Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI GƏNC ALİM YAPONİYADA BEYNƏLXALQ ELMİ KONFRANSDA İŞTİRAK EDİB: BAKI NÜFUZLU BEYNƏLXALQ ELMİ KONFRANSIN EV SAHİBLİYİNƏ İDDİALIDIR

  02.12.2019

2019-cu il noyabr ayında Tokio Universitet Muzeyində “Yaxın Şərqin keramikaya qədərki Neolit dövrü Yonma və Üyütmə Daş alət sənayesi” adlı IX Beynəlxalq Elmi Konfrans (9th International Conference of the Pre-Pottery Neolithic Chipped and Ground Stone Industries of the Near East) keçirilmişdir. Nüfuzunun miqyasına görə, konfrans keramikaya qədərki Neolit üzrə mötəbər elmi tədbir hesab edilərək, elmi ədəbiyyatda PPN9 (“Pre-Pottery Neolithic 9”) kimi də qeyd edilməkdədir.
Bir həftə davam etmiş konfransda Yaxın Şərqin yazılı tarixə qədərki dövrü üzrə tanınmış mütəxəssislər olan Hans Georg K. Gebel, Frank Hole, Abraham Gopher, Anna Belfer-Cohen, Nigel Goring-Morris da daxil olmaqla dünyanın 17 ölkəsindən (Türkiyə, ABŞ, Rusiya, Fransa, Almaniya, İspaniya, Özbəkistan, Yunanıstan və d.) 90 nəfərədək arxeoloq iştirak edirdi.
Konfransda Epi-Paleolit (mezolit), Keramikaya qədərki Neolit (PPN) və Keramik Neolit (Pottery Neolithic/PN) dövrlərinin daş alət sənayesi üzrə çalışan mütəxəssislərin iştirakı ilə, 4 gün ərzində Misir-Nil (Sinay yarımadası), Levant (Şərqi Aralıq dənizi hövzəsi), Kipr adası, Böyük Mesopotamiya (Şimalı Suriya, Şimalı İraq, cənub-şərqi Anadolu, Zagros və Toros dağları arasında yerləşən Anadolu və İranın yüksək yaylaları), Kiçik Qafqazın dağlarının hər iki bölgəsi (Araz və Kür çayları hövzələri), Xəzər dənizinin cənub ətəkləri (Şimali İran yaylası) və Orta Asiya (Özbəkistan) coğrafiyalarında aparılan həm arxeoloji qazıntılar, həm arxeometrik çalışmalar, həm də müxtəlif kimyəvi və izotop analizlərinin nəticələri təqdim olundu.
Konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə Azərbaycanı təmsil edirdi. Ə.Babazadənin elmi məruzəsi Cənubi Qafqazda Neolit dövrü daş alətlərin hazırlanmasında ən önəmli xammal olan obsidian (dəvəgözü) və çaxmaqdaşı yataqlarına, Kiçik Qafqazın Mezolit və Erkən Neolit dövrü Damcılı, Son Neolit kənd məskənlərindən olan Kültəpə 1, Hacı Ələmxanlı, Göytəpə və Menteştəpə kimi abidələrdə aparılan tədqiqatlara, daş alət analizlərin nəticələrinə həsr edilmişdi. Həmçinin, Damcılıda aparılan Azərbaycan-Yaponiya birgə arxeoloji araşdırmalarının nəticələrini, Prof. Yoşihiro Nişiaki, Azad Zeynalov və Mənsur Mənsurov adından “Damcılı mağarasından (Azərbaycanın qərbi) Mezolit və Neolit dövrü laylı daş alətlər toplusu” adlı poster Ə.Babazadə tərəfindən hazırlanaraq konfrans iştirakçılarının diqqətinə təqdim edilmişdi.
Konfrans çərçivəsində eksperimental arxeoloji çalışma da həyata keçirildi. Kokuşikan Universitetindən (Yaponiya) Prof. Kats Ohnuma, CNRS-dən (Fransa) Dr. Frederik Abbes və d. daş alət üzrə mütəxəssislər obsidian və çaxmaqdaşından alət hazırlanma prosesini nümayiş etdirdilər.
Konfransın son günü Yaponiyanın Yamanaşi bölgəsinə, yaponların milli simvolu sayılan Fuci dağı ətrafına elmi ekskursiya təşkil edildi. Burada Yaponiyanın qədim mədəniyyətlərindən olan Jomon arxeoloji kompleksinin sərgiləndiyi Yamanaşi Prefekturası Arxeoloji Muzeyi ziyarət olundu.
Qeyd edək ki, dövrü olaraq nüfuzlu elm mərkəzləri hesab edilən dünyanın müxtəlif şəhərlərində keçirilən konfransın ilki, 1994-cü ildə Berlində Cənub-Qərbi Asiyanın Tarixəqədərki arxeologiyasının araşdırmaçılarından olan Hans Georq K. Gebel və Stefan Karol Kozlovski tərəfindən təşkil olunmuşdu.
Konfransın Azərbaycan üçün xüsusi önəmi, son iclasda konfrans komitəsi tərəfindən “Yaxın Şərqin Erkən Neolit Yonma və Öyütmə Daş Sənayesi” konfransının növbəti, sayca 10-cu toplantısı (PPN10) üçün təklif olunan üç şəhər arasında (Berlin və Kopenhagen) Bakının da adının göstərilməsidir.
Ə.Babazadənin bildridiyinə görə, PPN10 konfransının ölkəmizdə təşkil ediləcəyi təqdirdə, ölkəmiz dünyanın aparıcı elm mərkəzləri olan şəhərləri sırasında təmsil olunmaq şansı əldə edir. Həmçinin, konfransın Bakıda keçirilməsi respublikamızda daş alət texnologiyasının traseoloji metodlarla öyrənilməsinə təkan verə bilər.
“Bundan başqa, konfransın Bakıda təşkili Azərbaycan arxeologiyasının dünya arxeologiyası ilə inteqrasiyasını sürətləndirəcəkdir ki, bu da dünya arxeologiya elminin metod və texnikasının mənimsənilməsinə böyük töhfə verəcəkdir” - deyə Ə.Babazadə bildirmişdir.