Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ELMİ ŞURANIN NÖVBƏTİ İCLASINDA ŞÖBƏLƏRİN HESABATLARI MÜZAKİRƏ EDİLDİ

  05.11.2019

2019-cu il 04 noyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Elmi Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə dəyişiliklər barədə təkliflər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı. Elmi Şura iclasının gündəliyində yeganə məsələ İnstitut şöbələrinin 2019-cu il fəaliyyəti barədə hesabatlarının müzakirəsi var idi.
“Daş dövrü arxeologiyası” şöbəsinin rəhbəri t.e.d., professor Əsədulla Cəfərov çıxışında bildirdi ki, geniş hesabat İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Şöbə üç monoqrafiya (Ə.Cəfərov “Azıx dünya arxeologiyasında”, M.Mənsurov “Orta Kür hövzəsinin paleolit abidələri”, C.İsmayılov “Azərbaycanın üst paleolit abidələri”) üzərində iş aparır. Fərdi plan üzrə məqalələr əksərən yazılmışdır. 15 aprel tarixində N.Gəncəvi ad. Ədəbiyyat İnstitutunun Elektron Akt zalında Ə.Cəfərovun “Qarabağ: Ulu Vətənimiz” adlı kitabının təqdimat mərasimi keçirildi. Bu il Tibb Universitetində keçirilən akademik D.Hacıyevin xatirəsinə həsr edilmiş beynəlxalq konfransda t.e.d. Ə.Cəfərov çıxış etmişdir. Bundan əlavə Ə.Cəfərov Ali məktəblərdə ustad mühazirə kursları aparmaqdadır. Daha sonra t.e.d. Ə.Cəfərov Elmi şura üzvlərinin suallarını cavablandırmışdır. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edilmişdir.
“İlk orta əsrlər arxeologiyası” şöbəsinin müdiri t.e.d. Arif Məmmədov çıxışında bildirdi ki, 2019-cu il fərdi plan üzrə nəzərdə tutulmuş işlər şöbə əməkdaşları tərəfindən yerinə yetirilmişdir, geniş hesabat İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. T.e.d. Arif Məmmədovun rəhbərlik etdiyi Gəncə-Göygöl arxeoloji ekspedisiyası Gəncə və Göygöl bölgələrində arxeoloji kəşfiyyat işləri aparmışdır. T.e.d. Qafar Cəbiyev Qəbələ arxeoloji ekspedisiyasının Qala orta əsrlər arxeoloji ekspedisyasına, ayrıca Ağsu arxeoloji ekspedisiyasına, Basqalda aparılan tədqiqatların da daxil olduğu İsmayıllı arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. Şöbə əməkdaşlarının fərdi planları üzrə nəzərdə tutulmuş çap işləri əsasən yerinə yetirilmişdir. Məlum səbəblərdən Bərdə arxeoloji ekspedisiyası bu il fəaliyyət göstərməmişdir. T.ü.f.d. Əlibaba Babayev Astara rayonunda Qalakafa adlanan abidədə arxeoloji tədqiqat işləri aparıb. Saatlı rayonunda Azadkənd adlı məntəqədən gələn rəsmi müraciət əsasında şöbə həmin ərazidə qazıntı işlərini gerçəkləşdirib. Gəncəbasar və Aran ərazilərində, Qəbələdə və Şimal-Qərb regionu üzrə arxeoloji kəşfiyyat və tədqiqat işləri aparılıb. Şimal-Qərb regionu üzrə əsasən Zərnə qalasında arxeoloji kəşfiyyat və tədqiqat işlərinə şöbə əməkdaşı t.ü.f.d. Taleh Əliyev rəhbərlik edib. Aparılan tədqiqatlar Mədəniyyət Nazirliyinin müvafiq qurumlarının məsul əməkdaşları ilə birgə gerçəkləşib. Böyük Britaniyanın Esseks Universitetinin “Avropanın ilk orta əsr istehkam yerləri” adlı qrant layihəsi üzrə elektron formalı tədqiqatda şöbə əməkdaşı t.ü.f.d. Taleh Əliyevin əsərinə istinad edilmişdir. Kadrların hazırlanması istiqaməti üzrə şöbə əməkdaşı D.Yusifova tarix üzrə fəlsəfə doktoru diplomunu, t.ü.f.d. Ə.Babayev, t.ü.f.d. T.Əliyev dosent adını almışlar, Zümrüd Qəhrəmanova “Albaniyanın Uti vilayətinin yaşayış yerləri 3-8 əsrlər” (elmi rəhbər t.e.d. A.Məmmədov), Ş.Quliyevin “Müstəqillik illərində Azərbaycanın orta əsr abidələrinin tədqiqatı” (elmi rəhbər t.e.d. Q.Cəbiyev) adlı dissertasiya işləri seminar mərhələsindədir. Hesabatdan sonra şöbə müdiri t.e.d. A.Məmmədov Elmi şura üzvlərinin suallarını cavablandırmışdır. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edilmişdir.
