Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİMLƏR BEYNƏLXALQ ELMİ SEMİNARDA ELMİ MƏRUZƏ İLƏ ÇIXIŞ ETMİŞLƏR

  11.12.2019

2-5 dekabr tarixlərində İstanbulda (Türkiyə Cümhuriyyəti) “Qafqazda Neolitləşmə prosesləri: son arxeoloji, bioarxeoloji və ekoloji məlumatların işığında yenidən qiymətləndirmə” ("The Neolithization processes of the Caucasus: a reassessment in the light of recent archaeological, bioarchaeological and environmental data") mövzusunda beynəlxalq elmi seminar keçirilmişdir. Seminarda Türkiyə, Fransa, Almaniya, Gürcüstan və Ermənistandan olan mütəxəssislər iştirak edirdilər.
Seminarın əsas məqsədi — arxeometrik tədqiqatlardan toplanmış məlumatlar əsasında Cənubi Qafqazın neolitləşməsinin, həmçinin, erkən əkinçilik və maldarlığın təşəkkülündə ekoloji faktorun təhlili idi.
Seminarda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyev və böyük elmi işçi, t.ü.f.d Valeh Ələkbərov təmsil etmişlər. Beynəlxalq elmi tədbirdə F.Quliyev və V.Ələkbərovun “Örta Kür hövzəsində Neolit məskənlərinin təşəkkülü” mövzusunda geniş məruzəsi dinlənilmişdir. Azərbaycanlı alimlərin maraqla qarşılanmış məruzəsinin müzakirəsində əcnəbi mütəxəssislər Azərbaycanın Orta Kür hövzəsində aşkar edilmiş Göytəpə, Hacıələmxanlı, Kiçiktəpə, Menteştəpə və d. neolit məskənlərinin və bu abidələrin son arxeometrik üsullarla tədqiqatının Cənubi Qafqazın neolitləşmə proseslərinin dərk edilməsində önəmini etiraf etmişlər.
Seminar Fransa Milli Elmi Araşdırmalar Mərkəzi (Le Centre national de la recherche scientifique/CNRS) və İstanbulda yerləşən Fransız Anadolu Araşdırmalar İnstitutu (Institut Français d'Etudes Anatoliennes / IFEA)>/i> tərəfindən xarici tərəfdaşlar arasında təşkil olunmuş beynəlxalq tədqiqat şəbəkələrinin "Dünyalar keçiddə: Neolitdən Dəmir dövrünə keçiddə Qafqazda miqrasiyalar, innovasiyalar və ekoloji dəyişiliklər” (Worlds in Transition : Migrations, Innovations and Environmental Change in the Caucasus from the Neolithic to the Iron Age) adlı beynəlxalq layihəsi çərçivəsində təşkil olunmuşdu.