Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ELMİ ŞURANIN İCLASINDA ŞÖBƏLƏRİN HESABATLARI MÜZAKİRƏ EDİLDİ

  07.11.2019

2019-cu il 06 noyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq Elmi Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə dəyişiliklər barədə təkliflər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şura iclasının gündəliyində yeganə məsələ İnstitut şöbələrinin 2019-cu il fəaliyyəti barədə hesabatlarının müzakirəsi var idi.
“Etnoarxeologiya” şöbəsinin rəhbəri t.e.d., professor Nəcəf Müseyibli çıxışında bildirdi ki, geniş hesabat İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Şöbədə iki arxeoloji ekspedisiya fəaliyyət göstərib. Birinci ekspedisiya professor N.Müseyiblinin rəhbərliyi altında Akstafa rayonu ərazisində neolit abidələrinin tədqiqatını aparıb (Acıdərə qədim çay yatağı ətrafında). İkinci ekspedisiya t.ü.f.d. Anar Ağalarzadə tərəfindən Yardımlı rayonu ərazisində fəaliyyət göstərib. Şöbə il ərzində 30-dək çap işini gerçəkləşdirib. İki kitab nəşr edilib. Şöbə əməkdaşları respublikada və xarici ölkələrdə keçirilən konfranslarda iştirak ediblər. “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” sektorunun Goranboy rayonu ərazisindəki Kərpiclitəpə abidəsində apardığı tədqiqatlarda da şöbə əməkdaşları iştirak etmişlər. Həmçinin, professor N.Müseyibli nəzərə çatdırdı ki, Elmi istiqamətlər üzrə Elmi Şuralar öz fəaliyyətinə başlayıb və mövzu ilə əlaqədar iclas iştirakçılarına məlumat verdi. Daha sonra t.e.d. N.Müseyibli Elmi şura üzvlərinin suallarını cavablandırmışdır. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edilmişdir.
“Tarixi etnoqrafiya” şöbəsinin rəhbəri akademik Teymur Bünyadov çıxışında bildirdi ki, şöbə Qəbələnin tarixi və etnoqrafiyası barədə çoxcildlik tədqiqat hazırlamışdır. Yaxın zamanda “Seba” ictimai təşkilatının dəstəyi ilə hazırlanmış həmin etnoqrafik çoxcildliyin təqdimat mərasimi keçiriləcəkdir. Şöbənin digər əsaslı çap işi Tofiq Babayevin hazırladığı, hələlik “Bahadırlar” ilkin adla müzakirəyə çıxarılmış əsərdir. Azərbaycanın qədim pəhlivanlıq institutu (zorxana) barəsindədir. İkincisi İlhamə Məmmədovanın Azərbaycanda tarixi çayxana mədəniyyəti barədədir. “Azərbaycanda atçılığın tarixi” 400 səhifəlik kitab şöbə tərəfindən çapa hazırlanıb. Şöbədə iki əməkdaş t.ü.f.d. diplomunu almışdır. Şöbənin iki əməkdaşı t.ü.f.d. üçün dissertasiyasını, bir əməkdaşı isə, t.e.d. işini müdafiəyə təqdim etmişdir. Şöbə etnoqrafik ekspedisiyalar təşkil etmişdir. Şöbənin geniş hesabatı İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Hesabatdan sonra şöbə müdiri akademik T.Bünyadov Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Tunc və ilk dəmir dövrləri arxeologiyası” şöbəsinin müdiri t.e.d. Vəli Əliyev çıxışında bildirdi ki, 2019-cu il fərdi plan üzrə nəzərdə tutulmuş işlər şöbə əməkdaşları tərəfindən yerinə yetirilmişdir, geniş hesabat İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Şöbə əməkdaşı t.