Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

  28.10.2018

2018-ci il 26 oktyabr tarixində Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — kollektiv monoqrafiya olan “Bakı XIX-XX əsrlərdə (tarixi-etnoqrafik tədqiqat)” (əsərin elmi redaktoru t.ü.f.d. Emil Kərimov) və R.N. Rüstəmovun “İmişli orta əsrlərdə (tarixi arxeoloji tədqiqat)” əsərlərinin çap üçün müzakirəsi idi. “Bakı XIX-XX əsrlərdə (tarixi-etnoqrafik tədqiqat)” əsəri (rəyçilər S.S.Məhərrəmova və V.Quliyeva) barədə məlumatlar Elmi Şura üzvlərinin diqqətinə çatdırıldı. Müzakirə nəticəsində yekdil müsbət rəylə elmi iş çapa məsləhət görüldü.
R.N.Rüstəmovun “İmişli orta əsrlərdə (tarixi arxeoloji tədqiqat)” əsərinin müzakirəsi zamanı bir sıra problemlərə toxunuldu. Amma müzakirədə tədqiqatçı və əsərin elmi redaktoru iştirak etmədiklərindən qərara alındı ki, məsələ Elmi Şuranın qarşıdakı iclaslarında müzakirəyə çıxarılsın.
“Orta əsrlər arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Elmira Cəfərovanın “Şirvan IX-XIII əsrin əvvəllərində arxeoloji materiallar əsasında” tarix üzrə elmlər doktoru mövzusunda doktorluq işinin (elmi rəhbər t.ü.e.d. Tarix Dostiyev) adında qismən dəyişiklik edilərək “Şirvanşahlar dövlətinin maddi mədəniyyəti IX-XVI əsrin əvvəllərində” olması üçün müraciətinin müzakirəsi idi. Elmi işin rəhbəri t.ü.e.d. Tarix Dostiyev öz çıxışında bildirdi ki, doktorluq dissertasiyası şöbədə müzakirə edilərkən onun iddia edildiyi elmi ada uyğun olması üçün tədqiqatın xronoloji çərçivələrinin artırılması daha məntiqə uyğun hesab edilib. Aparılmış müzakirələr (t.ü.f.d. Qoşqar Qoşqarlı, t.ü.e.d. Ə.Cəfərov, t.ü.e.d. Hidayət Cəfərov, t.ü.e.d. Nəcəf Müseyibli, t.ü.e.d. Qafar Cəbiyev) nəticəsində elmi tədqiqat əsərinin adında qismən dəyişiklik edilərək “Şirvanın maddi mədəniyyəti IX-XVI əsrin əvvəllərində” redaktəsi ilə qəbul edildi.
İclasın üçüncü məsələsi barədə məlumat verərkən professor M.Rəhimova bildirdi ki, İnstitutun elmi əməkdaşı Yaqub Məmmədovun tarix üzrə fəlsəfə doktoru adı almaq üçün elmi tədqiqatının “Cənubi Qafqaz əhalisinin paleoantropoloji tərkibinin kranoloji tədqiqi” (elmi rəhbər t.ü.e.d. Q.İsmayılzadə) adında dəyişiklik edilərək “Homo cinsinin Azərbycanda məskunlaşması. Arxeoloji və paleoantropoloji materiallar əsasında” kimi redaktədə verilsin. Mövzu üzrə müzakirələr aparıldı (antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli, t.ü.e.d. Ə.Cəfərov, t.ü.f.d. F.Quliyev, t.ü.e.d. Hidayət Cəfərov, t.ü.e.d. Nəcəf Müseyibli, t.ü.e.d. Qafar Cəbiyev). Müzakirələr zamanı ümumi bir fikir söylənildi ki, məsələ çox mühümdür, tədqiqatçıya və elmi rəhbərə ünvanlı dissertasiya işinin adı, mövzusu və strukturu barədə suallar vardır. Amma müzakirədə tədqiqatçı, elmi rəhbər və elmi məsləhətçi iştirak etmədiklərindən qərara alındı ki, məsələ Elmi Şuranın qarşıdakı iclaslarında müzakirə edilsin.
