Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA BEYNƏLXALQ HORIZON 2020 LAYİHƏSİNİN 2018-Cİ İL YEKÜN İCLASI KEÇİRİLDİ

  08.02.2019

Fevralın 6-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tədris və beynəlxalq əlaqələr şöbəsi”ndə Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsində iştirak edən azərbaycanlı alimlərin 2018-ci il fəaliyyətinə həsr olunmuş yığıncaq keçirildi. Layihənin Azərbaycan üzrə Milli Koordinatoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Zaur Həsənovdur. Layihədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları — tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov, t.ü.f.d. Fərhad Quliyev, t.ü.f.d. Bəxtiyar Cəlilov, t.ü.f.d. Xaqani Alməmmədov, t.ü.f.d. Valeh Ələkbərov, Pərviz Qasımov, Orxan Zamanov və həmçinin, A.A.Bakıxanov adına Tarix İnstitutu əməkdaşları — tarix üzrə elmlər doktoru İradə Bağırova, t.ü.f.d. Nərgiz (Faiq qızı) Axundova və t.ü.f.d. Şamil Rəhmanzadə iştirak edirlər.
Toplantıda 2018-ci ilin yekunları müzakirə edilmişdir. Zaur Həsənov qeyd etmişdir ki layihədə AMEA-nın iki İnstitutu və 11 əməkdaşı iştirak edirlər. 2018-ci il ərzində layihə çərçivəsində AMEA əməkdaşları 15 ay elmi ezamiyyətdə olmuşlar və layihə hesabına Avropada keçirilən 6 beynalxalq elmi konfransda iştirak ediblər.
Layihənin 2018-ci il üzrə ilk tədbirləri aprel ayının 19-dan 21-nə kimi Yunanıstanın Saloniki səhərində yerləşən Beynəlxalq Ellin Universitetində keçirildi. Burada layıhənin ümümi koordinatoru Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdürü, professor Karl Kayzerin rəhbərliyi ilə milli koordinatorlarının seminarı təşkil olundu. Aprel ayının 21-də Beynəlxalq Ellin Universitetində layihənin "İnstitutların yaranması və xarici hakimiyyət altında tədqiqatlar" adlı 2-ci beynəxalq konfransında Zaur Həsənovun moderatorluğu ilə Azərbaycana həsr olunmuş xüsusi panel – “Azərbaycan və Qərbi Avropa arasında maarifləndirmə fikirlərinin mübadiləsi” adlanırdı. Bu paneldə İradə Bağırova, Nərgiz Axundova və Şamil Rəhmanzadə çıxış etmişlər. 23-24 mart tarixində Bolqarıstanın Blaqoyevqrad şəhərindəki Neofit Rilski adına Cənub-Qərb Universitetində təşkil olunmuş “Knowledge and İdentity” adlı beynəlxalq elmi konfransda Valeh Ələkbərov “Müasir elmin formalaşmasında təcrübənin rolu” mövzusu ilə çıxış etmişdir. Sentyabr ayının 21-23-də Yunanıstanın Beynəlxalq Ellin Universitetində keçirilmiş “Qara Dəniz bölgəsi Antik dövrdə” 3-cü beynəlxalq konfransda Zaur Həsənov “Mingəçevirin torpaq qəbirlərindən tapılmış Olviya tipli Yunan-Skif üslubunda düzəldilmiş tunc güzgülər” adlı məruzə ilə çıxış etdi. Konfransın sonunda iştirakçılar Makedoniyalı İsgəndərin paytaxtı olan Pella şəhər yerinin möhtəşəm arxeoloji qazıntıları ilə tanış oldular. Avqust ayında Xaqani Alməmmədov Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetində layihə çərçivəsində keçirilən yay məktəbinin işində iştirak etmişdi.
İyul ayından etibarən Zaur Həsənov, Orxan Zamanov, Valeh Ələkbərov və Nərgiz Axundova Beynəlxalq Ellin Universitetində ezamiyyətdə olmuşlar. Onlar Universitetin “Antik arxeologiya və Makedoniyanın qədim tarixi” ingilis dilli magistr proqramının işi ilə tanış olmuş, Universitetin müəllimləri ilə elmi tədqiqatlarda əməkdaşlıq etmişlər. Fevral ayından etibarən Valeh Ələkbərov və iyul ayından sonra Səfər Aşurov, Fərhad Quliyev, Bəxtiyar Cəlilov, Pərviz Qasımov, İradə Bağırova, Şamil Rəhmanzadə, Xaqani Alməmmədov və Zaur Həsənov Bolqarıstanın Blaqoyevqrad şəhərində yerləşən Neofit Rilski ad. Cənub-Qərb Universitetində elmi ezamiyyətdə olublar. Avqust ayından etibarən Xaqani Alməmmədov Şota Rustaveli adına Batumi Dövlət Universitetində elmi ezamiyətdə olmuşdu.
İl ərzində layihə iştirakçıları bir sıra tədbirlər təşkil etmişlər. İyul ayının 18-də Azərbaycanlı layihə iştirakçəları Neofit Rilski ad. Cənub-Qərb Universitetinin əməkdaşları ilə birlikdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda birgə dəyirmi masa keçirdilər. Avqustun 9-da Səfər Aşurov, Fərhad Quliyev, Bəxtiyar Cəlilov, Pərviz Qasımov və Şamil Rəhmanzadə Blaqoyevqrad Regional Tarix Muzeyində təşkil etdikləri elmi seminarda məruzələr ilə çıxış etmişlər. Dekabr ayında Bolqarıstanda Zaur Həsənov təşkil etdiyi Azərbaycanın dəmir və antik dövrlərinə aid 3 elmi tədbirdə (Bolqarıstan Elmlər Akademiyasının Frakiya Araşdırmaları İnstitutunda, Neofit Rilski ad. Cənub-Qərb Universitetində və Blaqoyevqrad Regional Tarix Muzeyində) məruzə ilə çıxışı bolqarıstanlı alimlər tərəfindən maraqla qarşılanmışdır.
Dekabrın 19-da Zaur Həsənov Bolqarıstan Elmlər Akademiyasının Milli Arxeologiya İnstitutunun və Muzeyinin yeni təyin olnmuş direktoru professor Hristo Popovla görüşmüşdü və Azərbaycan arxeoloqları ilə gələcək elmi mubadilə imkanlarını müzakirə etmişdi.
2018-ci ildə layihənin tədqiqatlarının birinci cildi Dominik Gumeyrın və Karl Kayzerin redaktorluğu ilə işıq üzü gördü. Bu cilddə Zaur Həsənovun “The Prehistory of Knowledge Exchange Between the Caucasus, the Black Sea Region and Central Europe” adlı məqaləsi nəşr edilmişdi. Valeh Ələkbərovun “The experiment and the emergence of the Prehistoric knowledge in Archaeology” adlı məqaləsi layıhə çərçivəsində Bolqarıstanın “Balcanistic forum” jurnalının 2-ci sayında dərc edilib. İradə Bağırovanın, Nərgiz Axundovanın və Şamil Rəhmanzadənin məqalələri layihənin tədqiqatlarının ikinci cildinə nəşr üçün təqdim edilmişdi.
Elmi ezamiyyətlərin gedişatında AMEA-nın layihə iştirakçıları Beynəlxalq Ellin Universitetinin və Neofit Rilski ad. Cənub-Qərb Universitetinin müasir təchizata və zəngin ədəbiyyata malik kitabxanalarında elmi araşdırma aparmışlar. Həmçinin, yunan və bolqar həmkarları ilə elmi mübadilə xarakterli görüşlərdə iştirak etmiş, layihə çərçivəsində elmi tədqiqat mövzuları ilə əlaqədar araşdırmalar aparmış, arxeoloji abidələrə elmi səfər etmiş, öz elmi tədqiqatları ilə bağlı yeni nəşrlərlə tanış olmuş və Avropa alimlərinin iş metodikası ilə maraqlanmışlar.
Qeyd edək ki, bu layihədə 12 ölkə iştirak edir. Avstriya, Yunanıstan, Rumıniya, Makedoniya, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan. Layihə 2017-ci ilin yanvar ayından başlayıb, 4 il müddətində davam edəcək.

