Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ELM GÜNÜNƏ HƏSR EDİLMİŞ ELMİ SESSİYA KEÇİRİLDİ

  28.03.2019

27 mart tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Elm Gününə həsr olunmuş “Azərbaycanda antropologiya elminin bu günki vəziyyəti və perspektivləri” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova bildirmişdir ki, 27 mart Azərbaycanda ilk dəfə olaraq Elm Günü kimi qeyd edilməkdədir. Professor M.Rəhimova qeyd etmişdir ki, 1945-ci il martın 27-də Azərbaycan Elmlər Akademiyası yaradılmışdır və bu əlamətdar hadisə ilə bağlı olaraq Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə bu tarix Elm Günü kimi təsis olunub.
Professor M.Rəhimova Elm Günü münasibətilə İnstitut əməkdaşlarını təbrik etmiş, onlara elmi yaradıcılıqlarında uğurlar arzulamışdır. İnstitutun direktoru bildirmişdir ki, Elm Gününün təsis edilməsi, Azərbaycan dövlətinin, şəxsən ölkə Prezidenti İlham Əliyevin milli elmimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. M.Rəhimova həmçinin, İnstitut əməkdaşlarının diqqətinə çatdırmışdır ki, təsis edilmiş Elm Günü münasibətilə elmi ictimaiyyət nümayəndələri tərəfindən Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulmuşdur. Həmçinin ziyarət zamanı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Peşə bayramına həsr olunmuş elmi sessiyanı açıq elan edən professor Maisə Rəhimova məruzə ilə çıxış üçün sözü, İnstitutun “Antropologiya mərkəzi”nin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədliyə verdi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antropologiya mərkəzi”nin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli Elm Gününə həsr olunmuş “Azərbaycanda antropologiya elminin bu günki vəziyyəti və perspektivləri” mövzusundakı çıxışında “antropologiya” anlayışının müasir elmdə geniş və dərin mənası barədə ətraflı məlumat verdi. Ə.Məmmədli bildirdi ki, indiyədək antropologiya anlayışı dedikdə əsasən fiziki antropologiya, yəni, arxeoloji qazıntılar nəticəsində tapılmış insan qalıqlarının tədqiqi və ya müasir insanların fiziki-bioloji parametrləri ehtiva edilirdi. Amma artıq antropologiya məvhumu daha geniş miqyaslı və insan mədəniyyətinin tərkib hissələri ilə bağlı bütün istiqamətləri özündə birləşdirir. Qlobal təsnifatda müasir antropologiyanı iki yerə ayırmaq lazımdır: sosial və bioloji (fiziki) antropologiya. Azərbaycan elminin qlobal anlamda dünya elmi sisteminə inteqrasiyasında məhz bu istiqamətdə mövcud geriliyi aradan qaldırmaq üçün Mərkəzin yaradılması məqsədəuyğun hesab edilmişdir.
Professor Ə.Məmməli çıxışında istər sosial, istərsə də fiziki antropologiya üzrə aparılan tədqiqatların dünya təcrübəsindən söz açmış, yeni yaradılmış Mərkəz qarşısında duran vəzifə və problemlər barədə sessiya iştirakçılarına məlumat vermişdir. Maraqlı və ətraflı məruzəsindən sonra professor Ə.Məmmədli sessiya iştirakçılarının suallarını cavablandırmışdır.
Daha sonra mövzu üzrə Mərkəzin gənc antropoloqları apardıqları tədqiqatlar barədə sessiya iştirakçılarını məlumatlandırmışlar.
Elm Gününə həsr edilmiş elmi sessiyanın sonunda tədbirdə iştirak edən İnstitut əməkdaşları məhsuldar fikir mübadiləsi aparmışlar.