Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  13.02.2019

2019-cu il 11 fevral tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar “AMEA-nın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması haqqında” AMEA prezidentinin 30 yanvar 2019-cu il tarixli sərəncamının müzakirəsi idi. Birinci məsələ ilə bağlı çıxış edən prof. M.Rəhimova bildirdi ki, Elmi Şura üzvlərinə AMEA prezidentinin 30 yanvar 2019-cu il tarixli sərəncamın mətni təqdim edilmişdir və məsələ üzrə təklif və fikirlərin bildirilməsi vacibdir. Məsələ üzrə t.ü.e.d. Əsədulla Cəfərov çıxış edərək 21 bənddən ibarət təkliflərini Elmi Şura üzvlərinin diqqətinə çatdırdı. Təkliflərin müzakirəsi üzrə akademik Teymur Bünyadov və t.ü.e.d. Nəcəf Müseyibli çıxış etdilər. T.ü.e.d. Hidayət Cəfərov öz təkliflərində ayrıca Arxeologiya İnstitutunun yaradılmasını, arxeoloji ekspedisiyaların yerlərdə bazalarla, texniki avadanlıqlarla təmini, dissertasiyaların yazılmasında lüzumsuz prosedurların ləğvi, ali məktəblərdə arxeologiya üzrə tələbələrin ixtisasa cəlb edilməsi üçün maarifləndirmə işinin aparılmasının təşkili barədə təkliflərini verdi. T.ü.f.d. Bəhlul İbrahimli bildirdi ki, 2014-cü ildən sonra arxeoloji ekspedisiyalara əlavə maliyyə dəstəyinin olmaması, beynəlxalq ekspedisiyalardan başqa, digər ekspedisiyaların arxeometrik analizlər üçün imkanları azaldıb. Beləliklə, gələcək ekspedisiyaların təşkilində arxeometrik analizlər üçün xüsusi vəsaitin ayrılması, İnstitutun nəzdində arxeometrik tədqiqatlara cavabdeh mərkəzin yaradılması və bu istiqamətdə fəaliyyət göstərən sektorların işinin təkmilləşdirilməsi, maddi-texniki bazasının inkişaf etdirilməsi vacibdir. Natiqin sözlərinə dəstək verərək t.ü.f.d. Fərhad Quliyev vurğuladı ki, Arxeologiya və Etnoqrafiya İnstitutu Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdı və arxeologiya öz istiqamətinə görə, tarix elmi və d. elmlərin sintezi fövqündə ayrıca bir elm sahəsidir. T.ü.f.d. Akif Quliyev təklif etdi ki, inşaat işləri zamanı arxeoloji abidələrin dağıdılmasına görə, məsuliyyətin artırılması məsələsi müvafiq dövlət orqanları qarşısında qaldırılsın. T.ü.f.d. Səfər Aşurov Qazaxstan respublikasının arxeologiya institutlarının fəaliyyət təcrübəsi barədə danışdı. O, bildirdi ki, Qazaxstan arxeologiya institutularında 3-4 elmi şöbə fəaliyyət göstərir. Əsas güc ekspedisiyalara yönəldilir. Layihələr əsasında bir neçə il müddətinə maliyyə ayrılır. Bu müddət ərzində ekspedisiya qarşıya qoyulmuş planların öhdəsindən gələrsə, ekspedisiya rəhbəri qarşıdakı illərə yeni layihə üzrə maliyyə təminatı ala bilər. Eyni iş prinsipini birgə çalışdığımız əcnəbi arxeoloqların fəaliyyətində də görə bilərik. P.Qasımov İnstitut nəzdində məqalə və digər formada elmi məhsulun ingilis dilinə vaxtında və keyfiyyətli tərcüməsi üçün tərcümə mərkəzinin yaradılması təklifini verdi.
Təkliflər verildikdən sonra mövzu üzrə çıxış edən t.ü.e.d. N.Müseyibli qeyd etdi ki, Sərəncama uyğun təkliflərin seçilməsi və hazırlanması üçün xüsusi komissiyanın yaradılması barədə t.ü.f.d. Qoşqar Qoşqarlı fikir irəli sürüb. Amma bununla yanaşı hər bir elmi əməkdaş müvafiq yuxarı instansiyalara öz təkliflərini təqdim etməkdə azaddır. Qərara alındı ki, təqdim edilən təkliflərin qəbul edilməsi, redaktəsi üçün sədr professor M.Rəhimova olmaqla, yaradılacaq xüsusi komissiyaya t.ü.e.d. N.Müseybli, t.ü.f.d. F.Quliyev, t.ü.f.d. S.Aşurov, t.ü.f.d. B.İbrahimli daxil edilsin.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — hazır işlərin çap üçün müzakirəsi idi. Müzakirəyə çıxarılmış hazır işlər sırasında ilk olaraq R.Rüstəmovun müəllifi olduğu “III-XIV əsrlərdə Muğan bölgəsinin arxeoloji abidələri” monoqrafiyası idi. Əsər ikinci dəfə müzakirəyə çıxarılırdı və əsərin yeni rəyçisi t.ü.f.d. Mikayıl Mustafayev əsər barədə mənfi rəyini Elmi Şura üzvlərinin diqqətinə çatdırdı. Əsər Elmi Şura üzvləri tərəfindən çapa məsləhət görülmədi.
