Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİM BEYNƏLXALQ KONFRANSDA DİNLƏRARASI DİALOQDA HEYDƏR ƏLİYEV FONDUNUN MÜHÜM ROLU BARƏDƏ ÇIXIŞ EDİB

  26.11.2019

Noyabrın 21-22-də Rusiya Federasiyası (RF) Tatarstan Respublikasının Bolqar şəhərində Rusiya Elm və Ali təhsil nazirliyinin dəstəyi ilə Bolqar İslam Akademiyasının və M.V.Lomonosov ad. Moskva Dövlət Universitetinin, Rusiya müsəlmanları Mərkəzi Dini İdarəsinin, eləcə də Rusiya və Tatarıstan müsəlmanları dini idarələrinin təşkilatçılığı ilə “İlahiyyat məktəbinin dirçəlişi kontekstində islamşünaslıq tədqiqatlarının təcrübəsi” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Mötəbər beynəlxalq tədbirdə Rusiya alimləri ilə yanaşı Fransa, Mərakeş krallığı, Əlcəzair, Livan, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Qırğızıstan, Tacikistan, Finlandiya və d. ölkələrdən gəlmiş din xadimləri, aparıcı mütəxəssislər, ilahiyyatçı ekspertlər və müxtəlif elm sahələrini təmsil edən alimlər iştirak edirdilər.
Müxtəlif din təmsilçilərinin iştirak etdiyi konfrans çərçivəsində 4 diskussiya paneli keçirilmiş, seminarlarda islamşünaslığın və islam ilahiyyatçılığının inkişaf perspektivləri, islamşünaslıq tədqiqatları üzrə Rusiya və digər ölkələrin təcrübə mübadiləsi, dinlərarası dialoq, təhsil sistemində ənənəvi dinlərin potensialının istifadəsi kimi mövzular müzakirə olunmuşdur.
Konfransda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Tahir Şahbazov təmsil etmişdi. Tahir Şahbazovun “Azərbaycanda dinlərarası dialoqda və multikultural cəmiyyətin inkişafında Heydər Əliyev Fondunun rolu” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.