Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“ŞABRAN ŞƏHƏRİ” TARİXİ QORUĞU ƏRAZİSİNDƏ QƏDİM TİKİLİLƏR AŞKAR EDİLDİ

  29.10.2018

Sentyabr və oktyabr ayının əvvəllərində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun rəhbərliyi altında Şabran arxeoloji ekspedisiyası Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni çəkilən avtomobil yolunun “Şabran şəhəri” Tarixi Qoruğunu ərazisinə düşən hissəsində arxeoloji qazıntı işləri aparmışdır.
Ekspedisiyanın əsas məqsədi göstərilən ərazidə əhəmiyyətli memarlıq abidələrinin, tikililərin olub-olmadığını yoxlamaq, eyni zamanda, qədim şəhərin sərhədlərini müəyyənləşdirməkdir.
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinədək çəkilməkdə olan yolunun “Şabran şəhəri” Tarixi Qoruğunu ərazisinə düşən hissəsindəki ərazi boyu arxeoloji qazıntı altı kvadrat qoyulmaqla aparılıb. İlkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr, bişmiş kərpic və çay daşlarından hörülmüş divar qalıqları aşkar olunmuşdur. Eyni zamanda kvadratlardan birində bir neçə təndir aşkar olunduğu üçün buranın təndirxana olduğu ehtimal edilir. Ərazidən eyni zamanda kəhriz olması ehtimal edilən bişmiş kərpicdən ibarət tikili qalığı də üzə çıxarılmışdır. Qazıntı ərazisindən su borusu yerləri, çox sayda qırmızı, yaşıl və göy rəngli şirli qablar da aşkar edilmişdir. Həmçinin xeyli sayda metaldan hazırlanmış silahlar, bəzək əşyaları və s. tapılmışdır. Tədqiq olunan sahələrdə mədəni təbəqənin daha qalın olduğu və davam etdiyi məlum olmuşdur. Kvadratlardan birində arxeoloji qazıntı 4 metr dərinliyə qədər aparılmış və mədəni təbəqənin davam etdiyi müəyyən olunmuşdur.
Aşkar olunmuş tikinti qalıqları və maddi mədəniyyət nümunələri ilkin tədqiqatlara əsasən XI-XV əsrlərə aid edilmişdir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun bildirdiyinə görə, “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar Şirvanşahlar dövlətinin, bütövlükdə isə, Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.