“Orta əsrlər arxeologiyası” şöbəsinin müdiri t.e.d. Tarix Dostiyev rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. Çıxışında t.e.d. T.Dostiyev bildirdi ki, şöbə əməkdaşlarının fərdi planlar üzrə işləri əsasən yerinə yetirilib. Şöbə əməkdaşları əsasən cari ildə Şəmkir, Quba, Qusar və İmişli rayonlarında arxeoloji tədqiqatlarda iştirak ediblər. Şöbə əməkdaşları ötən il fərdi planlarına əsasən ümumilikdə 14 elmi məqalə dərc edib və fərdi plan üzrə 11 elmi məqalə hazırlayıb. T.e.d. T.Dostiyev aparılmış arxeoloji tədqiqatlar barədə geniş məlumat verdi. Natiq bildirdi ki, şöbə əməkdaşları beynəlxalq konfranslarda iştirak ediblər. Türkiyədən gəlmiş Səlcuq dövrü keramikası üzrə mütəxəssislərlə şöbədə görüş keçirilib. Şöbənin geniş hesabatı İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Hesabatdan sonra şöbə müdiri t.e.d. T.Dostiyev Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri t.ü.f.d. Səfər Aşurov rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabat verdi. Şöbənin geniş hesabatı İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. S.Aşurov şöbə tərəfindən aparılan arxeoloji tədqiqatlar sırasında Şabran rayonunda Çaqqallıqtəpə ilk tunc yaşayır yerində, t.ü.f.d. B.Cəlilovun “Arxeoloji texnologiya” sektoru ilə birgə Daşkəsən rayonundakı Çovdar son tunc—erkən dəmir dövrü nekropolunda aparılan qazıntılar barədə məlumat verdi. Qeyd edildi ki, Naxçıvan MR-dakı Maxta ilk tunc abidəsində planlaşdırılan tədqiqatlar obyektiv səbəblərdən gerçəkləşməyib. Tədris işləri ilə bağlı S.Aşurov bildirdi ki, bu il İnstitutun magistraturasına 3 (2 nəfər antropologiya, 1 nəfər arxeologiya və etnoqrafiya ixtisası üzrə) nəfər qəbul olunub. Beləliklə, ötən il qəbul olunmuş 2 nəfərlə birgə, İnstitutun magistraturasında hal-hazırda 5 nəfər tədris proqramındadır. Bu il fəlsəfə doktorluğu üzrə doktoranturaya yerlər ayrılmışdı, amma etnoqrafiya ixtisası üzrə sənədlərini təqdim edən namizədlər olmadı. Arxeologiya ixtisası üzrə 1 nəfər sənədlərini təqdim etmişdi, lakin imtahanları uğursuz oldu. Dissertanturaya gəldikdə isə, arxeologiya və etnoqrafiya ixtisasları üzrə hər birinə müvafiq olaraq ayrılmış 2 yerə sənədlərini təqdim edən namizədlər var. Beləliklə, bu il fəlsəfə doktoru adı almaq üçün 4 nəfər dissertan vardır. Elmlər doktoru adı almaq üçün ayrılmış məqsədli (Lənkəran şəhəri üzrə) doktorantura yerlərinə (2 yer etnoqrafiya, 2 yer arxeologiya ixtisası üzrə) sənəd təqdim edənlər (2 arxeologiya, 1 nəfər etnoqrafiya ixtisası üzrə) qəbul olunublar. Elmlər doktoru adı almaq üçün