviri verilmiş, xüsusi cədvəllərdə aparılmış laborator analizlərin nəticələri olaraq kimyəvi tərkibi və metal məmulatların hazırlanma texnologiyası barədə geniş şərhlər öz əksini tapmışdır. Bu bilgilərdən çıxış edərək tədqiqatçı tərəfindən təklif edilir ki, Leylatəpə mədəniyyəti ənənələrinin daşıyıcıları, o cümlədən, Alxantəpə yaşayış yerinin qədim sakinləri regionun ilk metallurqları olmuşlar və region artıq metallurgiya dövrünə qədəm qoymyşdu.
Qeyd edək ki, t.ü.e.d. T.Axundovun elmi məqaləsinin dərc edildiyi məqalə külliyyatı italiyan mənşəli Avstraliya arxeoloqu, professor Antonio Cuzeppe Saqonanın (Antonio Giuseppe Sagona) xatirəsinə ithaf olunub. Həyatını Anadolu və qonşu regionların neolit, eneolit və ilk tunc dövrü arxeologiyasına həsr etmiş professor A.Saqona beynəlxalq elmi çevrələrdə Qədim Yaxın Şərqin arxeologiyası üzrə böyük mütəxəssis kimi tanınırdı.