Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA-NIN MÜXBİR-ÜZVÜ OLMUŞ MƏRHUM PROFESSOR İLYAS BABAYEVİN XATİRƏ FOTO-PORTRETİNİN TƏQDİMATI TƏDBİRİ KEÇİRİLDİ

  01.03.2019

01 mart 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda AMEA-nın müxbir-üzvü olmuş, mərhum professor İlyas Babayevin xatirə portretinin təqdimat mərasimi keçirildi.
Mərasimdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova tədbiri açaraq mərhum professor İlyas Babayevin həyat və elmi yaradıcılıq yolu barədə danışdı. Professor Maisə Rəhimova Azərbaycan elminə töhfələr vermiş, xalqımızın möhtəşəm keçmişinə dəlalət edən arxeoloji abidələri aşkar edərək tədqiq etmiş, tədqiqatları dünyada tanınan tarix elmləri doktoru mərhum İlyas Babayevin eyni zamanda səmimi bir insan, qayğıkeş bir müəllim olduğunu vurğuladı. “Bu gün biz Azərbaycan arxeologiyasının təməlini qoymuş mərhum alimlərimizin xatirə fotoportretləri sırasına professor İlyas Babayevin fotoportretini əlavə etməklə möhtərəm müəllimimizin xatirəsi qarşısında baş əyir, onun həmkarları və şagirdləri kimi onun xatirəsini əbədiləşdirilməsinə öz töhfəmizi vermiş oluruq” – deyə professor M.Rəhimova bildirdi.
Daha sonra tədbirdə iştirak edən mərhum alimin həmkarları və şagirdləri, t.ü.f.d. Bəhlul İbrahimli, t.ü.f.d. Zaur Həsənov, t.ü.f.d. Əkbər Bədəlov, t.ü.f.d. Natiq Alışov və d. öz ürək sözlərini bildirdilər, professor İlyas Babayev barədə xoş xatirələrilə bölüşdülər.
Mərhum professorun oğlu Faiq Babayev İnstitut rəhbərliyinə və əməkdaşlarına İlyas Babayevin xatirəsini əbədiləşdirdikləri üçün minnətdarlığını bildirdi. Daha sonra AMEA-nın müxbir-üzvü olmuş, mərhum professor İlyas Babayevin xatirə foto-portreti təqdim edildi.