Fotolar:
1, 9, 10 – layihə iştirakçılarının AMEA-da keçirilən yığıncağı.
2 – Yunanıstanın Beynəlxalq Ellin Universitetində keçirilən layihənin 2-ci konfransında “Azərbaycan və Qərbi Avropa arasında maarifləndirmə fikirlərinin mübadiləsi” panelinin işi; soldan sağa: Nərgiz Axundova, Zaur Həsənov, İradə Bağırova, Şamil Rəhmanzadə.
3 – Valeh Ələkbərov və layihənin ümumi koordinatoru, Avstriyanın Karl və Frans adına Qrats Universitetinin “Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası” kafedrasının müdiri, professor Karl Kayzer.
4 – Yunanıstanın Beynəlxalq Ellin Universitetində keçirilən “Qara Dəniz bölgəsi Antik dövrdə” 3-cü Beynəlxalq konfransında Zaur Həsənovun çıxışı.
5 – “Qara Dəniz bölgəsi Antik dövrdə” konfransının iştirakçıları Makedoniyalı İsgəndərin paytaxtı Pella şəhər yerində.
6 – Bolqarıstan, Blaqoyevqrad yaxınlığı, antik Skaptopara məskəni; soldan sağa – Səfər Aşurov, Bəxtiyar Cəlilov, Pərviz Qasımov, Şamil Rəhmanzadə.
7 – Zaur Həsənov və Bolqarıstan Elmlər Akademiyasının Milli Arxeologiya İnstitutunun və Muzeyinin direktoru professor Hristo Popov.
8 – Zaur Həsənov və Neofit Rilski Universitetinin əməkdaşları. Tarix və hüquq fakültəsinin dekanı Qabriela Belova, Nuriya Muratova, Kristina Popova, dekan müavini Nikolay Marin.