ü.f.d. Müzəffər Hüseynovun başçılıq etdiyi arxeoloji ekspedisiya Goranboy rayonu ərazisində tunc dövrü nekropol və çoxtəbəqəli abidələrində tədqiqatlar aparıb. Həmçinin, şöbə əməkdaşlarının da cəlb edildiyi fransız arxeoloqları ilə birgə Goranboy rayonu ərazisində beynəlxalq ekspedisiya fəaliyyət göstərmişdir. Şöbə əməkdaşları həmçinin, Daşkəsəndə son tunc erkən dəmir dövrü Çovdar nekropolunda, Qəbələ və Ağsu ekspedisiyalarında çalışmışlar. İllik plan üzrə şöbədə 2 monoqrafiya və 10-larla məqalələr nəşr edilmişdir. Azərbaycan arxeologiyası çoxcildliyinin müvafiq cildi üzrə işlər yekunlaşmaq üzrədir. Hesabatdan sonra şöbə müdiri t.e.d. V.Əliyev Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsinin müdiri t.e.d., professor Hidayət Cəfərov rəhbəri olduğu şöbənin illik fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. Çıxışında t.e.d. H.Cəfərov bildirdi ki, şöbə əməkdaşlarının fərdi planlar üzrə işləri əsasən yerinə yetirilib, geniş hesabat İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Şöbə əməkdaşları əsasən cari ildə şöbənin Qarabağ (Palıdlı nekropolu), Gədəbəy, Ağdam-Füzuli-Bərdə, Tərtər, ekspedisiyalarında çalışmışlar. Şöbənin 40 elmi əsər və məqalələri nəşr edilib. Şöbədə bir t.e.d. və t.ü.f.d. dissertasiya işləri hazırdır. Şöbənin gənc əməkdaşı Damcılı məskən yerində yapon-Azərbaycan beynəlxalq arxeoloji ekspedisiyasında və Türkiyədə neolit dövrü abidələrində aparılan arxeoloji ekspedisiyada iştirak etmişdir. Rusiya, Türkiyə və d. ölkələrdəki elmi mərkəzlərlə əməkdaşlıq mövcuddur. Hesabatdan sonra şöbə müdiri t.e.d. H.Cəfərov Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Hesabatdan sonra şöbə müdiri t.e.d. H.Cəfərov Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
T.ü.f.d. Təvəkkül Əliyevin rəhbəri olduğu “Çöl tədqiqatları” sektorunun illik fəaliyyəti barədə hesabatı dinlənildi. Tədqiqatlar əsasən üç istiqamətdə getmişdir: Qarabağ regionu, Şimal-şərqi Azərbaycan və Naxçıvan üzrə. Hesabat ilində bu istiqamətlər üzrə sektor üç ekspedisiyalar təşkil etmişdir. Qarabağ-Mil düzündə təsərrüfat işləri ilə əlaqədar aparılan tikintilər zamanı hər il kütləvi şəkildə son tunc-erkən dəmir dövrünə aid nekropollar və qədim yaşayış məskənləri dağıdılmaqdadır. Beləliklə, şöbə əməkdaşları təkcə tədqiqatlar deyil, həmçinin, göstərilən ərazilərdə abidələrin mühafizəsi və ya xilasetmə qazıntıları ilə məşğuldur. Şöbənin 1 əməkdaşı t.ü.f.d. diplomunu almışdır. İnstitun bütün ekspedisiya rəhbərləri 2018-ci il üçün ekspedisiyalar barədə hesabatları sektora təqdim etmişlər. Sektor əməkdaşlarının cari ildə bir monoqrafiyası nəşr edildi və 10-dan çox məqaləsi çap edilmişdir. Sektorun geniş hesabatı İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Hesabatdan sonra sektor müdiri t.ü.f.d. T.Əliyev Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin müdiri t.ü.f.d. Zaur Həsənov çıxışında bildirdi ki, 2019-cu il fərdi plan üzrə nəzərdə tutulmuş işlər şöbə əməkdaşları tərəfindən yerinə yetirilmişdir, geniş hesabat İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Şöbədə əsasən “Azərbaycan arxeologiyası” çoxcildliyi üzrə işləri davam etdirilib, şöbə üzvlərinin məqalələri xaricdə nəşr edilən elmi toplularda, o cümlədən, impakt-faktorlu jurnallarda dərc edilib. Şöbənin nəzdində bir neçə beynəlxalq ekspedisiya fəaliyyət göstərir: t.ü.f.d. Zaur Həsənovun rəhbərlik etdiyi Şəkidə Azərbaycan-Qazaxıstan (Şəki), t.ü.f.d. Ceyhun Eminlinin rəhbərlik etdiyi Azərbaycan-ABŞ (Lerik), Azərbaycan-Koreya (Qəbələ), t.