ayrılmış dissertantura yerləri (2 yer etnoqrafiya, 2 yer arxeologiya ixtisası üzrə) üzrə də göstəricilər eynidir: 2 nəfər arxeologiya ixtisası üzrə sənəd təqdim etmişdir, 1 nəfər etnoqrafiya üzrə sənədlərini təqdim etmiş və beləliklə, etnoqrafiya ixtisası üzrə 1 yer boş qalmışdır. İnstitutlarda Dissertasiya Şuralarının fəaliyyəti dayandırıldığına görə, həmçinin İnstitutda da dissertasiya müdafiəsi olmayıb. Beynəlxalq əlaqələr ilə bağlı S.Aşurov bildirdi ki, bu il, Azərbaycan üzrə kuratoru t.ü.f.d. Zaur Həsənovun olduğu Horizon 2020 proqramı üzrə şöbə əməkdaşları Ankarada (Türkiyə) Bilkent və Hacettəpə universitetlərində elmi mübadilə çərçivəsində olublar. Şöbə əməkdaşları 12-13 mart 2019-cu il tarixlərində Qazaxstanın Mangistau vilayətinin Aktau şəhərində keçirilən «Mangistaunun tarixi-mədəni irsinin öyrənilməsinə yeni baxış və perspektivlər» adlı beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər. Hesabatdan sonra şöbə müdiri t.ü.f.d. S.Aşurov Elmi şura üzvlərinin suallarını cavablandırdı. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edilmişdir.
T.ü.f.d. Abuzər Ələkbərovun rəhbəri olduğu “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektorunun illik fəaliyyəti barədə hesabatı dinlənildi. T.ü.f.d. Abuzər Ələkbərov bildirdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti üçün sektor əməkdaşları sorğular üzrə abidələrin siyahısını və abidələr barədə arayışları tərtib edirlər. Sektorun geniş hesabatı İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Cari ildə sektorun əməkdaşlarının təmsil olunduğu arxeoloji ekspedisiyalar Cəlilabad rayonunun bir sıra kəndlərində (Türkelli, Ləki, Şatırlı və s.), həmçinin, sərhədə yaxın ərazidə yerləşən Mikayıllı kəndində, Qazan köşkü abidəsində kəşfiyyat xarakterli araşdırmalar aparıb. Araşdırmalar zamanı yeni abidələrə rast gəlinib, onların GPS-koordinatları götürülüb, sərhədləri müəyyən edilib. Beynəlxalq əlaqələrə gəldikdə isə, sektor Fransanın Lion Universiteti, CNRS və d. tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir. Bu il Lerik rayonu ərazisində Mondigah arxeoloji kompleksində t.ü.f.d. A.Ələkbərovun rəhbərliyi ilə beynəlxalq arxeoloji tədqiqatlar aparılıb. Fransız tədqiqatçısı doktor Mişel Kazanova ilə birgə arxeoloji tədqiqatlar üçün yeni bir layihənin üzərində işlər aparılır və bu layihə Avropa Birliyinin müvafiq strukturuna təqdim ediləcək. Hesabatdan sonra sektor rəhbəri t.ü.f.d. A.Ələkbərov Elmi şura üzvlərinin suallarını cavablandırdı. Yekdil müsbət rəylə sektorun hesabatı qəbul edildi.
“Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” sektorunun müdiri t.ü.f.d. Qoşqar Qoşqarlı rəhbəri olduğu sektorun illik fəaliyyəti barədə çıxış etdi. Onun bildirdiyinə görə, sektorun əsas vəzifəsi üzrə bu il əsasən iki istiqamətdə arxeoloji tədqiqatlar aparılıb: 1) Tovuz və Ağstafa rayonlarında şosse yolunun yenilənməsi üzrə aparılan tikinti işlərində dövlət qeydiyyatında olan Əristəpə abidəsində; 2) 2016-cı ildə Goranboy rayonunda aşkar edilmiş Kərpiclitəpə abidəsi. T.ü.f.d. Qoşqar Qoşqarlı 10-13 əsrə aid Kərpiclitəpə abidəsində (orta əsr qəsri) aparılan tədqiqat barədə məlumat verdi. Şöbənin əməkdaşı, t.ü.f.d. Azad Zeynalov Qazax rayonundakı Damcılı abidəsində yapon tədqiqatçıları ilə birgə tədqiqatlarda iştirak edib. Qəbələdə Elm Fondu ilə birgə keçirilmiş beynəlxalq konfransda, həmçinin, İran İslam Respublikasında abidələrə baxışda, Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransda şöbə işçiləri təmsil olunub. Müxtəlif elmi jurnallarda şöbə əməkdaşlarının 12 əsəri dərc edilib, 4 məqalə çapdadır. Boru kəmərlərinin çəkilişi ərzində aparılmış tədqiqatlar barədə 30-dan artıq hesabat müvafiq qurumlara, həmçinin, BP şirkətinə göndərilib. Sektorun geniş hesabatı İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Hesabatdan sonra sektor rəhbəri t.ü.f.d. Q.Qoşqarlı Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə sektorun hesabatı qəbul edildi.
T.ü.f.d. B.Cəlilov rəhbərlik etdiyi “Arxeoloji texnologiya” sektorunun illik fəaliyyəti barədə çıxış etdi. O bildirdi ki, sektor fərdi plan üzrə nəzərdə tutulmuş elmi məqalələr, hesabatlar və aparılmış arxeoloji tədqiqatlar üzrə geniş hesabatı Yoxlama komissiyasına təqdim edib. Çöl-tədqiqat işlərinə gəldikdə sektor Daşkəsən rayonundakı Çovdar son tunc—erkən dəmir dövrü nekropolunda, Goranboy rayonu ərazisindəki Qaraçinar çoxtəbəqəli abidəsi və Uzun Rəmədəki yeni kəşf edilmiş ilk tunc dövrü kurqanaltı sərdabəsində, həmçinin, Gəncə şəhərinin inzibati ərazisindəki H.Əliyev parkında aşkar edilmiş son tunc-erkən dövrünə aid daş örtüklü kurqan tipli abidədə tədqiqatlar aparıb. Çıxışında t.ü.f.d. B.Cəlilov hal-hazırda materialları kameral tədqiqatda olan Çovdar nekropolunun arxeologiya üzrə böyük önəmindən söz açdı. Azərbaycanın Fransa və İtaliya alimləri ilə birgə beynəlxalq arxeoloji ekspedisiyaları və əldə edilmiş nəticələr barədə məlumat verdi. T.ü.f.d. B.Cəlilov bildirdi ki, bu il, Azərbaycan üzrə kuratoru t.ü.f.d. Zaur Həsənovun olduğu Horizon 2020 proqramı üzrə Ankarada (Türkiyə) Bilkən və Hacettəpə universitetlərində elmi mübadilə çərçivəsində elmi ezamiyyətdə olmuşdur. Sektor əməkdaşlarından bir nəfər t.ü.f.d. dissertasiyasını müdafiə edərək müvafiq sənədləri AAK-a təqdim edib. Sektor əməkdaşlarından biri dissertanturaya, digəri magistratura pilləsinə qəbul olunub. Sektor tərəfindən il ərzində 7 məqalə və Azərbaycanın qədim metallurgiyası barədə 1 kitab nəşr edilib. Sektorun geniş hesabatı İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Hesabatdan sonra sektor rəhbəri t.ü.f.d. B.Cəlilov Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə sektorun hesabatı qəbul edildi.
