Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

  22.11.2018

2018-ci il 21 noyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — hazır işlərin çap üçün müzakirəsi idi. Müzakirəyə çıxarılmış hazır işlər sırasında ilk olaraq AMEA-nın mərhum müxbir-üzvü, arxeoloq Q.Əhmədovun 90-illiyinə həsr olunmuş “Azərbaycan antik və orta əsrlər arxeologiyasının aktual problemləri” adlı toplu oldu. Əsərin elmi rəyçiləri t.ü.f.d. Qoşqar Qoşqarlı, t.ü.f.d. Təvəkkül Əliyev, elmi redaktoru t.ü.e.d., professor M.Rəhimovadır. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış ikinci hazır iş — t.ü.f.d. Qəhrəman Ağayevin müəllifi olduğu “Şahtaxtı. Tarixi-arxeoloji tədqiqat” monoqrafiyası idi. Əsərin elmi rəyçiləri t.ü.e.d. Nəcəf Müseyibli, t.ü.f.d. Bəhlul İbrahimli, əsərin elmi redaktoru t.ü.e.d. Vəli Əliyevdir. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış üçüncü hazır iş — t.ü.f.d. Təranə Quluzadə tərəfindən yazılmış “Qəhrəmanlıq dastanlarında Azərbaycan etnoqrafiyasının əksi” monoqrafiyası oldu. Elmi rəylər t.ü.f.d. Tofiq Babayev, t.ü.f.d. Əsəd Əliyev olmuşlar. Əsərin elmi redaktoru akademik Teymur Bünyadovdur. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə elmi iş çapa məsləhət görüldü.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — İnstitutun şöbə və sektorlarının illik hesabatlarının müzakirəsi oldu. Tərtib olunmuş siyahı üzrə ilk olaraq t.ü.e.d. Vəli Əliyev rəhbərliyi altında olan “Tunc və ilk dəmir dövrü arxeologiyası” şöbəsinin illik hesabatı üzrə çıxış etdi. Natiqin rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabat xarakterli çıxışına dair iclas iştirakçılarının sual və iradları olmadığından hesabat qəbul edildi. “Orta əsrlər arxeologiyası” şöbəsinin müdiri t.ü.e.d. Tarix Dostiyev rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. Çıxışında t.ü.e.d. T.Dostiyev bildirdi ki, şöbəsinin çalışdığı orta əsr Şəmkir şəhər yeri abidəsinin durumu qənaətbəxş deyil. Belə ki, əcnəbi mütəxəssislər abidəyə baxış keçirərkən onun unikallığını vurğulamış və abidənin UNESCO-nun maddi irs siyahısına daxil olmadığına təəccüb etdiklərini bildirmişlər. T.Dostiyev təklif etdi ki, İnstitut rəhbərliyi orta əsr Şəmkir şəhər yerinin tarix qoruğu elan edilməsi üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmalıdır. Tarix Dostiyevin hesabat xarakterli çıxışından sonra hesabatın müzakirəsi keçirildi və natiq verilmiş sualları cavablandırdı. Müzakirələrdə akademik T.Bünyadov, t.ü.e.d. M.Rəhimova, t.ü.e.d. Əsədulla Cəfərov, t.ü.e.d. N.Müseyibli, t.ü.f.d. Q.Qoşqarlı, t.ü.f.d. Zaur Həsənov, t.ü.f.d. Ceyhun Eminli, t.ü.f.d. Fərhad Quliyev iştirak etdilər. Müzakirələrdən sonra t.ü.e.d. T.Dostiyevin rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabatı qəbul edildi. T.ü.e.d. Arif Məmmədov rəhbəri olduğu “İlk orta əsrlər arxeologiyası” şöbəsinin illik fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. Çıxışdan sonra t.ü.e.d. A.Məmmədov suallara (t.ü.e.d. Ə.Cəfərov) cavab verdi. T.ü.e.d. A.Məmmədovun rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabatı yekdilliklə qəbul edildi.
Daha sonra “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri t.ü.f.d. Səfər Aşurov rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabat verdi. Hesabatla bağlı müzakirələrdə t.ü.e.d. M.Rəhimova, t.ü.e.d. N.Müseyibli, t.ü.e.d. Ə.Cəfərov çıxış etdilər. T.ü.f.d. Səfər Aşurovun rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabatı qəbul edildi. T.ü.f.d. T.Əliyev müdiri olduğu “Çöl tədqiqatlar”ı sektorunun illik hesabatı üzrə çıxış etdi. Natiqin rəhbəri olduğu sektorun illik fəaliyyəti barədə hesabat xarakterli çıxışına dair iclas iştirakçılarının sual və iradları olmadığından hesabat qəbul edildi. “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” sektorunun müdiri t.ü.f.d. Q.Qoşqarlı rəhbəri olduğu sektorun illik fəaliyyəti barədə çıxış etdi. T.ü.f.d. Q.Qoşqarlının rəhbəri olduğu sektorun illik fəaliyyəti barədə hesabat xarakterli çıxışına dair iclas iştirakçılarının sual və iradları olmadığından hesabat qəbul edildi.
