Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ORDUBAD RAYONUNUN TUNC VƏ İLK DƏMİR DÖVRÜ ARXEOLOJİ ABİDƏLƏRİNƏ HƏSR EDİLƏN TƏDQİQAT ƏSƏRİ NƏŞR OLUNUB

  15.03.2019

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Naxçıvan ərazisində aparılan yerli və beynəlxalq (Azərbaycan-Fransa, Azərbaycan-ABŞ) arxeoloji ekspedisyaların iştirakçısı, tarix üzrə fəlsəfə doktoru, Elvin Əliyevin “Ordubad rayonunun tunc və ilk dəmir dövrü arxeoloji abidələri” (Bakı, “Elm və təhsil”, 2018, 272 s.) adlı monoqrafiyası nəşr olunub.
Təqdim olunan monoqrafiyada rayon ərazisində istər stasionar qazıntıların, istərsə də kəşfiyyat xarakterli axtarışların aparıldığı və qeydə alındığı bütün abidələr və bu abidələrdən əldə edilmiş arxeoloji materiallar hərtərəfli şəkildə nəzərdən keçirilir və təhll edilir. Ordubad ərazisindəki tunc və ilk dəmir dövrünə aid yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər, arxeoloji abidələrdə aşkar edilən maddi mədəniyyət nümunələri tədqiqata cəlb edilmiş, qruplaşmalar, analogiyalar və müqayisələr aparılmış, onların mənşəyi, xronoloji dövrləşməsi kimi mühüm problem mövzular araşdırılmışdır.
Əsər üç fəsildən ibarətdir. Birinci fəsil Ordubad rayonunun arxeoloji tədqiqat tarixi barədədir. İkinci fəsildə rayonun tunc və ilk dəmir dövrü arxeoloji abidələri — yaşayış yerləri, qəbir abidələri və qayaüstü təsvirlər barədə geniş məlumat əksini tapmışdır. Əsərin üçüncü fəslində tapılmış arxeoloji materialların — əmək alətləri, saxsı məmulatlar, silahlar və bəzək əşyalarının aparılmış təsnifatı verilmişdir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 14 noyabr 2018-ci il tarixli 11 saylı iclasının qərarı ilə çapa məsləhət bilinmiş və nəşri İnstitut tərəfindən maliyyələşdirilmiş monoqrafiyanın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov, elmi rəyçilər AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Baxşəliyev və tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidir.
Əsər tunc və ilk dəmir dövrü üzrə ixtisaslaşan arxeoloqlar, tarixçilər, həmçinin, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.