T.ü.f.d. İ.Əliyevin rəhbəri olduğu Elmi arxivin illik fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış etdi. Natiq bildirdi ki, rəhbərlik etdiyi şöbə cari ildə Bakı-Abşeron üzrə və İçəri şəhərdəki Xan sarayında arxeoloji tədqiqatlar aparıb. Bakı-Abşeron üzrə 2018-ci ilin dekabr ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərlik etdiyi “Abşeron arxeoloji ekspedisiyası”nın bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında, Qırməki adlanan sahədə daş alətlər aşkar olundu. Alətlərin üst paleolit və ya mezolitə aid olması hələki müzakirə mövzusudur. Quba rayonunun inzibati ərazisinə daxil olan Xınalıq kəndinin cənub-şərqində e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropolda da bu il tədqiqatlar davam etdirilmişdir. Həmçinin, t.ü.f.d. İ.Əliyev mayın 21-23-də Qazaxıstanın Almatı şəhərində UNESCO-nun himayəsi altında Xəzər regionunun sualtı mədəni irsinin mühafizəsinə dair keçirilmiş 1-ci Regional İşçi görüşündə iştirak etmişdir. İl ərzində arxivdə 300-dən yuxarı tədqiqatçı çalışıb. Əlyazmalar, protokollar və d. sənədlər elektron versiyaya keçirilir, onların qeydiyyatı aparılır. Elmi arxivin geniş hesabatı İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Hesabatdan sonra Elmi arxivin rəhbəri t.ü.f.d. İ.Əliyev Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə Elmi arxivin hesabatı qəbul edildi.
Daha sonra İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərviz Qasımov çıxış etdi. O, bildirdi ki, 2018-ci il 19 dekabrda AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı, AMEA Mərkəzi Elmi Kitabxana / İnformasiya Resursları Mərkəzinin təşkilati dəstəyi ilə keçirilmiş “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa”da AMEA institut və təşkilatlarının İctimaiyyətlə əlaqələr şöbələrinin müdirlərinə elmin təbliğindəki xidmətlərinə görə AMEA-nın sabiq prezidenti, akademik Akif Əlizadənin imzaladığı təşəkkürnamələr təqdim olunub. Mükafatlandırılanlar sırasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsi də var idi. Daha sonra P.Qasımov rəhbərlik etdiyi şöbənin il ərzində göstərdiyi fəaliyyət barədə danışdı, Elmi Şura üzvlərini şöbənin fəaliyyət nəticələrinin müxtəlif göstəricilər üzrə rəqəmləri ilə tanış etdi. Şöbədə yeganə fərdi plan götürmüş P.Qasımov nəzərdə tutulmuş bütün öhdəlikləri (elmi məqalələr, çöl-tədqiqat işləri üzrə) yerinə yetirmişdir. Şöbə üzvləri Tovuz, Qəbələ, Qusar, Goranboy, Gəncə-Qazax, Abşeron və Qarabağ arxeoloji ekspedisiyalarında iştirak ediblər. Şöbə müdiri bu il, Azərbaycan üzrə kuratoru t.ü.f.d. Zaur Həsənovun olduğu Horizon 2020 proqramı üzrə aprelin 18-19-da Bolqarıstan Respublikasının Blaqoyevqrad şəhərinin Neofit Rilski ad. Cənub-Qərb Universitetində Balkan tədqiqatları və balkanşünaslıq üzrə XXVIII Beynəlxalq Dəyirmi Masada (“Scientific knowledge - autonomy, dependence, resistance” XXVIII İnternational Round Table) məruzə ilə çıxış etmiş etmişdir. Şöbənin geniş hesabatı İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Hesabatdan sonra şöbə müdiri P.Qasımov Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
İclasda akademik Teymur Bünyadov da iştirak edirdi.