Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



LEYLATƏPƏ ARXEOLOJİ MƏDƏNİYYƏTİNİN KERAMİKA MƏMULATINA HƏSR EDİLƏN KİTAB NƏŞR OLUNUB

  13.03.2019

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin “Leylatəpə arxeoloji mədəniyyətinin keramikası” adlı monoqrafiyası çapdan çıxıb. “AFPoliqrAF” nəşriyyatında işıq üzü görən əsər, son xalkolit (son mis-daş) dövründə - e.ə. IV minilliyin birinci yarısında Cənubi Qafqazda, xüsusilə də Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinin keramika məmulatının tədqiqinə həsr olunmuşdur.
A.Ağalarzadənin tədqiqatına Azərbaycan ərazisində Leylatəpə mədəniyyətinə aid Leylatəpə, Adsıztəpə, Abdal-Əziztəpə, Şomulutəpə, Çinartəpə, Böyük Kəsik, Selaxan, Poylu, Ağılı Dərə və digər yaşayış yerləri və Soyuqbulaq kurqanları kimi abidələrin elmi araşdırılması zamanı aşkar edilmiş geniş keramika materialı cəlb edilmiş, keramikanın müxtəlif xüsusiyyətlər üzrə təhlili və təsnifatı aparılmışdır. Tədqiqat əsərində Leylatəpə mədəniyyətinin keramikası Ön Asiya-Qafqaz kontekstində təhlil edilmişdir. Leylatəpə mədəniyyətinə aid keramika məmulatının tədqiqi Cənubi Qafqazın qədim dövr sakinlərinin maddi və mənəvi mədəniyyətinin izlənilməsinə imkan verir.
Monoqrafiyanın elmi redaktoru tarix elmləri doktoru Nəcəf Müseyibli, elmi rəyçiləri - tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru Namiq Əliyevdir. Kitab xalkolit dövrü üzrə ixtisaslaşan arxeoloqlar, tarixçilər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.