Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  09.04.2019

2019-cu il 05 aprel tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə dəyişiliklər barədə təkliflər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı. Elmi Şuranın gündəliyinin birinci məsələsi — hazır işlərin çap üçün müzakirəsi idi. Müzakirəyə çıxarılmış hazır işlər sırasında ilk olaraq tarix üzrə elmlər doktoru, professor Vidadi Muradovun müəllifi olduğu “Lənkəran-Astara bölgəsi: tarixi və xalçaçılığı” adlı monoqrafiyası idi. T.ü.e.d., professor C.M.Mustafayev və t.ü.f.d. T.S.Şahbazov əsərin elmi rəyçiləridirlər. Professor M.Rəhimova kitab barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırdı. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış ikinci hazır elmi iş — t.ü.f.d. Əlibaba Babayevin “Maştağa və onun ətraf ərazilərinin tarixi” adlı monoqrafiyası idi. Professor M.Rəhimova bildirmişdir ki, əsərə t.ü.e.d. Xeyirbəy Qasımov və t.ü.f.d. Taleh Əliyev müsbət rəy vermişlər. Əsərin elmi redaktoru t.ü.e.d., professor Arif Məmmədovdur. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə elmi iş çapa məsləhət görüldü.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — t.ü.e.d., professor Arif Məmmədovun elmi rəhbərlikdən imtinası barədə müraciətin müzakirəsi oldu. Müzakirəyə çıxarılmış məsələ ilə əlaqədar olaraq professor M.Rəhimova bildirmişdir ki, professor A.Məmmədov İnstitut rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Ərizəsində professor A.Məmmədov iş rejiminin gərginliyini nəzərə alaraq onu Quliyev Şəhriyar Nizami oğlunun “Müstəqillik illərində Azərbaycanın orta əsrlər arxeoloji abidələrinin tədqiqi” mövzusu üzrə tədqiqat işinin elmi rəhbərliyindən azad edilməsini xahiş edib. Həmçinin, ərizədə göstərilir ki, professor A.Məmmədovun rəhbərlik etdiyi şöbədə məsələnin müzakirəsi zamanı təklif olunmuşdur ki, dissertant Ş.Quliyevin mövzusu üzrə tədqiqatlara yeni elmi rəhbər İnstitutun aparıcı elmi işçisi, t.ü.e.d. Qafar Cəbiyev təyin edilsin. T.ü.e.d. Q.Cəbiyev dissertant Ş.Quliyevin tədqiqatının elmi rəhbərliyinə təyin olunmasına müsbət münasibət bildirdi. Elmi Şura iclasının tərkibi yekdil rəylə dissertant Ş.Quliyevin “Müstəqillik illərində Azərbaycanın orta əsrlər arxeoloji abidələrinin tədqiqi” mövzusu üzrə tədqiqat işinin elmi rəhbərliyindən professor A.Məmmədovun azad edilməsi və yeni elmi rəhbər t.ü.e.d. Qafar Cəbiyevin təyini barədə qərar verdi.
Elmi Şuranın gündəliyinin üçüncü məsələsi — “dosent” elmi adı almaq üçün İnstitutun elmi əməkdaşı t.ü.f.d. Sevda Səmədovanın, t.ü.f.d. İdris Əliyevin və t.ü.f.d. Pirağa İsmayəlzadənin təqdim olunan sənədlərinin müzakirəsi idi. İddiaçıların təqdim edilmiş sənədləri ilə tanışlıqdan sonra Elmi Şura iclasının üzvləri iddiaçının namizədliyinin səsverməyə çıxarılması barədə qərar verdilər.
Təklif əsasında t.ü.e.d. Əsədulla Cəfərov sədr olmaqla, t.ü.f.d. Abuzər Səfərov və t.ü.f.d. Səfər Aşurovdan ibarət Say komissiyası yaradıldı. Səsvermə keçirildi. Say komissiyasının sədri t.ü.e.d. Ə.Cəfərov Elmi Şuranın iclas iştirakçılarına keçirilmiş 05 aprel 2019-cu il tarixli 5 saylı protokoluna əsasən məsələ üzrə gizli səsvermənin nəticələrini açıqladı. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 27 üzvündən 20-sinin iştirakı ilə keçirilmiş 05 aprel 2019-cu il tarixli iclasındakı səsverməyə əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş elmi əməkdaşların namizədliyi üzrə səslər aşağıdakı kimi olmuşdur:

t.ü.f.d. S.Səmədova: leyhinə - 20, əleyhinə - 0, bitərəf - 0.
t.ü.f.d. İ.Əliyev: leyhinə - 20, əleyhinə - 0, bitərəf - 0.
t.ü.f.d. P.İsmayılzadə: leyhinə - 20, əleyhinə - 0, bitərəf - 0.
Beləliklə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş elmi əməkdaşlar t.ü.f.d. S.Səmədova, t.ü.f.d. İ.Əliyev və t.ü.f.d. P.İsmayılzadənin namizədliyi yekdilliklə müsbət səs almışdır.
Say komissiyasının protokol üzrə nəticələri açıqlandıqdan sonra Elmi Şura cari məsələləri müzakirə etdi.
Cari məsələlər sırasında “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənovun Şəki ekspedisiyasına rəhbər təyin edilməsi oldu. Professor M.Rəhimova çıxışında bildirdi ki, t.ü.f.d. Z.Həsənov Şəki arxeoloji ekspedisiyası üzrə müvafiq proqram və fəaliyyət planını İnstitut rəhbərliyinə təqdim etmişdir. Elmi Şura iştirakçıları t.ü.f.d. Z.Həsənovun Şəki arxeoloji ekspedisiyasının rəhbəri təyin edilməsi barədə təklifi yekdilliklə qəbul etdilər.
Daha sonra digər cari məsələlərin müzakirəsi keçirildi.