Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANDA YAŞAMIŞ ALMANLARIN MƏİŞƏTİ VƏ MƏDƏNİYYƏTİ HAQQINDA YENİ KİTAB ÇAPDAN ÇIXIB

  09.04.2019

Something0

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emil Kərimovun “Azərbaycan almanlarının etnoqrafik xüsusiyyətləri” adlı monoqrafiyası çapdan çıxıb. Əsər Azərbaycanda yaşamış almanların etnoqrafik xüsusiyyətlərinə həsr edilib. Kitabda ilk dəfə olaraq almanların Azərbaycanda məskunlaşması, onların maddi-mənəvi mədəniyyəti və məişəti ilə bağlı məsələlər təhlil olunub.
Nəşrdə XIX əsrin 20-30-cu illərində bəzi Avropa missionerlərinin Qarabağ azərbaycanlıları arasında (xüsusilə Şuşada) xristianlığı yaymaq cəhdləri və bunun nəticə etibarilə iflasa uğraması məsələlərinə də geniş yer verilib. Qeyd olunub ki, Gürcüstanda yaşamış almanların təsərrüfat məişətində maldarlıq əsas sahə hesab olunurdu. Bundan fərqli olaraq, Azərbaycan almanları əsas etibarilə üzümçülük və şərabçılıqla məşğul olublar.
Əsərdə almanların ənənəvi maddi mədəniyyətinə aid maraqlı faktlar yer alıb. Yaşayış evlərinin tikintisində alman memarlığında tətbiq olunan faxverk sistemindən geniş istifadə edilirdi. Onların Azərbaycandakı yaşayış evləri Almaniyadakı bürqerlərin evlərini xatırladır. Belə yaşayış evləri etnoqrafiya elmində “alleman ev tipi” adlanır.
Zəngin illüstrasiyalı kitaba almanlara aid elmi ictimaiyyətə və geniş oxucu kütləsinə az məlum olan nadir materiallar əlavə edilib.
Tədqiqat əsəri etnoqraflar, arxeoloqlar, tarixçilər və ümumilikdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.