Daha sonra “Arxeoloji texnologiya” sektorunun müdiri t.ü.f.d. Bəxtyar Cəlilov rəhbərliyi altında olan sektorun illik fəaliyyəti barədə hesabat verdi. Sektorun illik fəaliyyəti barədə hesabata dair iclas iştirakçılarının sual və iradları olmadığından hesabat qəbul edildi. Fuad Hüseynov rəhbəri olduğu “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektorunun illik fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. Hesabatdan sonra keçirilmiş müzakirələrdə t.ü.f.d. S.Aşurov, t.ü.f.d. F.Quliyev, şöbə müdiri Pərviz Qasımov çıxış etdilər. F.Hüseynovun rəhbəri olduğu “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektorunun illik fəaliyyəti barədə hesabatı yekdilliklə qəbul edildi.
Şöbə və sektor rəhbərləri tabeliklərində olan strukturların illik fəaliyyəti barədə yazılı hesabatları Elmi Şura iclasının sədrinə təqdim etdilər.
Elmi Şuranın gündəliyinin üçüncü məsələsi — elmi ezamiyyətdə olan əməkdaşların hesabatları ilə bağlı idi. İlk olaraq “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” sektorunun müdiri t.ü.f.d. Q.Qoşqarlı noyabrın 1-2 tarixlərində Moskvada Rusiya EA Şərqşünaslıq İnstitutunun 200 illiyinə həsr olunmuş “Qafqaz Albaniyası Avrasiyanın tarixi-mədəni məkanında” beynəlxalq elmi konfransında iştirakından danışdı. Q.Qoşqarlı qeyd etdi ki, konfransda onunla yanaşı Azərbaycan nümayəndə heyətinin sıralarında t.ü.f.d. C.Eminli, t.ü.f.d. Natiq Alışov, İnstitutun əməkdaşı Ülviyyə Heydərova iştirak edirdilər. Konfrans yüksək şəkildə təşkil olunmuşdu. Amma bəzi qeyri-elmi, siyasi motivli qərəzli məqamlar da müşahidə edildi. Azərbaycanlı alimlərin çıxışı yüksək dəyərləndirildi. Həmçinin, konfransda iştirak edən İnstitutun əməkdaşları qərəzli mövqe tutmuş bəzi əcnəbi alimlərin məruzələrinin qeyri-elmi, siyasi motivli xarakterini elmi dəlillərlə və elmi məntiqlə üzə çıxarıb tənqid etmişlər.
“Çöl tədqiqatlar”ı sektorunun müdiri t.ü.f.d. T.Əliyev 17-23 sentyabr 2018-ci il tarixlərində Qırğızstan Respublikası İssık-Göl əyalətinin Çolpon-Ata şəhəri yaxınlığında, Çok Tal qəsəbəsində keçirilən Beynəlxalq Konfransda “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri t.ü.f.d. B.İbrahimli ilə birgə iştirakı barədə məruzə etdi. İnstitut əməkdaşları konfransda məruzlərlə çıxış etmişlər. Konfransda iştirak barədə məlumat KİV-də geniş işıqlandırılmışdır.
“Antik dövr arxeologiyası” şöbəsinin müdiri t.ü.f.d. Z.Həsənov Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi üzrə Yunanıstanın Saloniki şəhərinin Beynəlxalq Ellin Universitetində cari ilin aprelin 20-21-də "İnstitutların yaranması və xarici hakimiyyət altında tədqiqatlar" mövzusunda konfransda iştirakı barədə hesabat vermişdir. Həmçinin, Avropa Komissiyasının qeyd edilmiş layihəsi çərçivəsində bu ilin iyul-avqust aylarında Yunanıstanın Saloniki şəhərinin Beynəlxalq Ellin Universitetində apardığı elmi tədqiqatlar, görüşlər və qarşılıqlı əməkdaşlıq yönündə fəaliyyəti barədə məlumatları iclas iştirakçılarının nəzərinə çatdırdı.
Elmi Şuranın gündəliyinin dördüncü məsələsi — “dosent” elmi adı almaq üçün İnstitutun elmi əməkdaşı t.ü.f.d. Elnur Vəliyevin təqdim olunan sənədlərinin müzakirəsi idi. İddiaçının təqdim edilmiş sənədləri ilə tanışlıqdan sonra Elmi Şura iclasının üzvləri iddiaçının namizədliyinin səsverməyə çıxarılması barədə qərar verdilər. Təklif əsasında t.ü.e.d. A.Məmmədov sədr olmaqla, t.ü.f.d. C.Eminli və t.ü.f.d. T.Əliyevdən ibarət Say komissiyası yaradıldı. Səsvermə keçirildi. Say komissiyasının sədri t.ü.e.d. A.Məmmədov Elmi Şuranın iclas iştirakçılarını keçirilmiş 21 noyabr 2018-ci il tarixli gizli səsvermənin 12 saylı protokoluna əsasən məsələ üzrə səsvermə nəticələrini açıqladı.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 27 üzvündən 19-nun iştirakı ilə keçirilmiş 21 noyabr 2018-ci il tarixli iclasındakı səsverməyə əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş elmi əməkdaş t.ü.f.d. Elnur Vəliyevin namizədliyi üzrə səslər aşağıdakı kimi olmuşdur:
leyhinə - 19, əleyhinə - 0, bitərəf - 0.
Beləliklə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş elmi əməkdaş t.ü.f.d. Elnur Vəliyevin namizədliyi yekdilliklə müsbət səs almışdır.
Say komissiyasının protokol üzrə nəticələri açıqlandıqdan sonra Elmi Şura cari məsələləri müzakirə etdi.