Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ANILDI

  11.12.2019

Dekabrın 11-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirildi. Tədbirə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları qatılmışlar. Tədbiri giriş sözü ilə açan Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın təklifi ilə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxışında professor M.Rəhimova bildirdi ki, tarixdə elə şəxsiyyətlər var ki, öz xalqları və bəşəriyyət üçün gördüyü mütərəqqi işlərə görə onların adı əbədi yaşayacaqdır. Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi tarixi şəxsiyyətlər sırasında mərhum Heydər Əliyev xüsusi yer almışdır. Azərbaycan tarixinin XX əsrdə böyük bir dövrü məhz Ulu Öndərin adı ilə bağlıdır. Dünyanın tanınmış siyasətçiləri, elm və mədəniyyət xadimləri də Heydər Əliyevin görkəmli tarixi şəxsiyyət, müstəqil və müasir Azərbaycanın memarı olmasını etiraf edirlər. Çox çətin bir dövrdə, faktiki siyasi və hərbi sahədə xaosun hökm sürdüyü bir zamanda Azərbaycan xalqının tələbi ilə respublikamızın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitliyi, qanunun aliliyini və təhlükəsizliyi bərpa etdi, respublikamızın dünya siyasi xəritəsindən silinməsi yönündə düşmən qüvvələrin məkrli planlarının qarşısını aldı.
Professor M. Rəhimova qeyd etdi ki, müdrik və hərtərəfli biliklərə malik tarixi şəxsiyyət kimi Ulu Öndər həm də Azərbaycan xalqının tarixinin dünyada tanıdılması yönündə şərəfli fəaliyyət ortaya qoymuşdur. Bu yöndə xüsusi olaraq ümummilli liderin Azərbaycan arxeologiya elminin inkişafına ayırdığı diqqət vurğulanmalıdır. Hələ 1974-cü ildə Ulu Öndərin təşəbbüsü ilə AMEA Tarix İnstitutunun nəzdində Arxeologiya sektoru yaradıldı. Hakimiyyətə ikinci qayıdışında isə, Heydər Əliyevin təşəbbüskarı olduğu mütərəqqi tədbirlər sırasında ayrıca olaraq AMEA-da Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılmasını göstərmək olar. Artıq müstəqil Azərbaycanın rəhbəri kimi Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında respublikamızda tarixi, arxeoloji və tarixi-memarlıq qoruqları yaradıldı ki, onlar sırasında Naxçıvanda Gəmiqayanı, Şabran Arxeoloji Qoruğunu, Bakı şəhərində tarixi-memarlıq Qoruğunu və d. sadalana bilər. Ümummilli liderin siyasi dühasının məhsulu olan Bakı-Tbilisi-Ceyhan boru xətti nəinki dövlətimiz üçün siyasi zəmanət, iqtisadi inkişaf üçün zəmin oldu, həmçinin, Azərbaycanda arxeoloji tədqiqatların inkişafına təkan verdi, milli arxeologiyamızın dünyada tanıdılması üçün şərait yaratdı. Bu tədqiqatlar nəticəsində daş dövründən son orta əsrlər dövrlərinə aid 30 mindən yuxarı maddi mədəniyyət nümunəsi aşkar edildi. Bu gün isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Böyük dövlətlər tərəfindən ölkəmiz Cənubi Qafqazda aparıcı dövlət kimi qəbul edilib, elmin inkişafı üçün zəmin olmuş sabitlik və inkişaf Vətənimizin göstəricisidir.
Daha sonra söz alan İnstitutun şöbə müdiri, t.e.d., professor Hidayət Cəfərov çıxışında xüsusi olaraq vurğuladı ki, Heydər Əliyev bütün həyatını xalqının müdafiəsinə və inkişafına həsr etmiş nadir tarixi şəxsiyyətlərdən biridir. Professor H.Cəfərov Ulu Öndərin Vətən və xalq üçün gördüyü işlərdən söz açmış və bildirmişdir ki, nə qədərki Azərbaycan vardırsa, Heydər Əliyevin xatirəsi həmişə dərin hörmətlə anılacaqdır. İnstitutun şöbə müdiri, t.ü.f.d. Abuzər Ələkbərov çıxışında Azərbaycanın iqtisadi və elmi inkişaf dövrü hesab edilən Heydər Əliyevin SSRİ tərkibində Azərbaycana rəhbərlik dönəmi barədə geniş məlumat verdi, Ulu Öndərin SSRİ rəhbərliyində böyük nüfuzundan söz açdı. Eyni zamanda A.Ələkbərov ermənipərəst M.Qorbaçov və ətrafının Ulu Öndərə və onun ailə üzvlərinə qarşı başladıqları təqiblərdən və həmin qüvvələrin paralel olaraq Azərbaycanda erməni terroruna, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə rəvac verdiklərindən danışdı. “20 Yanvar faciəsi zamanı isə, Heydər Əliyevin keçirdiyi mətbuat konfransı isə, böyük tarixi şəxsiyyətlərə xas siyasi iradə və şücaət nümunəsi idi” – deyə A.Ələkbərov vurğuladı.
