Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANIN ARXEOLOQ ALİMLƏRİ ALMANİYADA KEÇİRİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR

  05.12.2018

28 noyabr-2 dekabr 2018-ci il tarixində Almaniyanın Frankfurt şəhərində, Almaniya Arxeologiya İnstitutunun Avrasiya Departamenti (the Eurasia Department of the German Archaeological Institute/DAI) və Frankfurt Arxeoloji Muzeyinin birgə təşkilatçılığı ilə “Qafqaz: e.ə. IV-III minilliklərdə Mesopotamiya şəhər mərkəzləri və Pont çölləri arasında körpü. Tunc dövründə bilik və texnologiyaların Şərq və Qərb arasında transferi” (The Caucasus: Bridge between the urban centres in Mesopotamia and the pontic steppes in the 4th and 3rd millennium BCE. The transfer of knowledge and technologies between East and West in the Bronze Age) adlı beynəlxalq elmi konfrans keçirilmişdi. Konfransda dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycan, Almaniya, Avstraliya, İngiltərə, İtaliya, Fransa, Rusiya, Rumıniya, Macarıstan, İsrail, İsveç, Danimarka, Ukrayna, Gürcüstan və Ermənistandan mütəxəssislər təmsil olunmuşlar. Azərbaycan tərəfindən konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli və sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov iştirak etmişlər.
Azərbaycanlı alimlər konfransda Leylatəpə mədəniyyəti və erkən kurqanlar mövzuları üzrə məruzələrlə çıxış edərək, e.ə. IV-III minilliklərdə Azərbaycan ərazisində yayılmış mədəniyyətlər, onların səciyyəvi xüsusiyyətləri və Ön Asiya-Şimali Qafqaz paralelləri, həmçinin qədim miqrasiya problemlərindən bəhs etmişlər. Onlar dünyanın müxtəlif ölkələrini təmsil edən mütəxəssislərlə fikir mübadiləsi aparmış, Azərbaycanın qədim mədəni irsi haqqında geniş məlumatlar vermişlər. N.Müseyibli və B.Cəlilov Azərbaycanda arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim metallurgiyaya aid nümunələrin birgə tədqiqatlarının perspektivlərini Almaniya Bohum Dağ-Mədən Muzeyinin Arxeometallurgiya Mərkəzinin tədqiqat rəhbəri professor Tomas Ştolner və Gürcüstan Milli Müzeyinin Elmi tədqiqatlar mərkəzinin rəhbəri doktor İrina Qambaşidze ilə müzakirə etmiş və qarşılıqlı əməkdaşlıq barədə ilkin razılıq əldə etmişlər.