Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



PROFESSOR ƏSƏDULLA CƏFƏROVUN “QARABAĞ: ULU VƏTƏNİMİZ” ADLI KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ

  15.04.2019

12 aprel 2019-cu il tarixində N.Gəncəvi ad. Ədəbiyyat İnstitutunun Elektron Akt zalında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun “Qarabağ: Ulu Vətənimiz” adlı kitabının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimini açan AMEA vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, tanınmış arxeoloq, professor Əsədulla Cəfərovun təqdimatını keçirdiyimiz əsərində şəxsən onun və onun rəhbərlik etdiyi şöbə tərəfindən uzun illər Azərbaycanın Daş dövrü arxeologiyası üzrə aparılmış tədqiqatların nəticələri, alimin elmi yaradıcılığının tarixi səhifələri əks olunmuşdur. Akademik İ.Həbibbəyli bildirdi ki, professor Əsədulla Cəfərovu həm ölkəmizdə, həm də ölkəmizdən kənarda elmi çevrələrdə Azərbaycanın paleolit dövrü abidələrində tədqiqatlar aparmış, kəşflər etmiş bir alim kimi tanıyırlar. “Əsədulla müəllimin bir alim kimi yetişməsində üç əsas elmi mərkəzin rolu olmuşdur. Birincisi, Məmmədəli Hüseynovun əsasını qoyduğu Azərbaycan paleolit arxeologiyası məktəbidir ki, onun yetirməsi olaraq hal-hazırda Əsədulla Cəfərov bu məktəbi təmsil edən onun görkəmli nümayəndələrindən biridir. İkincisi, Peterburq arxeologiya məktəbidir ki, gənclik yaşlarında, 1975-1979-cu illərdə alimimiz orada ixtisasını artırıb, həmin məktəbin nümayəndələri ilə birgə keçmiş SSRİ-nin Qafqazdakı müxtəlif paleolit düşərgələrinin tədqiqində iştirak edib. Əsədulla müəllim SSR paleolit məktəbinin banisi V.P.Lübinin rəhbərliyi altında Leninqrad bölməsində elmi tədqiqat işləri aparmış və Lübinin rəhbərlik etdiyi Qafqaz paleolit ekspedisiyasının tərkibində paleolit düşərgələrində aparılan qazıntılarda iştirak etmişdir. 1977-1979-cu illərdə təşkil olunmuş Sovet Fransa arxeoloji ekspedisiyanın tərkibində iştirak edərək Cənubi və Şimali Qafqaz paleolit abidələrindən tapılmış maddi mədəniyyət materialları ilə tanış olmuş, aparılan elmi diskusiyalarda fəal iştirak etmişdir. Üçüncü məktəb, fransız arxeoloji məktəbidir. Əsədulla müəllim Fransa paleolit arxeoloji məktəbinin təşkil etdiyi müxtəlif elmi-tədqiqat layihələri çərçivəsində Fransa və Şimal-Qərbi Afrikada beynəlxalq arxeoloji ekspedisiyalarda iştirak etmiş, həmçinin, Azərbaycan elmini Fransada və beynəlxalq səviyyədə təmsil etmişdir. Digər tərəfdən, o, qabaqcıl Qərb arxeoloji tədqiqat təcrübəsini mənimsəyərək, yetişən gənc milli kadrlarımızla həmin biliklərlə bölüşmüşdür.
2001-ci ilin iyulunda Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Azərbaycan alimlərinin birgə hazırladıqları beynəlxalq İNTAS proqramının Fransanın Totavel şəhərində keçirilən elmi konfransda təsdiq olunmuşdur. Həmin elmi konfransda Əsədulla Cəfərov Azərbaycan üzrə əlaqələndirici seçilmişdir. Konfransın qərarına əsasən Fransanın Totavel şəhərində Əsədulla müəllimə professor elmi adı verilmiş və beynəlxalq qrant almışdır. Həmin proqrama uyğun olaraq Ə.Cəfərov 2001-2003-cü illərdə Fransanın Paris, Nis, Kənson, Perpinyan və Totavel şəhərlərində elmi tədqiqat işləri aparmışdır. Qarabağın paleolit dövrünə aid Azıx, Tağlar və Naxçıvanın Qazma düşərgəsində tapılmış maddi mədəniyyət qalıqları haqqında elmi məruzələrlə çıxış etmişdir. Əsədulla müəllim yeganə Azərbaycan arxeoloqudur ki, dünya şöhrətli Fransanın Kondel-Araqo düşərgəsində aparılan arxeoloji qazıntılarda iştirak etmişdir. Ə.Cəfərov Avropa alimləri ilə birgə apardığı tədqiqat işləri nəticəsində Azıx paleolit düşərgəsində ibtidai insanların məskunlaşmasının 2,5 milyon ilə bərabər olması arxeoloji, paleontoloji və digər mənbələr əsasında sübuta yetirilmişdir. Eyni zamanda dünya şöhrətli paleolitşünas alim Anri dö Lümley, Maria Antuanetta dö Lümley və digərləri Əsədulla Cəfərovun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirirlər.” -deyə akademik İ.Həbibbəyli bildirdi.