Müzakirəyə çıxarılmış ikinci hazır elmi iş — R.Rzayev, A.Seyidov, A.Quliyevin “Antik və orta əsr sikkələri” adlı ali məktəblər üçün dərs vəsaiti idi. Müəlliflərdən biri olan t.ü.f.d. A.Quliyev Elmi Şura üzvlərinin əsərlə bağlı suallarını cavablandırdı. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış üçüncü hazır elmi iş — t.ü.e.d. N.Müseyiblinin “Xocalı-Gədəbəy mədəniyətinə aid Xunan yaşayış yeri” adlı məqaləsi idi. Məqaləyə akademik T.Bünyadov elmi rəy vermişdir. T.ü.e.d. N.Müseyibli məqalə barədə, Tovuz rayonunda 2004-cü ildə aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş göstərilən abidə barədə məlumat verdi. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış dördüncü hazır elmi iş — t.ü.e.d. H.Cəfərovun müəllifi olduğu “Qədim Qarabağ” monoqrafiyası (elmi rəyçilər t.ü.e.d. A.Seyidov və t.ü.e.d. N.Müseyibli) idi. T.ü.e.d. Ə.Cəfərov təklif etdi ki, əsərdə tarixi çərçivələr göstərilsə, daha məqsədə uyğun olar. İradlar və digər təkliflər olmadığından yekdil müsbət rəylə monoqrafiya çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış beşinci hazır elmi iş — Ə.Babayev və E.Abbasovanın müəllifləri olduğu “Orta əsrlərdə Abşeronda olan sənət sahələri” (elmi rəyçilər t.ü.f.d. T.Əliyev və t.ü.f.d. V.Qasımlı) məqaləsi idi. Təklif və iradlar olmadığından elmi əsər yekdilliklə çapa təqdim edildi.
Elmi Şuranın gündəliyinin üçüncü məsələsi — “dosent” elmi adı almaq üçün İnstitutun elmi əməkdaşı t.ü.f.d. N.Ciddi, t.ü.f.d. T.Əliyev və t.ü.f.d. S.Quliyevanın təqdim olunan sənədlərinin müzakirəsi idi. İddiaçıların təqdim edilmiş sənədləri ilə tanışlıqdan sonra Elmi Şura iclasının üzvləri iddiaçının namizədliyinin səsverməyə çıxarılması barədə qərar verdilər. Təklif əsasında t.ü.e.d. H.Cəfərov sədr olmaqla, t.ü.f.d. B.İbrahimli və t.ü.f.d. B.Cəlilovdan ibarət Say komissiyası yaradıldı. Səsvermə keçirildi. Say komissiyasının sədri t.ü.e.d. H.Cəfərov Elmi Şuranın iclas iştirakçılarına keçirilmiş 11 fevral 2019-cu il tarixli gizli səsvermənin 3 saylı protokoluna əsasən məsələ üzrə səsvermə nəticələrini açıqladı.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 27 üzvündən 21-nin iştirakı ilə keçirilmiş 11 fevral 2019-cu il tarixli iclasındakı səsverməyə əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş elmi əməkdaşların namizədliyi üzrə səslər aşağıdakı kimi olmuşdur:
t.ü.f.d. N.Ciddi: leyhinə - 21, əleyhinə - 0, bitərəf - 0.
t.ü.f.d. T.Əliyev: leyhinə - 21, əleyhinə - 0, bitərəf - 0.
t.ü.f.d. S.Quliyeva: leyhinə - 21, əleyhinə - 0, bitərəf - 0.
Beləliklə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş elmi əməkdaşlar t.ü.f.d. N.Ciddi, t.ü.f.d. T.Əliyev və t.ü.f.d. S.Quliyevanın namizədliyi yekdilliklə müsbət səs almışdır.
Say komissiyasının protokol üzrə nəticələri açıqlandıqdan sonra Elmi Şura cari məsələləri müzakirə etdi.