Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ABŞ-IN MÖTƏBƏR SCIENCE NEWS DƏRGİSİ: AZƏRBAYCANDA TUNC DÖVRÜNÜN MASAÜSTÜ OYUNU AŞKAR EDİLİB

  20.11.2018

Noyabrın 14-17-də ABŞ-ın Denver (Kolorado ştatı) şəhərində yerləşmiş Mərriot hoteli Texniki Mərkəzində (the Denver Marriott Tech Center) ABŞ-ın Yaxın Şərq və Aralıq dənizi hövzəsinin qədim tarixini tədqiq edən Amerika Şərq Tədqiqatları Məktəbləri (The American Schools of Oriental Research/ASOR) elmi qeyri-hökumət təşkilatının növbəti konfransında amerikalı arxeoloq doktor Valter Krist`in (Walter Crist) Azərbaycanda tunc dövrü qayaüstü rəsmlərin müəyyən bir tipi barədə çıxışı böyük marağa səbəb olmuşdur. Amerikalı alimin “Qafqazda Yaxın Şərq masaüstü oyunları? Şərqi Azərbaycandan yeni sübutlar” mövzusunda çıxışında Qədim Misirin “Tazılar və çaqqallar/58 xana” (ingilisdilli elmi ədəbiyyatda “The Game of Hounds and Jackals/58 holes”) masaüstü oyunu ilə analoji olan Qobustandakı Çapmalı tunc dövrü yaşayış yeri yaxınlığındakı qayaların birindəki təsvir haqqında qeyd etmişdir. V.Krist göstərmşdir ki, bu qədər oxşarlıq təsadüfi ola bilməzdi. Bu, onu göstərir ki, Cənubi Qafqazdakı qədim əkinçi-maldar əhali ilə Qədim Misirin, Yaxın Şərqin əlaqələri, indiyədək ehtimal edildiyindən də intensiv olmuşdur və masaüstü oyunlar bu əlaqələrdə katalizator rolunu da oynaya bilərdi. Həmçinin, amerikalı tədqiqatçı bu ilin aprel ayında Azərbaycana elmi ezamiyyəti və Abşeron yarımadasındakı qayaüstü rəsmlər üzrə pilot layihə çərçivəsində tədqiqatları barədə məlumat vermişdir. O, çıxışının sonunda Abşeron yarımadasında bu mövzu üzrə diqqət çəkən tunc dövrü qayaüstü rəsmlərinin Qərb tədqiqatçıları üçün çoxlu kəşflər vəd edəcəyini vurğulayıb.
(Doktor Valter Kristin çıxışının tezisləri konfransın materiallarında /səh.33/ — http://www.asor.org/wp-content/uploads/2018/10/2018-Abstract-Book_updated_10-15-18.pdf)
Dünyanın elmi çevrəsində doktor Valter Kristin çıxışının böyük marağa səbəb olmasını nəzərə alaraq, dünya üzrə 12 milyon oxucu auditoriyasına malik və öz sıralarında onlarla təcrübəli və peşəkar elm jurnalistini birləşdirən ABŞ-ın mötəbər Science News dərgisi bu barədə “Daş üzərində həkk edilmiş tunc dövrünün “58 xana” adlı masaüstü oyunu Azərbaycanda tapılıb” başlıqlı xüsusi xəbər dərc edib.
(məqalə: https://www.sciencenews.org/article/bronze-age-game-found-chiseled-stone-azerbaijan?fbclid=IwAR2HMsVJ_IDR2JvCnjdeUHu1lQY1_LuQp1VQi30cLOz62XKmQwkB9vFwt6s)
Dərginin jurnalisti Bryus Bouer (Bruce Bower) Abşeronda tədqiqat aparmış arxeoloq V.Krist`in kəşfi barədə məlumatda həmçinin qeyd etmişdir ki, elmdə məhz Qədim Misirin “Tazılar və çaqqallar/58 xana” masaüstü oyunu müasir nərd oyununun prototipi ehtimal edilir.
Qeyd edək ki, ABŞ Arizona Dövlət Universitetinin (Arizona State University) Antropologiya bölümünün, Amerika Təbii Tarix Muzeyinin (American Museum of Natural History), ABŞ Cənubi Qafqaz İnstitutunun əməkdaşı doktor V.Krist bu il Azərbaycanda ilkin tədqiqatları çərçivəsində 16 aprel tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi kollektivi qarşısında təqdimatla çıxış etmişdi. Onun AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundakı elmi məruzəsi barədə ictimaiyyətə geniş xəbər verilib. (https://goo.gl/ZLnTxU)