Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



FRANSADA KEÇİRİLMİŞ ELMİ KONFRANSDA AZƏRBAYCAN ABİDƏLƏRİ DİQQƏT MƏRKƏZİNDƏ

  24.12.2019

2019-cu il dekabr ayının 16-17-də Lion şəhərində (Fransa) Lumiere Lyon-2 Universitetində “Alplar-Qafqaz çarpaz tədqiqatlar” (EXPERTISE CROISÉE ALPES-CAUCASE) Qafqazın qədim tarixi mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Beynəlxalq elmi tədbirdə Fransa, ABŞ və İran İslam Respublikasından olan arxeoloqlar və tarixçilər iştirak etmişlər.
Beynəlxalq elmi tədbirdə Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə rəhbəri, arxeoloq Abuzər Ələkbərov və Xəzər Universitetinin əməkdaşı Nuridə Atəşi təmsil etmişlər.
Konfransda Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının Lerik rayonunda apardığı tədqiqatların nəticələrinə dair həmin ekspedisiyanın həmrəhbərləri olan Abuzər Ələkbərov və Lumiere Lyon-2 Universitetinin “Dövrlər və ərazilər, incəsənət və arxeologiya tarixi” şöbəsinin tədqiqat komissiyasının və elmi şurasının üzvü, qədim Yaxın Şərq arxeologiyası üzrə professor Mişel Kazanovanın geniş məruzəsi dinlənildi. Məruzə Lerik rayonunun Piran kəndi ərazisindəki Kirəvələdi, Cucutuk və Mondigah kəndi ərazisində eyni adlı abidələrdə aparılan arxeoloji qazıntıların nəticələrinə həsr edilmişdi.
Abuzər Ələkbərovun bildirdiyinə görə, Azərbaycanın cənub zonasının aran, dağətəyi və dağlıq ərazilərində aparılan arxeoloji kəşfiyyat və arxeoloji qazıntılar həm Azərbaycan və həm də Fransa tərəfi üçün böyük elmi əhəmiyyət kəsb edir. 2011-2015-ci illərdə tədqiqatlara AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Lumiere Lyon-2, Sen-Jermendəki Fransa Milli Arxeologiya muzeyi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi (CNRS) də qatılmışdı. Aparılmış arxeoloji kəşfiyyat işlərində yeni abidələr aşkar edilərək xəritələşdirilib və elmi dövriyyəyə gətirilib. 2015-ci idən başlayaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Fransanın Lumiere Lyon-2 Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən “Xəzər dənizi hövzəsi son tunc — ilk dəmir dövrü” beynəlxalq elmi layihə üzrə birgə tədqiqatlar gerçəkləşir. Layihə çərçivəsində bu günə qədər Lerik rayonunun Cuni, Tuli, Rəzgov, Mistan, Mastail, Veri, Hoveri, Qusmailiyon, Çayrud, Hamarat və d. kəndləri ərazisində arxeoloji kəşfiyyat işləri aparılmışdır. Layihə çərçivəsində Fransa tərəfi arxeometrik tədqiqatları (tapıntılardan nümunələrin radiokarbon, izotop, paleontoloji və d. çeşidli analizlərin aparılması) öz üzərinə götürmüşdür.
Abuzər Ələkbərovun açıqlamasına görə, arxeoloji kəşfiyyat zamanı aşkar edilmiş və hal-hazırda tədqiq edilən Lerik rayonundakı Mondigah abidəsi öz elmi dəyəri və möhtəşəmliyi ilə böyük əhəmiyyət kəsb edir. Müxtəlif tarixi dövrlərə aid təbəqələrdə həm yaşayış məskəninin izləri, həm də dolmenlərdən ibarət nekropol aşkar edilmişdir. Arxeoloqlar tərəfindən abidə çoxtəbəqəli arxeoloji kompleks kimi dəyərləndirilib. Abidədə son tunc - erkən dəmir dövrünə aid daş qutu qəbirlərin yanında antropomorf daş heykəl aşkar edilmişdir ki, bu da öz növbəsində Abşerondakı həmdövr kurqanların kameraları yaxınlığında aşkar edilmiş daş heykəllərlə eyniyyət təşkil edir.
Konfransda Xəzər Universitetininn əməkdaşı Nuridə Atəşi son tunc - erkən dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyətinin bəzi aspektləri barədə çıxış etmişdir. Həmçinin fransalı arxeoloq Nikolas Geyilhard Naxçıvan ərazisindəki qədim duz dağında aparılan arxeoloji tədqiqatların nəticələrinə həsr edilmiş elmi məruzəni konfrans iştirakçılarına təqdim etmişdir.
Konfransın sonuncu günü Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının nəzərdə tutduğu yeni elmi tədqiqat layihəsinin müzakirəsi keçirildi. Müzakirəyə Lumiere Lion-2 Universiteti rəhbərliyi, layihdə iştirak edəcək mütəxəssislər qatılmışlar.
Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının Lerik rayonunun Piran kəndi ərazisində Kirəvələdi I-IV, Cucutuk abidələrində, Mondigah kəndi ərazisindəki eyni adlı arxeoloji kompleksdə aparılmış arxeoloji tədqiqatlarla bağlı xüsusi videofilm hazırlanıb. Filmdə arxeoloji abidələrin və arxeoloji qazıntıların 3D formatında təsvirləri öz əksini tapmışdır. Filmin Fransa mütəxəssislərin iştirakı ilə yaxın gələcəkdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda nümayişi planlaşdırılır.