Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİMLƏR BEYNƏLXALQ KONFRANSDA AZƏRBAYCAN APARILMIŞ SON ARXEOLOJİ TƏDQİQATLARIN NƏTİCƏLƏRİ HAQQINDA ÇIXIŞ ETMİŞLƏR

  29.11.2019

18-22 noyabr tarixində Sankt-Peterburqda (Rusiya Federasiyası) arxeologiya üzrə “Avrasiya mədəni məkanında əlaqə və qarşılıqlı təsir kontekstində Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Sibirin qədim dövrü (yeni məlumatlar və konsepsiyalar)” adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda Rusiya Federasiyası, Moldova, ABŞ, Almaniya, Fransa, Özbəkistan, Türkmənistan, Tacikistan, İran İslam Respublikası, İtaliya, Gürcüstan və d. ölkələrin tanınmış arxeoloqları iştirak etmişlər.
Beynəlxalq elmi konfransda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tarix elmləri doktoru Tufan Axundov, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov və Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müdiri, tarix üzrə fəlsəfə doktoru Roza Arazova təmsil etmişlər.
Azərbaycanı təmsil edən alimlərin elmi məruzələri əsasən son tədqiqatların işığında Azərbaycan ərazisində neolit dövründə erkən əkinçi-maldar mədəniyyətlərinin formalaşma problemlərinin və mədəni proseslərin təhlilinə həsr edilmişdi. Tarix elmləri doktoru T.Axundov öz məruzəsində (“Cənubi Qafqazın neoliti”) regionun neolit mədəniyyətlərinin xüsusiyyətləri, Şomutəpə və Qarabağ neolit mədəniyyətlərinin genezis proseslərinə toxunmuşdu.
Tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun məruzəsi neolit dövründə Qarabağın erkən oturaq əkinçi mədəniyyətinin yeni sosial-mədəni məkanın təşəkkülü problemi haqqında idi. Məruzədə Qarabağ neolitinin regional xüsusiyyətləri, erkən əkinçi-maldar tayfaların məskunlaşmasının paleoekoloji və paleocoğrafi aspektlərindən danışılmış , həmçinin, son dövrlərdə Qarabağda aparılmış arxeoloji tədqiqatlar barədə beynəlxalq konfrans iştirakçılarına məlumat verilmişdir. Göstərilmişdir ki, son dövrlərdə X.Alməmmədovun rəhbərliyi altında “Qarabağ neolit-eneolit” ekspedisiyası tərəfindən aparılan Qarabağda abidələrin qeydiyyatı üzrə tədqiqatlar ümumi sahəsi 3600 kv.km olan ərazini əhatə etmişdir. İsmayılbəytəpə neolit dövrü yaşayış məskənində (Ağdam rayonu) tədqiqatlar həmdövr neolit mədəniyyətlərində izlənilməyən yenilikləri aşkar etmişdir.
Tarix üzrə fəlsəfə doktoru Roza Arazovanın elmi məruzəsi Cəlilabad rayonu ərazisindəki neolit dövrü Əliköməktəpə məskəninin Cənubi Qafqaz neolit mədəniyyətləri abidələri ilə müqayisədə özünəməxsus xüsusyyətləri mövzusu barədə idi.
Azərbaycanlı alimlərin elmi məruzələri konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Qeyd edək ki, beynəlxalq konfrans Rusiya akademik arxeologiyasının 100 illiyinə həsr edilmişdi.