Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



RUSİYALI ALİMLƏR AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ELMİ MƏRUZƏLƏRLƏ ÇIXIŞ ETDİLƏR

  25.10.2019

2019-cu il 25 oktyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Çelyabinsk Dövlət Universitetinin və Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Bitki və Heyvanların Ekologiyası İnstitutunun bir qrup elmi əməkdaşı elmi məruzələrlə çıxış etmişlər.
AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov tədbir iştirakçılarını rusiyalı qonaqlarla tanış etdi. Daha sonra məruzələr dinlənildi. Tarix elmləri doktoru, “Arkaim” Çelyabinsk Dövlət Tarixi-Mədəni elmi kompleksinin elm üzrə direktor müavini, Çelyabinsk Dövlət Universitetinin Rusiya və xarici ölkələr tarixi kafedrasının professoru, arxeoloq Gennadi Borisoviç Zdanoviç “Arkaim: Cənubi Uralda mədəni və təbii məkan” adlı məruzə ilə çıxış etdi. Məruzədə Arkaim abidəsinin tədqiqat tarixi və nəticələri, qədim proto-şəhər tipli məskən əhalisinin mədəni və təsərrüfat həyatı və memarlığı, aparılmış rekonstruksiyalar və abidənin digər elmi aspektləri mövzularına toxunuldu.
Rusiya EA Ural şöbəsinin Bitki və Heyvanların Ekologiyası İnstitutunun baş elmi işçisi, zoologiya elmləri namizədi, dünya üzrə tanınmış paleozooloq Kosintsev Pavel Andreyeviç “Uralda arxeozooloji tədqiqatlar” mövzusunda çıxışı bölgənin qədim flora və faunası, qədim əhalinin maldarlıq və əkinçilik bilgiləri barədə elmi nəticələrə həsr edilmişdi.
Çelyabinsk Dövlət Universitetinin Ekologiya fakültəsinin baş müəllimi, İnsan və Təbiət problemlərinin öyrənilməsi laboratoriyasının baş elmi işçisi, təbiət və tarixi abidələrin monitorinqi və GİS-xəritələşmə üzrə mütəxəssis Anna Leonidovna Plaksina mövzusunda məruzələri “Çelyabinsk vilayətinin Arkaim abidəsi bazasında Uralarxası çöl ərazisinin tədqiqi və landşaftın GİS-xəritələşməsi” mövzusunda çıxış etdi. Məruzdə A.L.Plaksina tədbir iştirakçılarını bölgədə qədim və müasir landşaftının müasir texnoloji nailiyyətlər əsasında tədqiqat nəticələri ilə tanış etdi.
Vizual görüntülərlə müşayət olunan məruzələr böyük maraqla qarşılandı. Məruzəçilər elmi tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdılar. Apaprılmış fikir mübadiləsi zamanı gələcəkdə Azərbaycan və rusiyalı alimlərinin arxeologiya və arxeometriya üzrə birgə əməkdaşlıq perspektivləri mövzusuna da toxunuldu. Sonda qonaqlar Arkaim qədim məskəninin tədqiqatları barədə kitabları azərbaycanlı həmkarlarına hədiyyə etdilər.
Tədbirdə AMEA İctimai Elmlər bölməsinin akademik katibi, akademik Nərgiz Axundova, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova, H. Zərdabi adına “Təbiət tarixi” muzeyinin direktoru, b.e.n. Tariyel Heybətov, Rusiya EA Ural şöbəsinin Bitki və Heyvanların Ekologiyası İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, paleontoloq Dmitri Oleqoviç Gimranov və həmçinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri və əməkdaşları iştirak edirdilər.