4 bölmədən ibarət əsərdə Ə.Cəfərovun Azıx mağarasının paleolit arxeoloji mədəniyyətləri haqqında geniş məlumatlar verdiyini deyən İ.Həbibbəyli kitabda Qarabağın, o cümlədən Azıx paleolit düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd edən ermənilərin əsassız fikirlərinin faktlarla təkzib olunduğunu vurğulayıb. Qeyd edib ki, Qarabağın arxeoloji mədəniyyətləri Azıx, Tağlar, Şuşa, o cümlədən Naxçıvanın Qazma, Lerikin Buzeyir və Zuvandçay düşərgələrində tapılan maddi-mədəniyyət qalıqları müəllifin elmi-publisistik məqalələrində oxucuya təqdim olunur. “Əsədulla Cəfərovun tədqiqatları və beynəlxalq elmi əlaqələri Azərbaycan elminin nüfuzu üçün mühümdür. Bildiyiniz kimi qədim insanın ilkin məskunlaşma mövzusu dünya elmində daim diqqət mərkəzində olan problemdir. Çünki ilkin məskunlaşma bəşəriyyətin başlanğıcı deməkdir. Əsədulla müəllim də Azərbaycan ərazisində paleolit və mezolit dövrü abidələrini tədqiq edərək Vətənimizin də ilkin məskunlaşma ocaqlarından biri olmasını sübuta yetirmişdir. Həmçinin, Əsədulla müəllimin rəhbəri olduğu şöbənin otağında Məmmədəli Hüseynovun portretinin divardan asıldığını görmək olar. Öz müəlliminin xatirəsini daim yad etməsi və ona hörmətin nümayişi əsil Azərbaycan ziyalısına məxsus əxlaqın təzahürüdür. Onun bütün həyatı elmlə və Akademiyamızla bağlıdır. Mən Əsədulla müəllimi növbəti əsəri ilə təbrik edir, ona uğurlar və Azərbaycan elmi naminə daş dövrü arxeologiyasının yeni zirvələrin fəthini arzulayıram”- deyə akademik İ.Həbibbəyli sonda vurğuladı.
Daha sonra söz AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmlər doktoru, professor Maisə Rəhimovaya verildi. Tədbir iştirakçılarını salamlayan professor Maisə Rəhimova qeyd etdi ki, bu günkü tədbir AMEA-nın İctimai elmlər bölmsinin 18 fevral 2019-cu ildə keçirilmiş iclasının qərarları çərçivəsində gerçəkləşmişdir. Daha sonra professor M.Rəhimova professor Əsədula Cəfərovun elmi yaradıcılıq yolundan söz açmışdır.
Professor Əsədulla Cəfərov söz alaraq tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirdi. “Həyat yoluma və elmi yaradıcılığıma nəzər salaraq mən bu kitabımda xüsusi olaraq həyatım boyu mənə elm, savad və dəstək vermis insanlar, apardığım araşdırmalar, 1968-ci ildə ilk dəfə müqəddəs Qarabağ torpağında ilk arxeoloji tədqiqatlarım bu sonuncu əsərimdə öz əksini tapmışdır. Xatırladım ki, bundan əvvəlki 7-ci əsərimi 2016-cı il Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr etmişdim” - deyə professor Ə.Cəfərov qeyd etdi. Öz çıxışında professor bildirdi ki, Azərbaycan həmişə dünyada elm və mədəniyyət mərkəzlərindən biri hesab edilib və müstəqillik qazandıqdan sonra da bizim dünyada yüksəlişimizin ana xətti elm və mədəniyyətimizin inkişafına bağlıdır.
Daha sonra, AMEA-nın müxbir üzvləri Şahbaz Muradov, Vəli Əliyev və Əminağa Sadıqov, akademik Ramiz Məmmədov, professorlar Fərahim Sadıqov və Şahin Fazil, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin dekanı Şahin Pənahov, tarix elmlər doktoru, professor Əli Rəcəbli, professor Abbas Seyidov, AMEA Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Sabir Tağıyev (Əlihüseyinli) çıxışlarında professor Əsədulla Cəfərovun Azərbaycan elmi fəaliyyətindən, Azərbaycan arxeologiya elminin inkişafındakı xidmətlərindən danışdılar.