ü.f.d. Emil İsgəndərlinin rəhbərlik etdiyi Azərbaycan-Almaniya (Şəmkir) beynəlxalq ekspedisiyaları. Şəkidə fəaliyyət göstərmiş Azərbaycan-Qazaxıstan beynəlxalq ekspedisyasında ilk dəfə olaraq Azərbaycanda arxeoloji tədqiqatlarda ortofotoplanların hazırlanması üçün dron çəkilişlərindən istifadə edilib. İri ərazilər üzrə ortofotoplanları AMEA-nın Yüksək texnologiyalar Parkının, qazıntı ərazisi üçün qazaxıstanlı mütəxəssislər hazırlayacaq. Həmçinin, Lerikdə fəaliyyət göstərmiş Azərbaycan-ABŞ ekspedisiyası 100-dən çox antik dövr insan qalıqları əsasında demoqrafik təhlilə (yaş, cins və d. parametrlər üzrə) təqdim edilib. Balakənin Tülü kəndindəki alban məbədinin tədqiqatı t.ü.f.d N.Alışov tərəfindən aparılıb. T.ü.f.d. Əkbər Bədəlovun rəhbərlik etdiyi ekspedisiya Naxçıvan MR-da fəaliyyət göstərib. Şöbə əməkdaşları beynəlxalq konfranslarda, həmçinin, t.ü.f.d. Z.Həsənov Yunanıstanda və Qazaxıstanda arxeoloji ekspedisiyalarda iştirak etmişdir. Həmçinin, şöbə üzvləri ERASMUS və Horizon 2020 beynəlxalq proqramlarında təmsil olunur. İl ərzində şöbə əməkdaşlarının 14 məqaləsi dərc edilib. Hesabatdan sonra şöbə müdiri t.ü.f.d. Z.Həsənov Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, t.ü.f.d. Bəhlul İbrahimli çıxışında bildirdi ki, 2019-cu il fərdi plan üzrə nəzərdə tutulmuş işlər şöbə əməkdaşları tərəfindən yerinə yetirilmişdir, geniş hesabat İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. T.ü.f.d. Bəhlul İbrahimli çıxışında göstərdi ki, onun rəhbərliyi altında Naxçıvan MR-da Xaraba Gilan arxeoloji ekspedisiyası Plovdağ yaşayış yerlərində arxeoloji qazıntı işləri aparıb. Plovdağın cənub və şimal ətəklərini əhatə edən iki yaşayış yeri vardır. Bu ilki arxeoloji qazıntıların əsas məqsədi yaşayış yerlərinin xronologiyasını müəyyən etməkdən ibarət idi. Plovdağ yaşayış yerlərində aparılmış arxeoloji qazıntılar nəticəsində müəyyən edildi ki, I yaşayış yeri e. ə. II minilliyin əvvəllərindən sonuna qədər olan dövrü, II yaşayış yeri isə e.ə. IV minilliyin ortalarından III minilliyin sonlarına qədər olan bir dövrü əhatə edir. Şöbə əməkdaşları İmişli rayonu ərazisində Qızıltəpə, Şabran rayonu ərazisində Çaqqallıqtəpə abidələrində, Daşkəsən rayonu Covdar nekropolunda, Şəmkir rayonu Qaracəmirli kəndi ərazisində, Azərbaycan-Koreya Qəbələ Beynəlxalq arxeoloji ekspedisiyasının Qəbələ şəhər yerində, Azərbaycan–Yaponiya birgə ekspedisiyasının Qazax rayonu ərazisində, Qaraca düşərgəsində Paleolit arxeoloji ekspedisiyasinda arxeoloji qazıntılarda iştirak etmişlər. Şöbənin əldə etdiyi yeni elmi nailiyyətlər sırasında Plovdağ yaşayış yerlərinin xronologiyasının müəyyən edilməsini, Pazırık xalçaları (e.ə. V-IV əsrlər) ilə Xaraba Gilandan tapılmış XI-XII əsrlərə aid xalça məmulatları və parça nümunələri, eyni zamanda Naxçıvanın Son Orta əsrlər və müasir xalçaları və xalça məmulatları arasında genetik bağlılığın olduğunun təyinin göstərmək olar. Şöbə tərəfindən Qarabağ abidələrinin elektron xəritəsinin çıxarılması və abidələrin arxeoloji xəritəsinin hazırlanması üzrə iş aparılır. Qarabağ abidələrinin elektron xəritəsinin çıxarılması və abidələrin arxeoloji xəritəsinin hazırlanması üzrə iş aparılır. Şöbə əməkdaşlarının hesabat ilində 8 məqaləsi dərc edilib. Şöbədə 1 nəfər magistraturanın ikinci kursundadır, şöbə müdiri B.İbrahimli magistraturanın I və II kurslarında müxtəlif mövzular üzrə tədris işi aparmışdır. Daha sonra şöbə müdiri B.İbrahimli şöbənin indiyədək iş otağının olmaması, bunun nəticəsi kimi tədqiqat işlərinin aparılmasında mövcud problemlərdən söz açmışdır. Hesabatdan sonra şöbə müdiri t.ü.f.d. B.İbrahimli Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
