Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ZƏHMƏTKEŞ VƏ FƏDAKAR ALİMİN YUBİLEYİ QEYD OLUNDU

  18.03.2019

14 mart 2019-cu il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun 70 illik yubileyi qeyd olunmuşdur. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova, Milli Azərbaycan Tarixi muzeyinin şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Rəcəbli, Azərbaycan Respublikası “Zirvə” ziyalılar təşkilatının prezidenti Minayə Dəyanət Daş dövrü arxeologiyası şöbəsinə gələrək Azərbaycan arxeologiya elmini Avropada və dünya miqyasında şərəf və ləyaqətlə təmsil edən, Azərbaycanda paleolit məktəbinin nailiyyətlərini beynəlxalq aləmdə təmsil edən tarix elmləri doktoru, professor Əsədulla Cəfərovu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik etmiş və ona gələcək elmi fəaliyyətində yeni-yeni uğurlar arzu etmişlər. Akademik İsa Həbibbəyli qeyd etmişdir ki, biz Əsədulla Cəfərovun Elmlər akademiyasında çalışdığı 51 ilə nəzər salsaq görərik ki, o nəinki Azərbaycan ərazisini qarış-qarış gəzmiş, eyni zamanda Cənubi Qafqazı və Avropanın paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarını yüksək elmi səviyyədə tədqiq edərək elmi ictimaiyyətə yüksək səviyyədə çatdırmışdır. Xüsusilə onun Qarabağın dünya şöhrətli Azıx, Tağlar və Naxçıvanın Qazma düşərgəsində apardığı tədqiqatlar zamanı quruçay, qədim aşel, orta aşel, mustye və üst paleolit mədəniyyətlərinə aid zəngin elmi materiallar aşkara çıxarılaraq tədqiq olunmuşdur. Akademik qeyd etmişdir ki, Əsədulla Cəfərov beynəlxalq İNTAS proqramı əsasında Avropa alimləri ilə apardığı tədqiqatlar nəticəsində Azərbaycanın Qarabağ ərazisində ibtidai insanların məskunlaşma tarixinin 2,5 milyon ilə bərabər olmasını arxeoloji, paleontoloji faktlarla sübuta yetirmişdir.
İnstitutun direktoru professor Maisə Rəhimova öz çıxışında Əsədulla müəllimin apardığı elmi tədqiqat işlərinə yüksək qiymət vermiş və qeyd etmişdir ki, bu günə kimi Əsədulla müəllim Azərbaycanın, Cənubi Qafqazın və Avropanın ibtidai icma və daş dövrünə aid 145 elmi məqalə və 8 kitab yazıb çap etdirmişdir. Professor Əli Rəcəbli qeyd etmişdir ki, mən Əsədulla Cəfərovun apardığı elmi tədqiqat işləri və onun əldə etdiyi elmi nailiyyətlərlə fəxr edirəm. “Mən ona 1969-70-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində dərs demişəm. O vaxtdan bu günə qədər onun fəaliyyəti ilə yaxından tanışam və Əsədulla müəllimin apardığı elmi tədqiqat işləri və onun əldə etdiyi elmi nailiyyətlər hamıya örnək olmalıdır. Ona görə də mən Əsədulla müəllimi ürəkdən təbrik edir və inanıram ki, o bundan sonra da yazacağı əsərlərlə bizi sevindirəcəkdir” – deyə professor Ə.Rəcəbli bildirdi.
Tədbirin sonunda Əsədulla Cəfərov çıxış edərək akademik İsa Həbibbəyliyə, Maisə Rəhimovaya, Əli Rəcəbliyə və şöbə əməkdaşlarına ona göstərilən diqqətə və qayğıya görə minnətdarlığını bildirmişdir.