Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



XOCALI-GƏDƏBƏY MƏDƏNİYYƏTİNİN ARXEOLOJİ TƏDQİQİNƏ HƏSR EDİLMİŞ MONOQRAFİYA NƏŞR EDİLİB

  25.11.2019

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin və İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun müəllifi olduqları “Zəyəmçay nekropolu” adlı monoqrafiya üç dildə (Azərbaycan, ingilis və rus dillərində) nəşr edilmişdir.
Kitab Şəmkir rayonu ərazisindəki Son Tunc-İlk Dəmir dövrü (e.ə. II minilliyin ikinci yarısı-I minilliyin əvvəli) Xocalı-Gədəbəy mədəniyyətinə aid Zəyəmçay nekropolunda aparılan arxeoloji qazıntıların nəticələrindən bəhs edir.
Nekropolda qazıntılar 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz Qaz Kəmərlərinin çəkilişi ilə əlaqədar kəmərlərin marşrutundakı arxeoloji abidələrin təxirəsalınmadan öyrənilməsi proqramına uyğun olaraq aparılmışdır. Bu proqram daxilində Zəyəmçay hövzəsini də əhatə edən arxeoloji qazıntılar hövzənin tədqiq edilən qəbir abidələrinin və yaşayış yerlərinin sayını artırmaqla yanaşı, mühüm elmi nəticələr və yeni faktların üzə çıxarılmasına yol açdı.
Zəyəmçay nekropolu Zəyəm çayının sağ sahilində Bayramlı kəndinin yaxınlığında yerləşir. Kitabda qeyd edilir ki, nekropolda üç qəbir tipinə rast gəlinir: kurqanlar, torpaq qəbirlər və daş örtüklü qəbirlər. Bir sıra fərqli, lokal dəfn adətlərinə malik olan Zəyəmçay nekropolunda Son Tunc-İlk Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə aid zəngin, maraqlı artefaktlar aşkar edilmiş, dəfn adətləri izlənilmişdir.
Əldə edilmiş tapıntılar müxtəlif parametrlər üzrə təsnif edilmişdir. Əsərdə Zəyəmçay nekroplundan tapılmış maddi mədəniyyət nümunələrinin statistikası, geniş və təfsilatlı qrafik və foto təsvirləri oxucuların diqqətinə təqdim olunub.
Zəyəmçay nekropolunun tədqiqatları zamanı aşkar edilmiş tapıntılardan nümunələrin analizi ABŞ-ın Mayamidəki (Florida) Beta radiokarbon laboratoriyasında aparılmışdır. Azərbaycan ərazisində indiyədək tədqiq edilmiş Xocalı-Gədəbəy mədəniyyəti abidələrinin tarixlənməsi əsasən tarixi-mədəni və stratiqrafik metodla, yəni nisbi olaraq tərtib edilmişdi. İlk dəfə olaraq Son Tunc - İlk Dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti üçün çoxsaylı radiokarbon tarixlənmə analizlərinin seriyası məhz “Zəyəmçay nekropolu” əsərində öz əksini tapıb.
Kitab arxeoloqlar, etnoqraflar, antropoloqlar, ali məktəblərin tarix fakültələrinin tələbələri və müəllimləri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.