Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



NAFTALAN VƏ GORANBOY ƏRAZİSİNDƏ ARXEOLOJİ TƏDQİQATLAR APARILIR

  04.04.2019

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparır.
Bu ilin mart ayında Naftalan şəhəri və Goranboy rayonu ərazisində başlanan arxeoloji tədqiqat işləri uğurla davam edir. Tədqiqatlar Qarasu dərəsi nekropolunda aparılır. Nekropol Goranboy rayonunun Səfikürd kəndi ərazisində Qarasu dərəsinin sağ sahilində yerləşir. Son tunc-erkən dəmir dövrünə aid nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı zəngin maddi mədəniyyət nümunələri aşkar edilib.
Böyük ölçülü qəbirlərdən birinin şimal-cənub istiqamətində uzunluğu 3 metr 30 sm. Eni 2 metrdir. Qəbirdən 1 ədəd böyük küp, 3 ədəd orta həcmli küpə və bardaq aşkar edilmişdir. Bardaq qara rəngli olub, çox zövqlə hazırlanmış üzəri ağ xüsusi maddə ilə inkrustasiya edilmişdir. Qəbirdən metal əşyalar və çox saylı bəzək nümunələri aşkar olunmuşdur. Tunc və dəmirdən hazırlanmış məişət əşyalarına bıçaqları və iynəni aid edə bilərik. Bəzək əşyalarına tunc və müxtəlif minerallardan hazırlanmış qolbağları, asma bəzəkləri, muncuqları və s. aid etmək olar. Qəbirin içərisinin kül qarışıq torpaq layından ibarət olmasına və insan skeletinə rast gəlinməməsinə əsasən burada kremasiya-ölüyandırma adətinin icra olunduğu ehtimal edilir. Qəbirdən götürülmüş yanmış sümük qalıqları üzərində aparılan araşdırmadan sonra qəti fikir söyləməyin mümkün olacağını güman edirik.
Ekspedisiya, həmçinin Goranboy rayonu ərazisində yeni kurqanlar qeydə alaraq rayon ərazisində mövcud olan abidələrin siyahısına daxil edib.