Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİM YUNANISTANIN ELMİ MƏRKƏZLƏRİNDƏ TƏDQİQATLAR APARIB

  08.11.2018

Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi əsasında Yunanıstanın Saloniki şəhərinin Beynəlxalq Ellin Universitetində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutun "Elmi ekspozisiya" şöbəsinin əməkdaşı, t.ü.f.d. Valeh Ələkbərov elm mübadiləsi üzrə fəaliyyət çərçivəsində elmi tədqiqat aparmışdır.
Xatırladaq ki, layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Layihənin Azərbaycan üzrə milli koordinatoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiya” şöbəsinin müdiri t.ü.f.d. Zaur Həsənovdur. Valeh Ələkbərov qeyd olunan Universitetlə bərabər, Saloniki Aristotel Universitetinin Arxeologiya bölməsinin professor-müəllim heyəti ilə birlikdə eramızdan əvvəl VI minillikdə "Balkanlar və Qafqaz regionlarında erkən əkinçilik mədəniyyətlərinin təşəkkülü" mövzusunda tədqiqat aparmış, mövzu ilə bağlı seminarlar təşkil etmişdir. Həmçinin, azərbaycanlı alim apardığı tədqiqatlarla bağlı yunan universitetləri kitabxanalarında mövzu üzrə yazılı materialları toplamış, muzeylərin kolleksiyalarında nümayiş olunan və fondlarda saxlanılan materiallarla tanış olmuşdur.
Tədqiqatçının bildirdiyinə görə, apardığı araşdırmalar, xronoloji olaraq, Сənubi Qafqaz və Balkan yarımadasında saxsı istehsalının eramızdan əvvəl VI minilliyin ən erkən çağlarında başlaması, göstərilən dövrdə keramika istehsalı zamanı müşahidə olunan çoxlu sayda oxşar göstəricilər bölgələr arasında mədəni-iqtisadi əlaqələrin mövcudluğu barədə fikir yürütməyə imkan verir. Hər iki regionun göstərilən dövr qabları üzərində rast gəlinən qabartma bəzəklər məhsuldarlığın simvolu kimi təsvir edilmişdir və bütün bunlar onu göstərir ki, qabartma bəzəkli saxsı qablar Neolit dövrü mədəniyyətinin daşıyıcılarının estetik anlayışı və düşüncə tərzinin bariz nümunəsidir.
Elmi-tədqiqat məqsədli ezamiyyətinin sonunda azərbaycanlı alim apardığı araşdırmaların nəticələri ilə bağlı hər iki universitetin müəllim və tələbə heyəti qarşısında təqdimatla çıxış etmişdir.