Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOQ, TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU CEYHUN EMİNLİYƏ “MİLLİ İRS” MÜKAFATI TƏQDİM EDİLDİ

  22.04.2019

Aprelin 18-də Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, “PAŞA Həyat Sığorta” və “İRS Publishing House”un birgə təşkilatçılığı ilə “Boulevard Hotel Baku”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə “İrs” silsiləsindən olan “Daş keşikçilər” kitabının və nazirliyin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimat mərasimi olub.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin mühüm təzahürüdür. Qeyd edib ki, abidələr və tarixi yerlərimiz öz görkəmləri ilə xalqımızın zəngin tarixini bir daha əyani nümayiş etdirir. Bizə hər an kimliyimizi, nəyə qadir olduğumuzu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.
Zakir Sultanov vurğulayıb ki, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.
Xidmət rəisi çıxışının sonunda mədəni irsimizin təbliğində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik edib, uğurlar arzulayıb. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bu əlamətdar günün əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.
Vaqif Əliyev söyləyib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur, “açıq qapı” günü təşkil edilir.
Vurğulayıb ki, bu il UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək. Azərbaycanın bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun Ümumdünya İrs və Qeyri-maddi irs üzrə reprezentativ siyahılarına daxil edilib. 2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.
Tədbirdə daha sonra Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı”nın növbəti təqdimatı olub. Müxtəlif nominasiyalar üzrə tanınmış elm xadimləri mükafatıandırılmışlar.
“Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə” nominasiyası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli “Milli irs mükafatı”na layiq görülüb. Azərbaycan-Koreya (Qəbələ) və Azərbaycan-ABŞ (Lerik) Beynəlxalq arxeoloji ekspedisiyalarına rəhbərlik edir. Qəbələdə aşkar edilmiş yaşayış yerinin konservasiyası, Qəbələ Arxeoloji Mərkəzində muzey-sərgi zalının tərtibatı, maddi-mədəni irsin təbliğatı layihələrinin icraçısı olaraq, Bolqarıstan və İspaniyanın aparıcı universitetlərində Qafqaz Albaniyasının maddi-mədəni irsi haqqında məruzələrlə çıxış edib.