Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ELMİ ŞURANIN İCLASINDA İNSTİTUTUN İLLİK FƏALİYYƏT HESABATI MÜZAKİRƏ OLUNDU

  11.11.2019

2019-cu il 08 noyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyinə “AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 2019-cu ildə yerinə yetirdiyi elmi tədqiqat və elmi-təşkilati işlərin Hesabatı”nın müzakirəsi daxil edilmişdi. İclasda filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva iştirak edirdi. İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq Elmi Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə dəyişiliklər barədə təkliflər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İnstitutun direktoru, t.e.d., professor Maisə Rəhimova 2019-cu il üçün illik Hesabatının mətni ilə Elmi Şura üzvlərini tanış etdi.
İlk növbədə professor M.Rəhimova Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycanda elm, arxeologiya sahəsi, mədəni irsin qorunması ilə bağlı sərəncamlarını xatırlatdı. Sərəncamlarda sadalanmış vəzifələrə rəğmən professor M.Rəhimova bildirdi ki, hesabat ili ərzində Azərbaycanın bütün regionlarında arxeoloji tədqiqatlar aparılmış, əvvəl elmə məlum olmayan tarixi və mədəni abidələr aşkar edilmişdir. Beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərmişdir, arxeometrik tədqiqatlar prioritet istiqamət olmuşdur. İnstitut əməkdaşları xarici ölkələrdə çeşidli elmi tədbirlərdə və tədqiqatlarda iştirak etmişdir. Müxtəlif bölgələrdə tarixi abidələrin mühafizə zolağının yaradılması və ilkin mühafizəsinin təşkili ilə əlaqədar geniş işlər həyata keçirilib. Müxtəlif rayonlarda yeni tikinti sahələrində aşkar edilmiş abidələrdə xilasetmə işləri aparılmışdır.
Professor M.Rəhimova xüsusi olaraq İnstitutun Xalçaçılıq şöbəsinin əldə etdiyi nailiyyətlər barədə məlumat verdi. Həmçinin, göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun yaradılacaq tarixi abidə qoruqlarının sərhədlərinin müəyyən edilməsi, abidələrin tədqiqi işində İnstitut əsas rollardan birini oynamaqdadır.
Daha sonra İnstitutun “Elmi tədqiqat və elmi təşkilat” üzrə fəaliyyətinin nəticələrindən danışıldı. 2019-cu ildə respublikanın Qazax, Ağstafa, Tovuz, Gəncə, Şəmkir, Goranboy, Gədəbəy, Daşkəsən, İmişli, Şəki, Balakən, Lerik, Qəbələ və d. bölgələrində arxeoloji ekspedisiyalar fəaliyyət göstərmişdir. Naxçıvan MR, Qazax, Şəmkir, Gədəbəy, İsmayıllı və Tovuz bölgələrində etnoqrafik ekspedisiyalar tədqiqat aparmışdır. Beynəlxalq əməkdaşlıq üzrə Fransa, İtaliya, Koreya, Yaponiya, Qazaxıstan arxeoloqları ilə birgə qazıntılar aparılmış, elmi təcrübə mübadiləsi xarakterli görüşlər keçirilmişdir. İnstitut 24 mövzu və 24 istiqamət üzrə tədqiqatlar aparmışdır. Professor M.Rəhimova hər bir problem üzrə işlənmiş mövzular barədə ətraflı məlumat verdi.
Kadr hazırlığı üzrə 2019-cu ildə arxeologiya, etnoqrafiya və etnologiya üzrə 4 nəfər doktorluğa qəbul edilmişdir, 2018-2019-cu illər arxeologiya ixtisası üzrə elmlər doktorluğuna iki nəfər doktoranturaya, 3 nəfər dissertanturaya qəbul edilmişdir. 2018-2019-cu illər etnoqrafiya, etnologiya ixtisası üzrə elmlər doktorluğuna 1 nəfər doktoranturaya, 1 nəfər dissertanturaya qəbul edilmişdir. Fəlsəfə doktorluğu hazırlığına arxeologiya ixtisası üzrə doktoranturaya, dissertanturaya qəbul edilmiş kadrlar vardır.
İl ərzində 10-dək monoqrafiya və ya kollektiv müəllifliklə əsərlər nəşr olunmuşdur. İnstitut əməkdaşlarının məqalələri bir neçə impakt-faktorlu jurnalda dərc edilmişdir.
Hesabatın oxunuşundan sonra müzakirələr keçirildi. Müzakirələrdə t.e.d. Ə.Cəfərov, t.e.d. H.Cəfərov, t.e.d. Q.Cəbiyev, t.ü.f.d. Q.Qoşqarlı, t.ü.f.d. Z.Həsənov, t.ü.f.d. F.Quliyev, t.ü.f.d. T.Babayev və d. çıxış etdilər. Akademik Gövhər Baxşəliyeva da sonda Hesabat barədə öz fikir və qeydlərini bildirdi.