Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

  15.11.2018

2018-ci il 14 noyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — “Antropologiya mərkəzi”nin müdiri və işçi tərkibinin təsdiqi barədə idi. İclasın sədri professor M.Rəhimova yeni yaradılmış “Antropologiya mərkəzi”nin müdiri vəzifəsinə antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin namizədliyinin irəli sürüldüyünü bildirdi. İclas iştirakçıları yekdilliklə a.ü.e.d. Ə.Məmmədlinin “Antropologiya mərkəzi”nin müdiri vəzifəsinə namizədliyini təsdiq etdilər. Daha sonra professor M.Rəhimova iclas iştirakçılarını “Antropologiya mərkəzi”nin işçi tərkibi siyahısı ilə tanış etdi. Məsələ ilə bağlı a.ü.e.d. Ə.Məmmədli, t.ü.e.d. N.Müseyibli, t.ü.e.d. T.Dostiyev, t.ü.f.d. S.Aşurov çıxış etdilər. Xüsusilə, arxeologiya üzrə ixtisaslaşan elmi işçlərin yeni yaradılan mərkəzdə təmsil olunmasının məqsədəuyğunluğu əsas müzakirə məsələsi idi. Təqdim olunmuş işçi tərkibi siyahısı əsasən qəbul edildi. Həmçinin, qeyd edildi ki, arxeologiya üzrə ixtisaslaşan elmi işçlər yeni yaradılan mərkəzdə təmsil olunmaları ilə bağlı mümkün suallarına aydınlıq gətirmək istəyirlərsə, AMEA-nın yuxarı qurumlarına müraciət edə bilərlər.
Elmi Şuranın ikinci məsələsinin — hazır işlərin çap üçün müzakirəsinə başlanıldı. İlk olaraq t.ü.e.d. Nəcəf Müseyibli və t.ü.f.d. Şamil Nəcəfovun “Zəyəmçay nekropolu” monorafiyasının (elmi rəyçilər: t.ü.f.d. Qoşqar Qoşqarlı, t.ü.f.d. Qəhrəman Ağayev) çapa təqdim edilməsilə bağlı məsələnin müzakirəsi əlaqədar çıxış edən t.ü.f.d. Q.Qoşqarlı BTC layihəsi gerçəkləşən zaman aşkar edilmiş və əsasən orta, son tunc və ilk dəmir dövrünə aid 129 qəbir abidəsinin tədqiq edildiyi Zəyəmçay nekropolu materiallarının Azərbaycan arxeologiyası üçün əhəmiyyətini qeyd etdi, göstərilmiş monoqrafiyada abidələr, aşkar edilmiş maddi mədəniyyət nümunərinin müxtəlif çeşidli analizinin aparıldığını göstərərək monoqrafiyanın çapının vacibliyini vurğuladı. Müzakirə nəticəsində yekdil müsbət rəylə elmi iş çapa məsləhət görüldü.
T.ü.f.d. Gülnarə Axundovanın “Qafqaz Albaniyasının bəzəkləri” (elmi rəyçilər: t.ü.f.d. Q.Qoşqarlı, t.ü.f.d. Təvəkkül Əliyev) və Taleh Əliyevin “Zərdab orta əsrlərdə” (elmi rəyçilər6 t.ü.e.d. A.Məmmədov, t.ü.f.d. Ə.Babayev) monoqrafiyaları barədə məlumatlar Elmi Şura üzvlərinin diqqətinə çatdırıldı. Müzakirə nəticəsində yekdil müsbət rəylə monoqrafiyalar çapa məsləhət görüldü.
“Orta əsr arxeologiyası” şöbəsinin elmi işçisi Afaq Əli qızı Quluzadənin “Naxçıvan XII-XV əsrlər epiqrafik abidələri” adlı dissertasiya işinə yeni elmi rəhbərin təyin edilməsi barədə məsələ İnstitutun Elmi Şura iclasının üçüncü müzakirə məsələsi idi. Məsələ üzrə “Orta əsrlər arxeologiyası” şöbəsində aparılmış müzakirə barədə şöbənin müdiri t.ü.e.d. T.Dostiyev çıxış etdi. T.Dostiyev bildirdi ki, şöbədə aparılmış müzakirənin yekunu kimi A.Quluzadənin “Naxçıvanın XII-XV əsrlər epiqrafik abidələri” mövzusunda dissertasiyası işinə yeni elmi rəhbər qismində AMEA İctimai Elmlər bölməsinin akademik katibi, akademik Nərgiz Axundovanın namizədliyi məsləhət bilinmişdir. Elmi Şura üzvləri AMEA İctimai Elmlər bölməsinin akademik katibi, akademik Nərgiz Axundova A.Quluzadənin “Naxçıvanın XII-XV əsrlər epiqrafik abidələri” mövzusunda dissertasiyası işinə yeni elmi rəhbər təyin edilməsi barədə yekdil müsbət qərar qəbul etdi.
Elmi Şura iclasının müzakirəyə çıxarılmış dördüncü məsələsi — İnstitutun dörd şöbəsinin müzakirəsi idi. Mövzu üzrə, 2018-ci il üçün fərdi planların icrasının və müqavilələrin yoxlanılması üçün yaradılmış komssiyanın sədri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. N.Müseyibli hesabat xarakterli çıxış etdi. T.ü.e.d. N.Müseyibli bildirdi ki, bu il aparılmış hesabatların qəbulu müsbət mənada irəliləyişi göstərdi. Ezamiyyətdə və məzuniyyətdə olan əməkdaşlar belə, hesabatlarını vaxtında vermişlər. T.ü.f.d. N.Alışov və Ü.Heydərovanın hesabatlarını elmi ezamiyyət ərəfəsində tərtibi və təhvili xüsusi olaraq nümayiş edildi. Bu il arxeoloji və etnoqrafik tədqiqatlar, elmi məqalələr və monoqrafiyalar üzrə də önəmli nailiyyətlər vardır. Eyni zamanda fərdi planının gecikdirilməsi faktları qeyd edilib və müvafiq aktlar tərtib olunub - deyə t.ü.e.d. N.Müseyibli bildirdi.
Daha sonra “Daş dövrü arxeologiyası” şöbəsinin müdiri t.ü.e.d. Ə.Cəfərov, “Eneolit və tunc dövrü arxeologiyası” şöbəsinin müdiri t.ü.e.d. H.Cəfərov , “Antik dövr arxeologiyası” şöbəsinin müdiri t.ü.f.d. Z.Həsənov, “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri t.ü.f.d. B.İbrahimli başçılıq etdikləri şöbələrin illik hesabatları ilə çıxış etdilər. Çıxış etmiş şöbə müdirləri başçılıq etdikləri şöbələrin il ərzində fəaliyyəti barədə hesabatları yazılı şəkildə Elmi Şuraya təqdim etdilər. Müzakirələrdən sonra göstərilən şöbələrin hesabatları yekdilliklə qənaətbəxş qiymətləndirilərək qəbul edildi.
Daha sonra Elmi Şura cari məsələləri müzakirə etdi.