Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“NAXÇIVANIN QƏDİM ƏKİNÇİLİK MƏDƏNİYYƏTİ (E.Ə. VI-I MİNİLLİKLƏR)” ADLI ELMİ-TƏDQİQAT ƏSƏRİ NƏŞR OLUNUB

  13.05.2019

Something0

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tunc və ilk dəmir dövrü arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun “Naxçıvanın qədim əkinçilik mədəniyyəti (e.ə. VI-I minilliklər)” adlı elmi-tədqiqat əsəri nəşr edilmişdir. Nəşr edilmiş əsər arxeoloji tədqiqatlar əsasında Naxçıvanın qədim əkinçilik mədəniyyəti mövzusunda ilk ümumiləşdirici tədqiqat işidir. İlk dəfə olaraq Naxçıvanın qədim əkinçi tayfalarının istifadə etdikləri əmək alətləri daşıdıqları vəzifələrinə, növlərinə, quruluşuna görə tipoloji qruplara və yarımqruplara bölünmüş, onların xronoloji ardıcıllıqla təkmilləşməsi prosesi izlənilmişdir. Naxçıvanın eneolit və tunc dövrü əkinçi tayfalarının yaşayış məskənləri haqqında məlumatların, onların istifadə etdikləri əmək alətlərinin, ehtiyat taxıl məhsulunu saxlamaq üçün təsərrüfat quyularının, küplərin yenidən tədqiqi əsasında diyarın qədim əhalisinin iqtisadi, ictimai və mədəni inkişaf səviyyəsi haqqında yeni elmi mülahizələr söylənmişdir.
Monoqrafiya dörd fəsildən ibarətdir. İlk fəsil Naxçıvan ərazisində qədim əkinçilik mədəniyyəti abidələrinin öyrənilməsi tarixinə və bölgənin təbii-coğrafi şəraitinə həsr edilmişdir. Əsərin ikinci fəsli son neolit-son xalkolit dövründən ilk dəmir dövrünədək Naxçıvanın qədim əkinçi tayfalarının yaşayış yerləri barədədir. Üçüncü fəsildə göstərilən tarixi dövrdə bölgənin əkinçi mədəniyyətinin xüsusiyyətləri mövzusu işıqlandırılmışdır. Elmi-tədqiqat işinin dördüncü fəslində Naxçıvanın qədim əkinçi tayfalarının iqtisadi-mədəni əlaqələri son tədqiqatlar kontekstində təhlil edilmişdir.
Əsərə abidələrin, onlardan əldə edilən əkinçilik əmək alətlərinin xronoloji ardıcıllıqlarının tiplərini, növlərini göstərən cədvəllər və tədqiq olunmuş arxeoloji materialların təsvirindən ibarət tablolar əlavə olunmuşdur. Əsərin elmi redaktoru tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Vəli Əliyev, elmi rəyçiləri tarix üzrə elmlər doktoru, professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovdur.
Əsər arxeologiya, tarix üzrə mütəxəssislər, həmçinin, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.