İnstitutun şöbə müdiri, t.e.d., professor Əsədulla Cəfərov söz alaraq bildirdi ki, Azərbaycan tarixinin ən çətin dönəmlərində həmişə tarixi şəxsiyyət ortaya çıxmış və xalqımızın xilaskarı olmuşdur. Heydər Əliyev də məhz xalqımızın ən çətin dönəmlərində onun önündə durmuş xilaskar tarixi şəxsiyyətlərdən biridir. Professor Ə.Cəfərov hələ 70-ci illərdə Qəbələdə Qafqaz Albaniyası irsinin məhv edilməsinin qarşısının alınmasında Ulu Öndərin siyasi iradəsinin başlıca rol oynamasını vurğuladı. Natiq 80-ci illərin əvvəllərində məhz H.Əliyevin göstərişi ilə Azıx mağarısının elmi önəmini dünyaya tanımaq üçün dörd dildə xüsusi elmi tədqiqatın nəşrinin təşəbbüskarı olmasını xatırlatdı. Həmçinin, xalqımızın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin elm adamlarına və elmə, xüsusilə arxeologiyaya qayğısını göstərən şanlı əməllərini misal gətirərək professor Ə.Cəfərov çıxışında, Ulu Öndərin bu yöndə siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini göstərdi.
İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d. Ülviyyə Hacıyeva çıxışında Heydər Əliyevin milli maraqlar yönündə gördüyü işlərdən söz açdı. Ü.Hacıyeva göstərdi ki, ilk növbədə, sovet dönəmində Azərbaycana qarşı ərazi iddialarını əsaslandırmaq üçün erməni alimlərinin saxtakarlıqlarla dolu kitablarına qarşı əsaslı cavab verilməsində məhz Heydər Əliyevin müstəsna xidməti var idi. Belə ki, məhz Ulu Öndərin birbaşa təşəbbüsü və dəstəyi ilə Azərbaycanda albanşünaslığın əsası qoyuldu. Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətə ikinci dəfə qayıdışında Heydər Əliyev yenə də albanşünaslıq elminin Azərbaycanda inkişafına xüsusi diqqət yetirdi. Bu dövrdə Azərbaycanda Qafqaz Albaniyasının tarixi və mədəniyyətinə aid beynəlxalq tədbirlər təşkil edildi, Azərbaycanda tarixi köklərə malik multikulturalizmin dünyaya tanıdılması yönündə bir sıra layihələr həyata keçrildi və o cümlədən, alban kilsələrinin bərpası aparıldı. Beləliklə, siyasi iradənin təzahürü ilə bütün dünyaya göstərildi ki, Qafqaz Albaniyasının maddi və mənəvi irsi yalnız Azərbaycana məxsusdur. Ü.Hacıyeva “Əsrin müqaviləsinin” gerçəkləşməsinin Azərbaycanın dövlət kimi təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafında strateji önəmini vurğuladı, bunun yalnız Heydər Əliyevin siyasi dühasının və iradəsinin qələbəsi kimi dəyərləndirdi. Digər tərəfdən, Heydər Əliyev Azərbaycan diasporunun sistemli şəkildə formalaşdırılmasının, informasiya müharibəsinin aparılmasının əsasını qoydu ki, bu yöndə artıq dövlətimiz tutarlı irəliləyiş əldə etmişdir.
Akademik Teymur Bunyadov vaxtilə keçirilmiş prezident seçkilərində Heydər Əliyevin rəsmi vəkili olaraq Ulu Öndərlə bağlı xatirələri ilə bölüşdü. Akademik xüsusi olaraq vurğuladı ki, həmin ağır dönəmdə Azərbaycana Heydər Əliyevin rəhbərlik etməsi birmənalı olaraq xalqımızın və dövlətimizin xilası demək idi.