T.ü.f.d. Fərhad Quliyevin rəhbəri olduğu “Elmi ekspozisiya” şöbəsinin illik fəaliyyəti barədə hesabatı dinlənildi. İçəri şəhərdə yerləşən şöbənin nəzdindəki muzey il ərzində ali və orta məktəbin tələbələri, yerli və xarici qonaqlar və turistlər ziyarət etmişlər. Sərgi zalında tarix və arxeologiyaya aid mühazirələr və açıq dərslər keçirilir. İyulun 4-də Azərbaycan Milli İncəsənət Muzeyində açılmış “Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarının 10 illiyi” mövzusunda Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın ölkəmizdəki səfirliyinin, AMEA Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun iştirakı ilə iki ölkənin arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini özündə əks etdirən sərginın təşkilində ilk növbədə şöbə əsas fəaliyyəti göstərmişdir. Şöbə əsasən Tovuz rayonu ərazisində Göytəpə neolit məskənində tədqiqatlar aparmışdır. Şöbənin 30-dan çox məqalələri indiyədək impakt-faktorlu jurnallarda dərc edilib, onlara 240-dan çox istinad vardır. Həmin 30-dan çox məqalələrin 3-ü bu il impakt-faktorlu jurnallarda çap edilib. Hal-hazırda fransalı mütəxəssislərlə nəzəri məsələləri işıqlandıran layihə üzərində iş gedir. Şöbə əməkdaşları Horizon 2020 beynəlxalq proqramına cəlb ediliblər. Şöbənin geniş hesabatı İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Hesabatdan sonra şöbə müdiri t.ü.f.d. F.Quliyev Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Müasir dövr etnoqrafiyası” şöbəsi şöbəsinin müdiri t.ü.f.d. Emil Kərimov çıxışında bildirdi ki, şöbənin geniş hesabatı İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Şöbə Bakının tarixi etnoqrafiyası, Azərbaycan etnoqrafiyası barədə, kollektiv müəllif əsərləri və məqalə toplusu olan üç kitab çapa artıq hazırlayıb. Naxçıvan ərazisində müasir etnoqrafik tədqiqat mövzuları üzrə etnoqrafik ekspedisiya təşkil edildi. Şöbənin 2 əməkdaşı t.ü.f.d. dissertasiyasını müdafiəyə təqdim edib. Şöbə əməkdaşlarının 17 məqaləsi çap edilib. Hesabatdan sonra şöbə müdiri t.ü.f.d. E.Kərimov Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
İnstitutun Antropologiya mərkəzinin müdiri a.e.d. Əliağa Məmmədli hesabat xarakterli məruzə ilə çıxış etdi. O bildirdi ki, şöbə əməkdaşlarının 20-dək məqaləsi çap edilib, 1 monoqrafiya nəşr olunub. Şöbənin geniş hesabatı İnstitutun Yoxlama Komissiyasına təqdim edilib. Şöbə etnoqrafik ekspedisiyar təşkil etmişdir. Fiziki antropologiya üzrə xarici ölkədə magistraturanı bitirmiş əməkdaş şöbəyə cəlb edilib. Hesabatdan sonra Mərkəzin müdiri a.e.d. Ə.Məmmədli Elmi şura üzvlərinin verdiyi sualları cavablandırdı. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi. Daha sonra Elmi Şura cari məsələlərin müzakirəsinə keçdi. Cari məsələlər sırasında İnstitutun ümumi işlər üzrə direktor müavini Malik Əliyev Elmi Şura üzvlərinin diqqətinə bir sıra məsələləri çatdırdı.