Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



2018-Cİ İLDƏ AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMİŞ ELMİ TƏDQİQAT VƏ ELMİ TƏŞKİLATİ İŞLƏRİN QISA HESABATI

  02.05.2019

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaq keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyətini və elmi nailiyyətlərini əks etdirən ekspozisiya masasının materialları, o cümlədən, xüsusi hazırlanmış videoslaydla tanış olublar.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 2018-ci ildə elmi tədqiqat və elmi təşkilati işlərin planına uyğun olaraq geniş elmi tədqiqat işlərini davam etdirmişdir.
2018-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak ediblər. Muzeydə Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gəgəli yaylağı adlanan ərazidə 3 hektar sahədə İnstitumuzun əməkdaşları tərəfindən son antik və erkən orta əsrlərə aid nekropolda qazıntılar zamanı aşkar edilmiş zəngin maddi mədəniyyət nümunələri nümayiş etdirilir.
Hesabat ilində İnstitutun fəaliyyəti səmərəli və intensiv olmuşdur. Respublikanın bütün bölgələrində arxeoloji tədqiqat işləri aparılmışdır. Çöl-tədqiqat işlərinin uzun illər aparılmadığı bir sıra ərazilərdəki abidələr də 2018-ci ildə tədqiqatlara cəlb edilmişdir. Həmin ərazilərdə arxeoloji tədqiqat işləri yenidən canlanmış, əvvəllər elmə məlum olmayan bir sıra abidələr aşkar edilmiş, dəyərli etnoqrafik məlumatlar toplanmışdır. Bunlardan Ağstafa, Yardımlı, Şabran, Qəbələ və Şamaxı rayonlarında yeni aşkar edilən və tədqiqatlar aparılan abidələri qeyd etmək olar.
2018-ci ildə respublikamızın Qazax, Qəbələ, Xaçmaz, Şabran, Qax, Şəki, Ağcabədi, Ağdam, Goranboy, Tovuz, Şəmkir, Yardımlı, Babək, Ordubad, Göy-göl, Quba, İmişli, Balakən, Lerik, Tərtər və s. rayonlarında arxeoloji qazıntı işləri aparılmışdır. Bu qazıntı işləri bütün arxeoloji dövrlərə aid abidələri – Daş dövrünün ibtidai insan məskənlərini, Neolit və Xalkolit/Eneolit dövrlərinin yaşayış məskənlərini və qəbir abidələrini, Tunc dövrünün yaşayış yerlərini və kurqanlarını, Antik və Orta əsrlər dövrlərinin şəhərlərini və müxtəlif tip qəbirlər abidələrini əhatə etmişdir. Ağstafa, Qazax, İsmayıllı, Oğuz, Qax, Balakən və Quba rayonlarına, etnoqrafik ekspedisiyalar göndərilmişdir, xalqın adət-ənənələrinə, sosial antropologiyaya dair zəngin materiallar toplanmışdır.
2018-ci ildə İnstitut beynəlxalq elmi fəaliyyətini davam etdirmiş, bu problemlə əlaqədar yeni istiqamətlər müəyyənləşdirilmişdir. Birgə arxeoloji qazıntıların aparılması, qazıntılardan əldə edilmiş maddi mədəniyyət nümunələrinin kameral işlənməsində və laboratoriya analizlərində xarici ölkələrin qabaqcıl texnologiyalarının tətbiq edilməsi və birgə nəşr işləri prioritet istiqamətlərdən biri olmuşdur. İtaliya, Fransa, Almaniya, Yaponiya, Koreya, Bolqarıstan arxeoloqları və etnoqrafları ilə sıx əməkdaşlıq edilmiş, görüşlər keçirilmiş, birgə nəşr işləri, gələcək əməkdaşlıq barəsində müzakirələr aparılmışdır. İnstitutun əməkdaşları bir sıra xarici ölkələrə səfərlər etmiş, oradakı elmi qurumlarla elmi əməkdaşlıq istiqamətində səmərəli fəaliyyət göstərmişlər.
Hesabat ilində Arxeologiya və Etnoqrafiya İnstitutu öz fəaliyyətini “Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar” istiqamətində davam etdirmişdir. Bu istiqamət üzrə 6 problem, 24 mövzu, 24 mərhələ üzərində elmi tədqiqat işləri aparılmışdır.
2018-ci ildə İnstitut əməkdaşlarının onlarla elmi məqalələri, tezisləri və monoqrafiyaları nəşr olunmuşdur. Bundan əlavə, konfrans materiallarından ibarət məcmuə çap olunmuşdur. Bütün bu elmi əsərlər ən qədim dövrlərdən müasir günümüzədək Azərbaycanın maddi və mənəvi mədəniyyətinin müxtəlif problemlərini əhatə edir. İnstitut üzrə 5 kitab, 10 monoqrafiya, 131 məqalə, 52 tezis respublikamızda, 52 məqalə, 4 tezis xaricdə çap olunmuşdur. İmpakt Faktorlu jurnallarda 9 məqalə nəşr olunmuşdur.