Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



GÖRKƏMLİ ARXEOLOQ, PROFESSOR QÜDRƏT İSMAYILZADƏNİN 85 İLLİK YUBİLEYİ

  25.10.2019

2019-cu il oktyabrın 24-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycanın tanınmış alimi, tarix elmləri doktoru, professor Qudrət İsmayılzadənin 85 illik yubileyinə həsr edilmiş yığıncaq keçirildi.
Yığıncağı giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova qocaman arxeoloq Qüdrət İsmayılzadənin həyat yolu, elmi tədqiqatları, Azərbaycan arxeologiya elminə verdiyi töhfələrdən danışmış, görkəmli alimə uzun ömür və elmi yaradıcılıq sahəsində yeni uğurlar arzulamışdır.
Daha sonra söz alan İnstitutun şöbə müdirləri t.e.d. Əsədulla Cəfərov, t.e.d. Tarix Dostiyev, t.ü.f.d. Bəhlul İbrahimli, t.ü.f.d. Abuzər Ələkbərov, t.ü.f.d. Səfər Aşurov, t.ü.f.d. Fərhad Quliyev, t.ü.f.d. Təvəkkül Əliyev, t.ü.f.d. Akif Quliyev və t.e.d. Nərgiz Quliyeva çıxış etdilər. İnstitut əməkdaşları öz çıxışlarında görkəmli alimin ali təhsil ocaqlarında pedoqoji fəaliyyətindən, uzun müddtə BDU Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasına rəhbərlik etməsindən, arxeologiya üzrə gənc kadrların yetişdirilməsindəki xidmətindən, Qarabağda, xüsusilə də Qaraköpəktəpə abidəsinin tədqiqində elmə verdiyi töhfələrdən, nəşr olunmuş əsərlərinin Cənubi Qafqazın ilk tunc dövrü və Kür-Araz mədəniyyəti üzrə ixtisaslaşan əcnəbi arxeoloqların əvəzsiz dərs vəsaiti olmuş alimin yüksək insani keyfiyyətlərindən söz açmışlar. Daha sonra professor M.Rəhimova görkəmli alimə Azərbaycan arxeologiya elminin inkişafında xidmətlərinə görə və 85 illik yubileyi ilə əlaqədar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Fəxri fərmanını təqdim etmişdir.