Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İMİŞLİ, ŞAMAXI VƏ AĞSU RAYONLARINDA AŞKAR EDİLMİŞ ABİDƏLƏRDƏ TƏDQİQATLAR BARƏDƏ ELMİ MƏRUZƏLƏR DİNLƏNİLDİ

  16.05.2019

15 may tarixində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclasında son illərdə İmişli, Şamaxı və Ağsu rayonları ərazisində yeni arxeoloji abidələrdə aparılmış elmi tədqiqatların nəticələrinə həsr edilən elektron-vizual təqdimatlarla müşayət olunan elmi məruzələr üzrə dinləmələr keçirildi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev “2017-2018-2019-cu illərdə İmişli rayonunun Zilitəpə-Qızıltəpə abidəsində aparılmış arxeoloji qazıntılar” mövzusunda çıxış etdi. Vizual-elektron görüntülərlə müşayət olunan məruzəsində M.Mustafayev bildirdi ki, 2017-ci ildə İmişli rayonun Qızılkənd kəndi ərazisində e.ə. I minilliyin sonlarına aid 9 ədəd Makedoniyalı İskəndərin gümüş draxmalarının tapılması ilə əlaqədar t.ü.f.d. Akif Quliyevlə birgə əraziyə ezam olunmuşdu. İlkin kəşfiyyat xarakterli tədqiqatlar ərzində ərazidə antik dövrə aid nekropol, tunc dövrünə aidiyyatı ehtimal edilən kurqanlar, həmçinin, su hövzəsilə əhatə olunmuş Qızıltəpə abidəsi aşkar edilərək qeydiyyata alınmışdı. 2018-ci ildə və 2019-cu ilin mart-aprel aylarında M.Mustafayevin rəhbərlik etdiyi İmişli arxeoloji ekspedisiyası tərəfindən Qızıltəpə abidəsində arxeoloji qazıntılar aparıldı.
Məruzədə qazıntıların metodu da tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Qazıntılar nəticəsində su hövzəsi ilə əhatə olunmuş, 5 hektardan çox ərazini əhatə edən, hündürlüyü 17 metrə yaxın və iki hissədən ibarət Qızıltəpə abidəsinin ilkin tədqiqatları nəticəsində sahənin cənub istiqamətində çiy kərpicdən tikilmiş eni 55 sm olan divar qatı, daha sonra qərb istiqamətində də paralel olaraq digər çiy kərpicdən hörülmüş divar, yaxşı vəziyyətdə olan təndirlər, üzərində rəngli naxışlar olan, şirli və şirsiz, həmçinin, əl işləri ilə döymələr vurulan bir çox məişət əşyaları, şüşə qab fraqmentləri, sümük alətləri, mis sikkələr aşkar olunub. İlkin nəticəyə görə, abidənin üst qatları ilk orta əsrlərdən Çingizxan yürüşlərinədək dövrü əhatə edir. Amma bununla yanaşı abidədə qoyulmuş kəşfiyyat şurfunun materialları arasında e.ə. I minilliyə aid maddi mədəniyyət nümunələri də aşkar olunub. “Su hövzəsi ilə əhatə olunan və istehkam xarakteri daşıması ehtimal edilən abidədə tədqiqatların aparılması bölgənin qədim tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir” - deyə M.Mustafayev xüsusi olaraq vurğulmışdır. Elektron-vizual görüntülər kontekstində abidənin dron vasitəsilə video-çəkilişləri də tədbir iştirakçılarına nümayiş etdirildi.
Daha sonra institutun “Numizmatika və Epiqrafika” şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev “Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının 2017-2019-cu illərdə apardığı tədqiqatların yekunu” mövzunda elmi məruzə ilə çıxış etdi. A.Quliyev bildirdi ki, 2016-cı ildə Dəmirçi-Lahıc yolu çəkilərkən aşkara çıxarılmış, sahəsi 1,5 ha. olan Gəgəli nekropolunda, onun başçılıq etdiyi ekpedisiya tərəfindən 10 daş qutu qəbir aşkar edildi. 2017-2019-cu illərdə ekspedisiya Dəmirçi yaşayış yerində tədqiqatlar apararaq, son antik və İlk orta əsrlər dövrünə aid qala divarlarının qalıqlarının aşkara çıxarmışdır.
Aparılmış tədqiqatlar zamanı Qafqaz Albaniyasının Son Antik və İlk Orta əsrlər dövrünə (I-IV əsrlər) aid maddı mədəniyyət nümunələri aşkar edilmişdir. Qəbir kameralarından bəzək əşyaları, saxsı qablar, dəmir silahlar, numizmatik materiallar tapılmışdır. Həmçinin, nekropolun yaxınlığında qala divarları və yaşayış məskəninin qalıqları tapılmış, qala divarlarının bünövrəsindən e.ə. IV-III əsrlərə aid təknə qəbir fraqmentləri, qalanın daxilində V-XIII əsrlərə aid maddi mədəniyyət nümunələri aşkar edilmişdir.
2 oktyabr 2017-ci i tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və vitse-prezident xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərləri zamanı Dəmirçi kəndində Gəgəli nekropolunda aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılmış maddı mədəniyyət nümunələri və Dəmirçi arxeoloji muzeyinin layihəsi ilə tanış olmuşlar.
26 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və vitse-prezident xanım Mehriban Əliyeva Şamaxı rayonuna növbəti səfərləri zamanı Dəmirçi kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Arxeoloji muzey ilə yaxından tanış olmuşdular.
A.Quliyev tədbir iştirakçılarını 2018-2019-cu illərdə ərazidə aparılmış arxeoloji tədqiqatların metodları və aşkar edilmiş materialların görüntülərini nümayiş etdirmişdir. Həmçinin, 2019-cu ilin mart ayında A.Quliyevin rəhbərlik etdiyi ekspedisiya Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında ilk orta əsrlərə aid qala divarlarına malik yaşayış yerində müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanmış ox ucları, nizə başlıqları, qılınc fraqmentləri, tunc şeşpər, möhür-üzüklər, əqiq və pastadan hazırlanmış muncuqlar və s. aşkar edib. Aşkar edilmiş təsərrüfat küplərinin ikisinin üzərində ilk orta əsr türk tayfalarına məxsus damğalar müəyyən edilmişdir. Elmi təqdimatlar bitdikdən sonra məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırmışlar. Daha sonra tədqiqatlarla bağlı fikir mübadiləsi aparıldı.
Tədbirdə İnstitutun Elmi Şura üzvləri, şöbə müdirləri və elmi işçiləri iştirak edirdilər.