Dördüncü müzakirə məsələsi ilə çıxış edən professor M.Rəhimova bildirdi ki, müəssisənin əməkdaşı Afaq Quluzadə İnstitutun rəhbərliyinə müraciət edərək “Naxçıvanın XII-XV əsrlər epiqrafik abidələri” dissertasiyasına yeni elmi rəhbərin təyin edilməsini xahiş etmişdir. Tədqiqat işinin elmi rəhbəri AMEA-nın müxbir üzvü mərhum Məşədixanım Nemətova idi. Mövzunun adı və elmi rəhbəri 1980-ci ildə Milli Azərbaycan Tarix Muzeyi tərəfindən təsdiq edilmişdir. Müzakirələrdə belə bir fikir (t.ü.e.d. Q.Cəbiyev, t.ü.f.d. Səfər Aşurov) irəli sürüldü ki, konkret halda dissertasiyanın adında qismən dəyişiklik edilməsi və elmi rəhbərin dəyişdirilməsi yalnız Milli Azərbaycan Tarix Muzeyinin Elmi Şurasının səlahiyyətindədir. Müzakirələrdən sonra çıxarılmış qərara əsasən İnstitutun əməkdaşı A.Quluzadə dissertasiyasının elmi rəhbərinin dəyişdirilməsi üçün AMEA Milli Azərbaycan Tarix Muzeyinin Elmi Şurasına müraciət etməlidir.
İnstitutun Elmi Şurasının cari iclasının gündəliyində beşinci məsələ — 5505.02 “Arxeologiya” ixtisası üzrə professor elmi adı almaq üçün Qafar Cəfər oğlu Cəbiyevin sənədlərinin müzakirəsi idi. Namizədin sənədləri müzakirə edildikdən sonra qərara alındı ki, professor elmi adı almaq üçün Q.C.Cəbiyevin namizədliyi gizli səsverməyə təqdim edilsin. Qafar Cəfər oğlu Cəbiyevə 5505.02 “Arxeologiya” ixtisası üzrə professor elmi adı verilməsi üçün vəsatət qaldırılsın.
İclasın altıncı məsələsi dosent elmi adı almaq üçün İnstitutun əməkdaşları D.Musayev və İ.Məmmədovanın təqdim etdikləri müvafiq sənədlərin müzakirəsi oldu. Sənədləri müzakirə edildikdən sonra qərara alındı ki, dosent elmi adı almaq üçün sənədləri müzakirəyə çıxarılmış namizədlərin siyahısı gizli səsverməyə təqdim edilsin.
İclasın sədri M.Rəhimovanın təklifi ilə Say komissiyasının yaradılması qərara alındı. Elmi Şura üzvləri göstərilən məsələlər üzrə gizli səsvermə keçirilməsi üçün Say komissiyasının tərkibini seçdilər. T.ü.e.d. Hidayət Cəfərov sədr olmaqla, t.ü.f.d. Akif Quliyev və t.ü.f.d. Bəxtiyar Cəlilovdan ibarət Say komissiyasının tərkibi formalaşdırılıdı.
Elmi Şura üzvləri gizli səsvermədə iştirak etdilər. Say komissiyası işini bitirdikdən sonra Elmi Şura iclasının sədri professor M.Rəhimova səsvermənin nəticələrini açıqlamaq üçün sözü Say komissiyasının sədri t.ü.e.d. Hidayət Cəfərova verdi.
Say komissiyasının sədri t.ü.e.d. H.Cəfərov 26 oktyabr 2018-ci il tarixli gizli səsvermənin 10 saylı protokoluna əsasən məsələ üzrə səsvermə nəticələrini açıqladı:
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 27 üzvündən 25-nin iştirakı ilə keçirilmiş 26 oktyabr 2018-ci il tarixli iclasındakı səsverməyə əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına professor elmi adı almaq üçün təqdim edilmiş Cəbiyev Qafar Cəfər oğlunun namizədliyi üzrə səslər aşağıdakı kimi olmuşdur: leyhinə - 25, əleyhinə - 0, bitərəf - 0. Dosent elmi adı almaq üçün təqdim edilmiş 2 elmi əməkdaşın namizədlikləri üzrə səslər aşaşğıdakı kimi olmuşdur:
Musayev Döyüş Loğman oğlu: leyhinə - 25, əleyhinə - 0, bitərəf - 0,
Məmmədova İlhamə Gülbala qızı: leyhinə - 25, əleyhinə - 0, bitərəf - 0.
Beləliklə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına professor və dosent elmi adı almaq üçün təqdim edilmiş 3 elmi əməkdaşın namizədlikləri yekdilliklə müsbət səs almışdır.
Say komissiyasının protokol üzrə nəticələri açıqlandıqdan sonra Elmi Şura cari məsələləri müzakirə etdi.