Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 96-CI İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLDİ

  10.05.2019

10 may 2019-cu il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə İnstitutun rəhbərliyi və əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirdi ki, bu gün Azərbaycan xalqı üçün əlamətdar bir gündür, çünki bu gün Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin 96-cı ildönümüdür. “Onun dünyamiqyaslı siyasi dühasını, ölçüyəgəlməz böyük dövlətçilik təcrübəsini dünyanın tanınmış siyasətçiləri də etiraf edirdilər. Azərbaycan xalqını və dövlətini, sözün əsil mənasında fəlakətdən xilas etmiş bu tarixi şəxsiyyət, həm də Azərbaycan elminin inkişafına böyük önəm verirdi. Heç təsadüfi deyil ki, məhz onun təşəbbüsü və dəstəyi ilə 1974-cü ildə Azərbaycan EA-nın Tarix İnstitutu nəzdində Arxeologiya sektoru yaradıldı. 1993-cü ildə ağır faciələrlə üzləşmiş xalqımızın tələbi və dəstəyi ilə hakimiyyətə qayıtmış Heydər Əliyevin ilk tədbirlərindən biri də həmin sektorun əsasında Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılması oldu. Qeyd edim ki, elə sovet dönəmində Azərbaycanda sistemli və əsaslı şəkildə arxeoloji ekspedisiyaların təşkili məhz Heydər Əliyevin respublika rəhbərliyi dövrünə təsadüf edir” –deyə professor M.Rəhimova bildirdi. Professor M.Rəhimova çıxışını davam edərək qeyd etdi ki, müstəqil Azərbaycanın rəhbəri olduqdan sonra da Ulu Öndərin böyük səyi nəticəsində gerçəkləşmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi zamanı Azərbaycan tarixinin ən qədim dövrlərindən orta əsrlərə qədər çoxlu sayda arxeoloji abidə, 30 mindən yuxarı maddi mədəniyyət nümunəsi aşkar edilmiş, aparılmış arxeoloji və etnoqrafik tədqiqatların nəticəsində artıq XXI əsrdə dünyanın qabaqcıl arxeoloji və etnoloji tədqiqat mərkəzləri ilə qarşılıqlı səmərəli beynəlxalq əlaqələr və əməkdaşlıq qurulmuşdur. “Dövlətimizin qüdrətinin gündən-günə artması, xalqımızın rifahının yüksəlişi, həmçinin, arxeologiya və etnoqrafiya da daxil olmaqla Azərbaycan elminə qayğı kimi Ulu Öndər tərəfindən təməli qoyulmuş siyasi fəaliyyət strategiyası dahi şəxsiyyətin varisi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməkdədir” – deyə professor M. Rəhimova xüsusi olaraq vurğuladı.
Tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov, tarix üzrə elmlər doktoru Hidayət Cəfərov, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və Dürdanə Yusifova çıxışlarında Ümummilli liderin sovetlər dönəmində, milli-azadlıq hərəkatı və müstəqillik dövründə Azərbaycan xalqının və dövlətinin mənafeləri uğrunda mübarizəsindən, xalqımızın üzləşdiyi işğal və soyqırım barədə həqiqətlərin dünyada tanıdılması işində, gənc nəsillərə örnək olacaq, sərgilədiyi fədakarlıq nümunəsindən, milli elmimizin inkişafında müstəsna rolundan və alimlərə göstərdiyi qayğısından söz açdılar.
Tədbirin sonunda professor M.Rəhimovanın təklifi ilə tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.