Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



PROFESSOR ƏSƏDULLA CƏFƏROVUN “QARABAĞ: ULU VƏTƏNİMİZ” ADLI ƏSƏRİ NƏŞR OLUNUB

  03.04.2019

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu “Daş dövrü arxeologiyası” şöbəsinin rəhbəri t.e.d., professor Əsədulla Cəfərovun sayca 8-ci olan “Qarabağ: Ulu Vətənimiz” adlı kitabı bu günlərdə çapdan çıxmışdır. 512 səhifədən ibarət olan kitab müəllifin son 35 ildə dövrü mətbuata verdiyi müsahibələri, məqalələri, onun əsərlərinə yazılmış rəylər və Qarabağdan keçmiş ömrə həsr olunmuşdur.
Ə.Q.Cəfərovun “Qarabağ: Ulu Vətənimiz” adlı kitabı müəllifin uzun illər ərzində Qarabağda apardığı arxeoloji tədqiqat işlərinin nəticələrinə, elmi və pedaqoji fəaliyyətinin yekunlarına həsr olunmuşdur. Müəllif bu kitabında keçdiyi ömür yollarına nəzər salmış, ulu vətənimiz Qarabağda apardığı arxeoloji tədqiqatları qələmə almış, onun müqəddəs səhifələrini şərh etmiş, həyat yollarında ona dayaq olmuş valideynləri, müəllimləri, iş yoldaşları və müqəddəs insanlara aid öz fikirlərini şərh etmişdir. Bu kitab sanki Ə.Q.Cəfərovun keçdiyi canlı həyat yoluna həsr olunmuş bir salnamədir. Xüsusilə Qarabağa həsr olunmuş müsahibə və məqalələri qədim tariximizin nə qədər zəngin olmasını göstərir.
“Qarabağ: Ulu Vətənimiz” adlı əsər 4 bölmədən ibarətdir: I bölmədə müəllif orta məktəb illərindən, ilk dəfə olaraq Qarabağa qədəm basdığı günlər, orada dünya şöhrətli Azıx, Tağlar və digər abidələrdə aparılan arxeoloji tədqiqatlar, tapılmış maddi mədəniyyət qalıqları və Ə.Cəfərova ömür yollarında dayaq olan xeyirxah insanlardan söhbət açılır.
Əsərin II bölməsi Ə.Q.Cəfərovun dövri mətbuata verdiyi müsahibələrdən ibarətdir. Burada müəllifin Elmlər Akademiyasında çalışdığı 51 il ərzində dövrü mətbuata verdiyi müsahibələri maraq doğurur. Müəllif Azərbaycanın müqəddəs torpaqları olan Qarabağın dünya şöhrətli Azıx, Tağlar və Şuşa paleolit düşərgələrində aparılmış arxeoloji tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə geniş yer vermişdir. Müəllif müsahibələrində Qarabağın Azıx düşərgəsində aşkar olunmuş ayrı-ayrı Quruçay, qədim aşel, orta aşel, son aşel, mustye və üst paleolit arxeoloji mədəniyyətləri haqqında geniş məlumatlar verir. Kitabda Qarabağın, o cümlədən Azıx paleolit düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd edən erməni mafiyasına xidmətində olan qüvvələrin əsassız fikirlərini müəllif təkzib etmişdir.
Əsərin III bölməsi Ə.Q.Cəfərovun dövri mətbuatda çap olunmuş məqalələrindən ibarətdir. Bu bölmədə Qarabağın arxeoloji mədəniyyətləri Azıx, Tağlar, Şuşa, Naxçıvanın Qazma, Lerikin Buzeyir və Zuvandçay düşərgələrində tapılmış maddi mədəniyyət qalıqları müəllifin elmi-publisistik məqalələrində geniş şərh olunmuşdur. Bu bölmədə Ə.Q.Cəfərov “Heydər Əliyev və Azərbaycanda arxeologiya elminin inkişafı” adlı məqaləsində Ulu Öndərin arxeologiya elminə göstərdiyi qayğıdan və əldə olunmuş nailiyyətləri şərh edir. Müəllif eyni zamanda Azərbaycan paleolit məktəbinin banisi M.M.Hüseynovun Azərbaycan arxeologiyasının inkişafındakı xidmətlərini elmi faktlarla şərh edir.
Əsərin IV bölməsini Ə.Q.Cəfərov haqqında dövri mətbuatda yazılmış məqalələr və onun çap etdirdiyi kitablara yazılmış rəylər təşkil edir.
Burada ayrı-ayrı Azərbaycan, keçmiş sovet və Avropa alimləri Ə.Q.Cəfərovun apardığı tədqiqatlara və onun çap etdirdiyi kitablar haqqında öz fikirlərini bildirmiş və Azərbaycan arxeologiya elminin, xüsusilə paleolit məktəbinin inkişafında Ə.Q.Cəfərovun fəaliyyətini geniş şərh etmişlər. Burada xüsusilə Ə.Q.Cəfərovun Beynəlxalq İNTAS proqramı üzrə Avropa alimləri ilə birgə apardığı tədqiqat işləri və onun nəticəsində əldə edilmiş elmi nailiyyətlər ayrı-ayrı alimlər tərəfindən şərh olunmuşdur.
Əsərin elmi rəyçiləri tarix elmləri doktoru, professor Abbas Seyidov və tarix elmləri doktoru Qafar Cəbiyevdir.
Əsər tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.