Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



QAZAX VƏ AĞSTAFADA ETNOQRAFİK TƏDQİQATLAR APARILIB

  15.11.2019

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun etnoqrafik ekspedisiyası Qazax və Ağstafa rayonlarında etnoqrafik tədqiqatlar aparmışdır. Etnoqrafik ekspedisiyanın məqsəd və vəzifələrinə uyğun olaraq bölgənin təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyəti, sənətkarlığı, ailə məişəti, folkloru və s. tədqiqata cəlb olunmuşdur. Bölgədə şəhər əhalisinin artması, şəhər infrastrukturunun genişlənməsi, xidmət sahələrinin artması, müasir rabitə - internetin təsiri, əhalinin dünyagörüşündə, həyat tərzində, məişətində, ailə və ailə - nikah münasibətlərində, ağsaqqallıq, ağbirçəklik, qarşılıqlı yardım formaları, toy və yas mərasimlərinin keçirilməsi, mətbəx mədəniyyəti və s. sahələrdəki dəyişikliklər öyrənilmişdir.
Ekspedisiya üzvləri Ağstafa Regional Mədəniyyət İdarəsində, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağstafa Tarix-Diyarşünaslıq Müzeyi, Qazax İH mədəniyyət şöbəsində olmuşlar. Qazax və Ağstafa şəhər mərkəzləri ilə yanaşı, Qazax rayonunun Kosalar, Alpoud, Qıraq Kəsəmən, Ağköynək, Daş Salahlı, Abbasbəyli, Qarapapaq, Kəmərli, Qaymaqlı, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Xanlıqlar, Astanbəyli, Sadıxlı, Muğanlı, Böyük Cəfərli və s., Ağstafa rayonunun Həsənsu, Eynallı, Vurğun, Köçəsgər, Poylu, Qarahasanlı, Düz Qışaq, Kolayır, Pirili, Xılxına kəndlərində ekspedisiya üzvləri informatorlarla görüşlər keçirmiş, söhbətlər aparmış, etnoqrafik materiallar toplanmışdır.
Bölgənin təsərrüfat həyatında taxılçılıq, kartofçuluq, baramaçılıq, tütünçülük, həmçinin, atçılıq, camışçılıq, balıqçılıq, arıçılıq kimi sahələrin bu günki durumu da ekspedisiyanın diqqətində olmuşdur.
Ekspedisiyanın gedişində müxtəlif yaşayış məntəqələrində yaşamış və indi yaşayıb-yaradan sənətkarlar haqqında məlumat toplanmış, ənənəvi sənət sahələrinin indiki vəziyyəti, baş verən dəyişikliklər öyrənilmişdir.
Azərbaycanın xalq sənətkarlıq növlərindən biri olan sandıqçılıq Qazaxda yaşamaqdadır. Rayon mərkəzində sandıqçılıqla məşğul olan Nofəl Qurbanovun bildirdiyinə görə, bu sənət sahəsi bir növ ailə ənənəsi sayılır. Hazırda cehiz sandıqlarının bazarı yoxdur, müasir mebellər ənənəvi sandıqları çoxdan sıradan çıxarmışdır. Amma mücrü sandıq hazırlanmasına üstünlük verilir. Nofəl Qurbanov mücrü sandıqları əsasən tam quru şam ağacından hazırlayır.
Ekspedisiya Qazax-Ağstafa bölgəsində sazbəndlik sənətinin bu günki durumu barədə məlumatlar əldə etmişdir. Ekspedisiyanın gedişində Bağanıs Ayrım sakinləri olan sazbəndlər Səhlədar Adıgözəlov və oğulları Adıgözəlov Nazim, Adıgözəlov İsrafil, Adıgözəlov Bəhruz, qardaşı oğlu Adığözəlov Elvin, Qazaxbəyli kənd sakini Bəxtiyar Yusifov sazbənd sənəti və onun bu günki vəziyyəti barədə ekspedisiya üzvlərini məlumatlandırmışlar.
“Qara saz”, “Ana saz”, “Sədəfli saz”, “Beçə saz” kimi çeşidlərə malik sazları düzəldilməsi bir neçə mərhələdən keçir. Müxtəlif hissələri fərqli ağac növlərindən düzəldilən alət təxminən 10-12 gündən bir ayadək müddətdə hazırlanır.
Ekspedisiya ərzində toplanmış məlumatların hal-hazırda təhlili aparılır, bölgədə əhalinin həyatında və təsərrüfatında yeniliyin və qədim ənənələrin təzahür formalarının xüsusiyyətləri araşdırılır. Ənənələrin qorunması, yeni tendensiyaların istiqamətinin təyin edilməsi baxımından əhəmiyyətli tədqiqatın nəticələri daha sonra çapa təqdim olunacaqdır.
Qeyd edək ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qazax və Ağstafa rayonlarına etnoqrafik ekspedisiyasının heyəti aparıcı elmi işçi, t.ü.f.d. Bəhmən Əliyev (ekspedisiyanın rəhbəri), aparıcı elmi işçi, t.e.d. İlhamə Məmmədova, aparıcı elmi işçi, t.ü.f.d. Əsəd Əliyev, aparıcı elmi işçi, t.ü.f.d. Sevil Ağamalıyeva, elmi işçi İsmayıl Umudlu, kiçik elmi işçi Gülnar Tağıyevadan ibarət olmuşdur.