Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİMLƏRİN BOLQARISTANDA APARDIĞI ELMİ TƏDQİQATLAR

  23.10.2018

Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi üzrə Bolqarıstanın Respublikasının Blaqoyevqrad şəhərinin Neofit Rilski ad. Cənub-Qərb Universitetinin dəvəti ilə bir qrup Azərbaycan alimi elm mübadiləsi üzrə fəaliyyət çərçivəsində elmi tədqiqat aparmışlar. Xatırladaq ki, layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans ad. Qrats Universitetinin Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Layihənin Azərbaycan üzrə milli koordinatoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiya” şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənovdur.
Horizon 2020 proqramı üzrə avqust ayında Bolqarıstanda elmi ezamiyyətdə olan azərbaycanlı alimlər Blaqoyevqrad şəhərində yerləşmiş Amerika Universiteti nəzdindəki Panitza və Blaqoyevqrad Regional Tarix Muzeyinin elmi kitabxanalarında tədqiqat işləri aparmış, bolqar alimləri ilə tanışlıq və elmi fikir mübadiləsi xarakterli tədbirlər keçiriblər. Elmi tədbirlər çərçivəsində azərbaycanlı alimləri Blaqoyevqrad Regional Tarix Muzeyinin direktoru, doktor Xristina Tsoneva qəbul etmişdir. Direktor doktor Xristina Tsoneva muzeyin tarixi barədə məlumat verdikdən sonra görüş iştirakçıları arasında muzey işi, arxeologiya və tarix sahəsində qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.
Yunanıstanın Saloniki şəhərində yerləşən Beynəlxalq Ellin Universitetində Horizon 2020 proqramı çərçivəsində elmi ezamiyyətdə olan layihənin Azərbaycan üzrə Milli Koordinatoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin rəhbəri, t.ü.f.d. Zaur Həsənovun təşəbbüsü ilə, Blaqoyevqradda elmi tədqiqatlarda iştirak edən azərbaycanlı alimlər bolqar alimləri ilə birgə elmi seminar təşkil etmişlər.
Avqustun 9-da Blaqoyevqrad Regional Tarix Muzeyinin akt zalında “Azərbaycan Respublikasında arxeoloji və tarixi tədqiqatlar” mövzusunda elmi seminar keçirildi. Elmi seminarı Muzeyin Arxeologiya departamenti, “Praistoriya” bölümünün rəhbəri, arxeoloq, doktor Malqojata Grebska-Kulova açaraq Azərbaycan alimlərini salamlamışdır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin rəhbəri, t.ü.f.d., dosent Səfər Aşurov Azərbaycanda son dövrlərdə aparılmış arxeoloji tədqiqatlar barədə elektron slayd-görüntülərilə bolqar alimlərini tanış etdi. Daha sonra isə, azərbaycanlı tədqiqatçılar Azərbaycan arxeologiyası və tarixinin müxtəlif mövzuları üzrə mühazirələrlə çıxış etdilər.
Elmi seminarda çıxış edən azərbaycanlı tədqiqatçıların elmi məruzələri əsasən, “Yeni tədqiqatlar işığında Kür-Araz arxeoloji mədəniyyətinin problemləri” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin rəhbəri, t.ü.f.d., dosent Səfər Aşurov), “Azərbaycanın son tunc dövrü kurqanlarında bəzi dəfn ritualları” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “İctimaiyyətlə əlaqələr” şöbəsinin rəhbəri Pərviz Qasımov), “Azərbaycanın ilk tunc dövrü kurqanları” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeoloji texnologiya” sektorunun rəhbəri, t.ü.f.d., dosent Bəxtiyar Cəlilov), “Dünyanın müasir cəmiyyətlərində arxeologiya (neolit dövrü üzrə yeni kəşflər)” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Elmi ekspozisiya” şöbəsinin rəhbəri, t.ü.f.d. Fərhad Quliyev), “Azərbaycanda maarifçilik və mədəni sosiotranzit XIX əsrin ikinci yarısı-XX əsrin əvvəli” (A.A.Bakıxanov ad. AMEA Tarix İnstitutu, t.ü.f.d. Şamil Rəhmanzadə) mövzuları ətrafında idi.
Həmçinin, elmi seminarda iştirak edən bolqarıstanlı alimlər “Balkan müharibələri və Balkan xalqları” (Blaqoyevqrad Regional Tarix Muzeyinin “Yeni və ən yeni tarix” şöbəsinin müdiri, doktor Kiril Aleksiyev), “Cənub-Qərbi Bolqarıstanda tarixəqədərki mədəniyyətlər / e.ə. VII — I minilliyin birinci yarısı/ (Blaqoyevqrad Regional Tarix Muzeyinin Arxeologiya Departamenti, “Praistoriya” bölümünün rəhbəri, arxeoloq, doktor Malqojata Grebska-Kulova) mövzularında elmi məruzələrlə çıxış etdilər. Mühazirəçilərin çıxışları elektron vizual görüntülərlə müşayət olunurdu.
Azərbaycanlı alimlərin çıxışları xüsusi diqqət və maraqla qarşılandı. Məruzəçilər Azərbaycan arxeologiyası və tarixi barədə seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırdılar.
Həmçinin, azərbaycanlı alimlər şəhər yaxınlığında “Struma” avtomagistralının yeni xəttinin çəkilişi zamanı eramızın III-VI əsrlərinə aid son antik dövr şəhərinin aşkar edilmiş qalıqlarında aparılan arxeoloji tədqiqat ərazisində olmuş, ölkənin paytaxtında yerləşən Sofiya şəhər Tarix Muzeyini, Bolqarıstan Milli Arxeologiya Muzeyi nəzdindəki Arxeoloji muzeyi ziyarət etmiş, bolqarıstanlı həmkarları ilə görüşlər keçirmişlər.
Sentyabr-oktyabr aylarında AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor İradə Bağırova Bolqarıstanın paytaxtında və Blaqoyevqrad şəhərində layihə çərçivəsində elmi ezamiyyətdə olmuşdur. Göstərilən dövr ərzində professor İ.Bağırova Blaqoyevqrad şəhərində yerləşmiş Amerika Universiteti nəzdindəki Panitza və N.Rılski ad. Cənub-Qərb Universitetinin kitabxanalarında, paytaxt Sofiyadakı Kiril və Metodi ad. Milli Kitabxanada elmi mövzuları üzrə materiallar üzərində işləmişdir.
Hal-hazırda Avropa Komissiyasının Horizon 2020 proqramının iştirakçısı olan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Xəqani Alməmmədov Bolqarıstanda elmi tədqiqatlarını davam etdirməkdədir. Tədqiqat çərçivəsində t.ü.f.d. X.Alməmmədov Blaqoyevqrad vilayətinin Kresna şəhəri yaxınlığındakı neolit dövrü İlindentsi yaşayış məskənində, Pokrovnik və Zelendol kəndləri arasında yerləşmiş antik dövr qala qalıqlarında aparılan arxeoloji qazıntılarda iştirak edir. Qeyd edək ki, bu ilin avqust ayı ərzində t.ü.f.d. X.Alməmmədov Batumidə (Gürcüstan) proqram çərçivəsində elmi ezamiyyətdə olmuşdur.