Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



XOCALI SOYQIRIMININ ANIM TƏDBİRİ...

  22.02.2019

22 fevral tarixində keçirilmiş AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının geniş iclası Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuşdu. İclasda İnstitut Elmi Şurasının üzvləri, şöbə rəhbərləri və əməkdaşları iştirak etmişlər.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova tədbiri açaraq Xocalı faciəsi ilə bağlı çıxış etdi. O bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni işğalçılarının başladığı müharibədə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlər içində Xocalı soyqırım xüsusi yer tutur. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni işğalçıları blokadada olan Xocalı şəhərinə hücum etmiş, milli və dini mənsubiyyətinə görə erməni işğalçıları tərəfindən 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, onlardan 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Yalnız xalqımızın təkidi ilə hakimiyyətə gəlmiş Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, 1994-cü ildə Milli Məclisin qərarı ilə fevralın 26-sı ümummilli matəm günü elan edildi. Həmçinin, məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bütün dünyada erməni işğalçılarının törətdiyi XX əsrin ən dəhşətli bəşəri cinayəti kimi Xocalı soyqırımının tanıdılması başlandı. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası başlandı. Bu görülən təqdirəlayiq işlər, həmçinin, diasporlarımızın və diplomatlarımızın da fəaliyyəti nəticəsində bir sıra ölkələrin dövlət və yerli parlamentləri tərəfindən Xocalı soyqırımı tanındı və gələcəkdə bu istiqamətdə fəaliyyət nəticəsində bir sıra ölkələr tərəfindən tanınacaqdır.
Professor M.Rəhimova çıxışının sonunda Xocalı soyqırımı zamanı erməni işğalçıları tərəfindən öldürülmüş dinc vətəndaşlarımızın, şəhərin müdafiəsi zamanı şəhid olmuş hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükütla anılmasını təklif etdi. Tədbirə qatılmış İnstitutun əməkdaşları bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini andılar.
İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov söz alaraq bildirdi ki, Xocalı soyqırımı ermənilərin xislətini, insanlığa sığmayan mahiyyətlərini bütünlüklə dünyaya göstərdi. A.Ələkbərov Xocalı soyqırımında erməni millətinin əsil mahiyyətinin, işğalçıların insanlığa sığmayan qəddar xislətinin özünü bir daha büruzə verdiyini bildirdi. Eyni zamanda A.Ələkbərov o zamankı respublika rəhbərliyinin xocalıların təhlükəsizliyi üçün lazımi tədbirləri görməməsi və düşmənin işğalları üçün zəmin yaratdığını qeyd etdi. Eyni zamanda o, vurğuladı ki, Xocalı soyqırımı həm də Allahverdi Bağırov, Əlif Hacıyev və d. şəhidlərin simasında Azərbaycan xalqının igidliyini nümayiş etdirdi.
İnstitutun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Hidayət Cəfərov sovet dönəmində 80-ci illərdə Xocalıda arxeoloji tədqiqatlar apardığını, soyqırım zamanı şəhid olmuş Xocalı sakini olan ailələrin bəzilərini şəxsən tanıdığını bildirdi. Professor H.Cəfərov xüsusi olaraq vurğuladı ki, Xocalı faciəsində o dövrdəki respublika rəhbərliyinin təqsiri də az deyildi. Xocalının təhlükəsizliyinə və maddi təminatına biganəlik düşmənin soyqırım törətmə planlarının xeyirinə oldu. Çıxışının sonunu professor H.Cəfərov - “Bu qan yerdə qalmamalıdır!” - sözləri ilə bitirdi.
Ağdam sakini kimi Xocalı soyqırımı qurbanlarının dəhşətlərinin şəxsən şahidi olmuş İnstitutun əməkdaşı arxeoloq Fəqan Yaqubov bildirdi ki, bu bəşəri cinayət barədə xatirələr daim xalqımızın qanlı yaddaşında qalmalıdır. Xocalı soyqırımı şəhidlərinin xatirəsi yaşadıqca və anıldıqca biz düşmənlərimizi daim tanıyacaq və belə faciələrin təkrar olunmasının qarşısını alacağıq.
Tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov çıxışında hələ sovet dövründə istər tarix, istərsə də arxeologiya elmində erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları, bölgənin tarixin saxtalaşdırılması istiqamətində çirkin əməlləri bəlli idi. Azərbaycan ziyalıları daim bu iftira və əsassız iddialara sinə gərmişlər. Ə.Cəfərov xüsusilə qeyd etdi ki, erməni faşizminin başladığı Qarabağ müharibəsində onun yaxın qohumu, Daxili İşlər Nazirliyi əməkdaşı Cəfərov Əfruz da döyüşmüş və şəhid olmuşdur. Əsədulla Cəfərov bildirmişdir ki, gec-tez erməni işğalçıları layiqli cəzalarını alacaqlar və işğal altında olan torpaqlarımız azad ediləcək.